Məhkəmə qərarları › İş №e-2-1(112)-10568/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10568/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10568/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X2, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət üzrə fərdi yaşayış evinin 0,0211 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “ünvan 1 ünvanda paylı mülkiyyət üzrə fərdi yaşayış evinin altında yerləşən 684,9 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X11 ilə paylı mülkiyyətində olmaqla 0,0211 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadəsindədir. (Çıxarış-reyestr nömrəsi: **********23-10301). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi: **********23-10301 olan Texniki Pasport tərtib edilmişdir. İstifadəsində olan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmaqla çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-40639/2024, **********39 saylı cavab məktubu ilə ərizə təmin edilməmişdir. İmtinanın əsası aşağıdakı kimi qeyd olunmuşdur. - Arxiv texniki pasportla faktiki vəziyyət arasında perimetrik və konfiqurasiya fərqlərinin mövcudluğu; - Texniki pasportda qonşuluqların tam göstərilməməsi; - Arxivdəki bölgü sxemində sahələrin dəqiq göstərilməməsi; - Qaz boru xəttinin mühafizə zolağında yerləşməsi ehtimalı və SOCARdan cavabın alınmaması. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, imtina əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1958-ci ildə inşa olunmaqla dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin evin istifadəsində olan həyətyanı torpaq sahəsi texniki pasportda və faktiki vəziyyətdə ayrılmış və hasarlanmış şəkildə mövcuddur. Texniki sənədlərdəki fərqliliklər istifadəsində olan həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas vermir. Həmçinin qonşuluqların və bölgü sxeminin dəqiqləşdirilməsi daşınmaz əmlak orqanının vəzifəsi olmaqla, bu Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində açıq şəkildə nəzərdə tutulmuşdur. Daha sonra, müstəqil şəkildə SOCAR-dan istifadəsində olan həmin torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşib-yerləşmədiyini təsdiqləyən rəsmi məlumat əldə etməyə çalışmışdır. Məlum olmuşdur ki, SOCAR bu barədə rəsmi cavabı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən bir neçə gün sonra təqdim etmişdir. Lakin Daşınmaz Əmlak Xidməti həmin cavabı ona təqdim etməkdən imtina etmişdir. İstifadasində olan torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşmə ilə bağlı isə SOCAR və “Azəriqaz” tərəfindən verilən cavabların surəti ona təqdim edilməmiş, lakin şifahi olaraq bildirilmişdir ki, torpaq sahəsi heç bir mühafizə zolağına düşmür. Rəsmi tələb etdikdə isə bunun üçün tələb olunan torpağın planı, ölçüləri və künc bucaqları ilə bağlı əlavə sənədlərin təqdim olunduğu təqdirdə məlumat verəcəklərini bildirmiş və eyni zamanda da həmin sənədləri (torpağın planı, ölçüləri və künc bucaqları) daşınmaz əmlak tərəfindən alınmasının mümkünlüyü bildirilmişdir. Bundan sonra həmin sənədlərin alınması üçün cavabdeh inzibati orqana müraciət olunmuşdur. Cavab olaraq yalnız məhkəmə sorğusu olduğu təqdirdə verilməsinin mümkünlüyü bildirilmişdir. Halbuki, onun özünə aid olan məlumat və sənədləri inzibati orqandan əldə etmək hüququ vardır. Bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. Qeyd olunan ünvanda həyətyanı torpaq sahəsi faktiki istifadəsində olmaqla yanaşı texniki sənədlər (evin texniki pasportu və hasarlanmış sahə) vardır ki, bu da qanunvericiliyə uyğun olaraq hüquqi əsasların mövcudluğunu sübut edir. Göründüyü kimi, yuxarıda sadalan qanunun normalarına görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq katastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Onun inzibati orqana müraciətin qanuni istifadəsində olan torpaq sahəsinə plan və cizginin verilməsi və hüquqların dövlət qeydiyyatına alınması ilə bağlıdır.

4. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin arxiv texniki pasportu ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin, texniki pasportda qonşuluqlar tam göstərilməmişdir və arxiv qovluğunda mövcud olan fərdi yaşayış evinin bölgü sxemində bölünən sahələr qeyd olunmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq, qeyd olunan torpaq sahəsindən qaz boru xəttinin hansı tarixdən etibarən mövcud olması (istismara verildiyi tarix) və qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi barədə məlumat verilməsi və hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilmiş, lakin sorğuya cavab idarəyə daxil olmamışdır.

5. Cavabdeh qurumun iddiaya etirazında qeyd olunmuşdur ki, torpaq sahəsinin arxiv texniki pasportu ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin, texniki pasportda qonşuluqlar tam göstərilməmişdir və arxiv qovluğunda mövcud olan fərdi yaşayış evinin bölgü sxemində bölünən sahələr qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 10a yerləşən 151,70 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ, 0.0211 ha torpaq sahəsi Dövlət istifadə hüququ 2 otaq (y/s-36,4 kv.m) X7 adına xx.xx.2010-cu il tarixində, 3 otaq İddiaçı adına xx.xx.2021-ci il tarixdə Dövlət reyestri qeydə alınmışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə baxış aktında qeyd edilmişdir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 10 ünvanında yerləşən hüquqi müəyyənedici sənəd üzrə torpaq sahəsi 0.05881 ha., faktiki 0.05881 ha+303.70 kv.m əlavə sahə, A fye 1958 özəl - 5 otaq – 95.70 kv.m., köməkçi – 56.0 kv.m., ümumi 151.70 kv.m., faktiki 5 otaq – 95.70 kv.m., köməkçi – 56.0 kv.m., ümumi 151.70 kv.m., + əlavə sahələr. Torpaq sahəsi mişar daşı ilə iki hissə ayrılıb.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci tarixli 14-2/2-336/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsində qaz boru xəttinin mövcud olub-olmaması və həmin torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsinə dair arayış verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığınız sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğunuzda qeyd etdiyiniz torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonalarına aid olan torpaq sahələrinin hüdudları daxilində olub-olmamasını müəyyən etmək üçün həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) təqdim edilməlidir. Həmin sənədlər olmadığı halda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsi tərəfindən verilmiş torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməlidir. Sorğunuza torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış əlavə olunsa da, bütün künc nöqtələrinin koordinatlarını əks etdirən plan və ölçü sənədi əlavə edilməmişdir. Bu səbəbdən, həmin torpaq sahəsinə dair müvafiq rəyin verilməsi mümkün deyildir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən “daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq” və 3.1.29-cu bəndə əsasən “dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək” DƏDKRnin vəzifələrindən biridir. Odur ki, sorğunuzda qeyd etdiyiniz torpaq sahəsi ilə bağlı rəyin verilməsi, yuxanda göstərilən sənədlərdən biri təqdim edildikdən sonra mümkün olacaqdır.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Regional Qaz İstismarı Departamentinə daxil olmuş 14-2-2-3/1-822/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətin (qeydiyyat. 19.11. 2024-cü il tarixli, 791/1518 saylı) icrası ilə bağlı ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ərazisindən “Azəriqaz” İB-nə məxsus qaz xətlərinin və qurğuların mövcudluğuna baxıldı. Bildiririk ki, qeyd olunan torpaq sahəsində (koordinantlar X40.437817, Y49.968067) qaz xətlərinin və qurğuların mövcudluğu haqqında Bakı şəhəri, H.Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın Baş ofisinə müraciət etməyiniz tövsiyə olunur.

10. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 308 nömrəli sərəncamının 2-ci bəndində qeyd edilmişdir ki, Bülvülə qəsəbəsi S.Bəhlulzadə küçəsində 10/2 saylı evin məhrum X4 məxsus olan 1/3 hissəsi ümumi sahəsi 115,20 kv.m., yaşayış sahəsi 59,20 kv.m., köməkçi sahəsi 56,00 kv.m., olmaqla 3 yaşayış otağından və 684,90 kv.m., ümumi torpaq sahəsindən ibarət hesab edilməsi qərara alınmışdır.

11. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş 1969-cu il tarixdə tərtib edilmiş ev sahibinin qiymət kartında qeyd edilmişdir ki, Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 308 nömrəli sərəncamı əsasında ünvan 5 ünvanın aid evin qiymət kartına dəyişiklik edilmişdir və həmin sərəncamda qeyd edilən ümumi torpaq sahəsinin 684,90 kv.m., olması məlumatına istinad edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçınln nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 308 nömrəli sərəncamı ilə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində 10/2 saylı evin məhrum X4 məxsus olan 1/3 hissəsi ümumi sahəsi 115,20 kv.m., yaşayış sahəsi 59,20 kv.m., köməkçi sahəsi 56,00 kv.m., olmaqla 3 yaşayış otağından və 684,90 kv.m., ümumi torpaq sahəsindən ibarət hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 10a yerləşən 151,70 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ, 0.0211 ha torpaq sahəsi Dövlət istifadə hüququ 2 otaq (y/s-36,4 kv.m) X7 adına xx.xx.2010-cu il tarixində, 3 otaq İddiaçı adına xx.xx.2021ci il tarixdə Dövlət reyestrində qeydə alınmışdır.

21. İddia tələbi sözügedən ünvanda paylı mülkiyyət üzrə fərdi yaşayış evinin altında yerləşən 684,9 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsidir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

25. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

26. Cavabdehin imtina üçün əsas göstərdiyi hal elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin arxiv texniki pasportu ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin, texniki pasportda qonşuluqlar tam göstərilməmişdir və arxiv qovluğunda mövcud olan fərdi yaşayış evinin bölgü sxemində bölünən sahələr qeyd olunmamışdır. Məhkəmə həmin halı əsassız hesab edir.

27. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X5 Bürosu tərəfindən 1986-cı il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 və X1 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.

28. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X5 Bürosu tərəfindən verilmiş 1986-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport fərdi yaşayış evinə dair X6 və X1 hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

29. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 308 nömrəli sərəncamı ilə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində 10/2 saylı evin məhrum X4 məxsus olan 1/3 hissəsi ümumi sahəsi 115,20 kv.m., yaşayış sahəsi 59,20 kv.m., köməkçi sahəsi 56,00 kv.m., olmaqla 3 yaşayış otağından və 684,90 kv.m. ümumi torpaq sahəsindən ibarət hesab edilməsi qərara alınmışdır. Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 308 nömrəli sərəncamı əsasında ünvan 6 ünvanın aid evin texniki pasportuna dəyişiklik edilmişdir və həmin sərəncamda qeyd edilən ümumi torpaq sahəsinin 684,90 kv.m olması məlumatına istinad edilmişdir.

30. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda paylı mülkiyyət üzrə fərdi yaşayış evinin altında yerləşən 684,9 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir.

31. Eyni zamanda cavabdeh tərəfindən konfiqurasiya və perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluğun nədən ibarət olduğu göstərilməmişdir. Odur ki, iddia edilən uyğunsuzluq imtina üçün əsas hesab edilə bilməz.

32. Beləliklə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-cü bəndinə əsasən sənəd təqdim edilmişdir.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanda paylı mülkiyyət üzrə fərdi yaşayış evinin altında yerləşən 684,9 kv.m torpaq sahəsinə dair İddiaçı adına çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar