Məhkəmə qərarları › İş №e-2-1(112)-10552/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10552/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10552/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, üçüncü şəxs "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti və "xxxx" MMC) “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti və "xxxx" MMC göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanda yaşayan sakinlərdir. İddiaçıların yaşadığı ərazidə hündürmərtəbəli, çoxmənzilli bina tikmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam almış şirkət illərdir ki, heç bir iş görməməklə yanaşı, onların həyatını çox ağır vəziyyətə salmış, onları antisanitar və təhlükəli vəziyyətə yaşamağa düçar etmişdir. Belə ki, "xxxx" MMC-yə Yasamal rayonu, H.Çavid küçəsi, 558- 566-ci məhəllələrdə 1.7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2005-ci il tarixli, 126 saylı Sərəncamla icazə verilmişdir. Bu sərəncam iddiaçıların maraqlarına birbaşa toxunur, çünki, sərəncamla əhatə olunan 558-566-ci məhəllələr H.Cavid küçəsi ilə yanaşı həmçinin iddiaçıların yaşadığı Şəfayət Mehdiyev küçəsinin 83/39 evini də əhatə edir. Həmin sərəncamla ərazidə yerləşən qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericilik əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Buna baxmayaraq "xxxx" MMC həmin sərəncamda ona aid edilmiş öhdəlikləri yerinə yetirmir. Halbuki, sərəncam 20 ilə yaxındır ki, verilmişdir. Sərəncamda həmçinin birmənalı olaraq yazılmışdır ki, əgər "xxxx" MMC sərəncamla ona aid edilmiş vəzifələri yerinə yetirməsə, onun ləğv edilməsi məsələsinə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılacaq. Lakin "xxxx" MMC sərəncamın tələblərini yerinə yetirmədiyinə görə sakinlərin vəziyyəti dözülməz hala gəlmişdir. Uzun illərdir ki, iddiaçılar mənzillərinin tezliklə sökülərək və müqabilində onlara qanunla nəzərdə tutulmuş ədalətli kompensasiya, yəni sökülən evlərinin dəyəri, yaxud müasir tələblərə cavab verən mənzil veriləcəyini gözləməkdədirlər. Lakin "xxxx" MMC tərəfindən heç bir hərəkət edilmir, iddiaçılara heç nə təklif edilmir. Bu müddət ərzində iddiaçıların evləri yararsız hala düşüb, onu təmir edə bilmirlər, söküntüyə məruz qalacaq sahədə antisanitar və sağlamlıqları üçün təhlükəli vəziyyət yaranmışdır. Hər dəfə güclü külək əsəndə yaxud yağış yağanda hər hansı qəzanın baş verəcəyi qorxusu ilə üzləşirlər. Göründüyü kimi çıxılmaz vəziyyətdə qalmışlar - nə evlərini təmir edib həyəti abadlaşdıra bilirlər, nə də ki sökülməli olan evlərin söküntüsü "xxxx" MMC-nin məsuliyyətsizliyi səbəbindən həyata keçirilmir ki, iddiaçılar özlərinə normal vəziyyətdə olan yeni mənzil ala bilsinlər. Belə olan vəziyyətdə iddiaçılar hesab edirlər ki, sərəncamı vermiş və onu ləğv etməyə də səlahiyyəti olan dövlət orqam kimi Bakı şəhər İcra Hakimiyyətinin bu məsələyə müdaxiləsi zərurəti yaranıb. Əks təqdirdə iddiaçılar hələ uzun müddət həyatlarına və sağlamlıqlarına təhlükə yaradan belə acınacaqlı vəziyyətdə qalmalı olacaqlar. "xxxx" MMC-nin bu vəziyyəti aradan qaldırmaq üçün hər hansı real iş görmək iqtidarında olmadığı da iddiaçılara məlumdur. Belə ki, iddiaçıların aldığı məlumatlara görə həmin şirkət müflis vəziyyətdədir, ona rəhbərlik edən şəxs vəfat edib, sahibi və rəhbəri olmuş X1 dələduzluq, özü də eyni mənzili bir neçə şəxsə satmaqla törədilmiş cinayətə görə məsuliyyətə cəlb olunub, onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər məhkəməsində baxılır, özünün əvəzinə indi qardaşı Zülfuqarı direktor təyin edib, şirkətin əvvəlki direktoru olmuş Ramiz Qazaxlı adlı şəxs də belə cinayətə görə həbs edilmişdi. Hazırda Mübarizin qardaşı Zülfüqarın da belə əməllər törətməsi barədə məlumatlar eşidirlər. "xxxx" MMC uzun illər ərzində sərəncamla üzərinə qoyulan öhdəlikləri yerinə yetirmədiyi üçün bundan sonra da külli miqdar maliyyə vəsaiti tələb edən bina tikintisi işlərini həyata keçirmək və sakinlərin köçürülməsini təmin etmək iqtidarında deyil. Hazırda həmin ərazidə, yəni 558-566-cı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün 0.89 ha torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 204 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmışdır. Bu şirkət tərəfindən sərəncamın icrası ilə bağlı sakinlərlə tez-tez görüşlər keçirilir, qarşıya çıxan məsələlər operativ surətdə həll edilir, sakinlərin köçürülməsi ilə bağlı veriləcək kompensasiya barədə sakinləri də qane edən razılıqlar əldə edilmişdir, həmin MMC-yə qarşı sakinlərin heç bir iradı olmamışdır. İddiaçılar və digər sakinlər tərəfindən Sərəncamın ləğvi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə şikayətlə, sonradan şikayətə əlavə İlə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ərizə ilə müraciət edilmiş lakin, hal-hazıradək məktublara heç bir münasibət bildirilməmişdir.

3. “Yaşayış binasının layihələşdirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 324/d saylı razılıq məktubu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2005-ci il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə 1,7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin MMC-yə icazə verilmişdir.

4. 21 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilir ki, Yasamal rayonu 21 saylı MKİS-in inzibati ərazisində yerləşən Ş.Mehdiyev küç.ev 83/39 nömrəli ünvanın H.Cavid prospektinə heç bir aidiyyatı yoxdur.

5. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, "xxxx" MMC-yə Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 Nə-li sərəncamının qüvvədə olması barədə BŞİH-nin arxivində məlumat aşkar edilməmişdir.

6. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti (adi cəlbetmə) və "xxxx" MMC üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin vəkili iddia tələbinin təmin olunmamasını xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. X4 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

15. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

18. İddia tələbi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli sərəncamın ləğv edilməsidir. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, sərəncamla əhatə olunan 558-566-ci məhəllələr H.Cavid küçəsi ilə yanaşı həmçinin iddiaçıların yaşadığı Şəfayət Mehdiyev küçəsinin 83/39 saylı evi ilə kəsişir. Lakin qeyd edilən hal iddiaçılara sərəncamın mübahisələndirilməsinə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olduğuna, yəni onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına əsas vermir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Bundan əlavə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ş.Mehdiyev küçəsi, ev 83/39 nömrəli ünvanın yaşayış binasının tikintisi üçün icarəyə verilən H.Cavid prospektinə heç bir aidiyyatı yoxdur.

19. Odur ki, iddiaçıların həmin torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı olmamaqla hüquqi marağı, nəticə etibarilə iddia tələbini irəli sürməyə subyektiv hüquqları yoxdur.

20. Həmçinin məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir.

21. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

22. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

23. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

24. Hazırkı işdən iddiaçıların 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etmələri müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

25. İddiaçılar qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışlar. Məhkəmə qeyd edir ki, iddiaçılar qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdirlər.

26. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyildir və hazırki işin hallarına uyğun olaraq həmin hüququn məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə xidmət etməklə qarşıya qoyulan məqsədə uyğundur.

27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

28. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar