Məhkəmə qərarları › İş №e-2-1(112)-10516/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10516/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10516/2025 20.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsində mövcud olan 38218.43 manat vergi məbləğinin və 13949.72 manat faizlərin ümumilikdə 52168.15 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2-173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq 2022-ci ilin iyun ayının ƏDV-si üzrə 38218.43 manat vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə 2022-ci ilin iyun ayının ƏDV-si üzrə dəqiqləşmiş bəyannamə təqdim olunaraq büdcəyə ödənilməli vergi məbləği 93.84 manat göstərilmişdir. Tərəflərindən xx.xx.2025-ci il tarixli məktubla müraciət olunaraq təqdim olunmuş bəyannaməni və ya kameral hesablamanın təsdiq edilməsi xahiş edilmişdir. Lakin, qeyd olunan müddət ərzində bəyannaməyə münasibət biildirilməyərək qərar qəbul olunmamışdır. Cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərindən təqdim olunmuş dəqiqləşmiş bəyannaməyə müasibət bildirməmişdir. Halbuki, cavabdeh dəqiqləşmiş bəyannamədən sonra Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini gözləməklə xx.xx.2024-cü il tarixdə, 3-21-2-3/2-173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını ləğv etməklə yenidən vergilər hesablamalı və yaxud dəqiqləşmiş bəyannaməni təsdiq etməli idi. Tərəflərindən 2022-ci ilin iyun ayının ƏDV-si üzrə təqdim olunmuş dəqiqləşmiş bəyannamə xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2- 173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədən salmışdır. Tərəflərindən təqdim olunmuş dəqiqləşmiş bayannamə xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2-173075/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədən salınmasına baxmayaraq cavabdeh maddi və prosessual hüquq normalarını pozaraq xx.xx.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində əks olunmuş hesablamanı azaltmayaraq Vergi Məcəlləsinin və ona uyğun qəbul edilmiş qaydaların tələblərinə zidd davranmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmlərinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfinədn vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bundan əlavə, hüquqi aktların dövlət reyestrində qeydə alınmış və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli **********008600 nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 1.3.4-cü bəndinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların 3 nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar göndərilir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavbdehin xx.xx.2025-ci il tarixli, 3-21- 2-3/2-902607/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisi İddiaçı bank məlumatlarına əssən "xxxx" QSC-dən (VÖEN: **********) fərdi sahibkarın bank hesabına fevral-iyun ayları ərzində 250543.06 manat vəsait daxil omlasına baxmayaraq bəyannamənin təqdim olunmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********91900 nömrəli “Elektron kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub gödnərilmiş və vergi ödəyicisi tərəfindən zəruri olan təsdiqedici sənədlər (məlumatlar) və ya bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2023-cü il tarixli **********256800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi orqanı tərəfindən analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci ilin iyun ayı üzrə dəqiqləşmiş bəyannamə boş olaraq təqdim edilmiş və vergi orqan tərəfindən müvafiq bəyannamə üzrə azaldılmış vergi məbləği bərpa edilərək xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki: - Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21-2-3/2-173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq iddiaçıya 2022-ci ilin iyun ayının ƏDV-si üzrə 38218.43 manat vergi məbləği hesablanmışdır. - Cavabdeh tərəfindən məhkəmə icraatının gedişatında əlavə kameral yoxlaması ilə xx.xx.2025-ci il tarixdə 3-21-2-3/2-902607/2025 nömrəli “Vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul olunaraq bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən noyabr 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 38218.43 manat məbləğində vergi borcu hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 23025.94 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı bank məlumatlarına əsasən "xxxx" QSCdən (VÖEN:**********) bank hesabına 2022-ci ilin fevral-iyun ayları ərzində 250543.06 manat pul vəsaitinin daxil olmasına baxmayaraq bəyananmənin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçıdan qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində qərarda qeyd olunan sənədlərin təqdim olunması tələb edilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə” arayışa əsasən vergi ödəyicisi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək fəaliyyətini dayandırmışdır.

9. Azərbaycan Rspublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “”Nəzarət-kassa aparatının (NKA-nın) qeydiyyatdan çıxarılması barədə” məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış Orion-101 F markalı, ******* nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

16. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-ci il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixli olmaqla məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən qəbul edilmiş və bundan sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək sözügedən qərar mübahisələndiirlmişdir.

17. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.

20. Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması. ... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

21. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-173075/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçıya 2022-ci ilin iyun ayı üzrə 38218.43 manat əlavə dəyər vergisi hesablanmışdır, həmçinin cavabdeh orqan tərəfindən sözügedən məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. İddiaçı tərəfindən həmin dövrlə bağlı dəqiqləşmiş bəyannamə təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin bəyannaməyə hər hansı bir münasibət bildirilməmiş, sonradan məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən əlavə kameral vergi yoxlaması keçirilərək xx.xx.2025-ci il tarixdə 3-21-2-3/2-902607/2025 nömrəli “Vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul olunaraq bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən noyabr 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 38218.43 manat məbləğində vergi borcu hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 23025.94 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı bank məlumatlarına əsasən "xxxx" QSCdən (VÖEN:**********) bank hesabına 2022-ci ilin fevral-iyun ayları ərzində 250543.06 manat pul vəsaitinin daxil olmasına baxmayaraq bəyananmənin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçıdan qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində qərarda qeyd olunan sənədlərin təqdim olunması tələb edilmişdir.

22. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı həmin qərarın ləğvinə və şəxsi hesab vərəqəsinə hesablanmış sözügedən əlavə dəyər vergisi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsin yönəlmişdir.

23. Məhkəmə ilk öncə mübahisələndirilən qərarla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin iyun ayı üçün iddiaçıya əlavə dəyər vergisi hesablamışdır. Halbuki işdən görünür ki, iddiaçının fəaliyyəti və digər vergi tutulan əməliyyatlar xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır.

24. Bundan əlavə işdən görünür ki, iddiaçının fəaliyyət görsətdiyi təsərrüfat subyekti quraşdırılmış **********-20001 kodlu Orion-101F markalı ******* nömrəli nəzarət kassa aparatı xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən qeydiyyatdan çıxarılmışdır.

25. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2022-ci ilin iyun ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin iyun ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Lakin, cavabdeh tərəfindən əsas götürülmüş dövr fevral-iyun ayları olmuşdur.

26. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

27. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir.

28. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2022-ci ilin iyun ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun.

29. Lakin yuxarıda qeyd edildiyi kimi, 2022-ci ilin may ayında iddiaçı artıq fəaliyyət göstərməmiş və onun tərəfindən həmin təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirməmişdir.

30. Belə olan halda, iddiaçı 2022- ci ilin may ayında, yəni təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirmədiyindən vergi orqanı əsassız qərar qəbul etmişdir.

31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

32. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

34. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

35. Məhkəmə qeyd edir ki, oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1228/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında ifadə olunmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

39. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2024-cü il əlavə dəyər vergisi üzrə xx.xx.2025-ci il tarixdə 3-21-2-3/2-902607/2025 nömrəli “Vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar