Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10582/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin nümayəndəsi X1 və Agentliyin DOST İş mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə və qeyrilərinə qarşı “əmrin ləğvi və işə bərpa” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab olunması; Əvvəlki vəzifəsinə - ictimai işlər üzrə köməkçi vəzifəsinə işə bərpa olunmağı; İşsiz qaldığı dövrə görə orta aylıq əməkhaqqının ödənilməsi; dəymiş mənəvi zərərə görə 1500 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilib. Əmək münasibətləri dövründə əmək intizamını pozmamış, işimə məsuliyyətlə yanaşmışam. Lakin xx.xx.2025-ci il tarixində mənim əmək müqaviləmə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin başa çatması) əsasən xitam verilmişdir. Bildirişin xx.xx.2024-cü il tarixində “Əmək və məşğulluq” altsistemi üzərindən göndərildiyi iddia olunur. Bildirir ki, bu xitam qeyri-şəffaf və xəbərdarlıq edilmədən həyata keçirilmişdir. Əmək müqaviləsinin müddətinin başa çatması barədə rəsmi və yazılı bildiriş almadığı üçün əmək fəaliyyətinin davam etdiriləcəyi qənaətində olub. Müqaviləyə xitam verilərkən mənimlə izahat alınmamış, işə davamla bağlı mövqeyi sorğulanmamış, yeni təyinat və ya əmək yönləndirilməsi təklif edilməmişdir. Bu məsələyə dair xx.xx.2025-ci il tarixli müraciətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və DOST mərkəzlərinə yazılı şəkildə müraciət edib. xx.xx.2025-ci il tarixli cavab məktubunda məsələ ilə bağlı 4 saylı Bakı DOST Mərkəzində izahat verdiyi göstərilsə də, ona yeni iş yeri təklif edilməmiş, sadəcə olaraq Regional Məşğulluq filialına müraciət etməyim tövsiyə edilmişdir. Əmək hüquqlarımın pozulduğunu, əmək müqaviləsinə xəbərdarlıq edilmədən və qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinin pozulduğunu bildirir.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək əmək münasibətlərindən irəli gələn münasibətlərə inzibati icraat qaydasında baxılmadığı izah edilmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bildirilmişdir ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməyi və izahatının alınması məqsədilə DOST Mərkəzlərinin birinə dəvət olunmağı barədə ünvanına (ünvan 1B- 1353/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Nazirliyin tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə təqdim etdiyi izahatında əmək müqavilənizə xiam verilərkən Sizə xəbərdarlığın edilmədiyini və əsas tələbinin işə bərpa olunmağına köməklik göstərilməsindən ibarət olduğunu bildirmisiniz. "xxxx" MMC tərəfindən təqdim edilmiş məktubda onunla Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunduğu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlərin işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerlərinin olduğu, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı“nın 2.6-cı bəndinə əsasən ictimai işlərin, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunduğu, eyni zamanda halhazırda Mərkəzdə Bakı şəhəri üzrə sosial işçi vəzifəsinə vakansiyanın mövcud olmadığı və sosial rifahının və dayanıqlı məşğulluğunun təmin edilməsi üçün müvafiq Regional Məşğulluq filialına və ya DOST Mərkəzlərinə müraciət etməyinin tövsiyə olunduğu qeyd edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən Sizin əmək müqavilənizə müddətinin bitməsi ilə əlaqədar xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı" bildirişin xx.xx.2024cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq" altsistemi vasitəsilə ona göndərildiyi, həmçinin əmək müqavilənizə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixində xitam verildiyi məlum olmuşdur.
5. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək əlavə cavabdeh qismində X6 Xidməti və "xxxx" ASC-nin nəzərə alınmasını xahiş etmişdir.
6. İddiaçı tərəfindən əlavə olaraq aşağıdakılar bildirilmişdir: -Əmək Müfəttişliyi qanunla məsul nəzarət orqanıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195 və 196-cı maddələrinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini birbaşa Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Mənim əmək müqaviləmə qanunsuz və əsaslandırılmamış şəkildə xitam verilməsinə baxmayaraq, Əmək Müfəttişliyi bu barədə qanuni və nəticə doğuran tədbir görməyib, yalnız formalaşdırılmış cavab məktubu ilə kifayətlənmişdir. Bu, funksional səhlənkarlıq və vəzifənin yerinə yetirilməməsidir. 2. Müraciətimlə bağlı fəaliyyət göstərməməsi hüquqi məsuliyyət yaradır Mən xx.xx.2025-ci il tarixində Əmək Müfəttişliyinə yazılı müraciət etmişdim. Onlar bu müraciəti rəsmi qeydiyyata almış, lakin nə araşdırma aktı, nə protokol, nə də yoxlama nəticəsi tərtib etmişdir. Sadəcə, mənim “işsiz kimi qeydiyyata alınmağımı” tövsiyə etmişlər. Bu, mübahisənin predmetinə heç bir hüquqi təsir göstərməyib. 3. Cavabdeh qismində tanınması qanunvericiliyə tam uyğundur Əmək Müfəttişliyi əmək hüquqlarının pozulmasına göz yuman və öz qanuni vəzifəsini yerinə yetirməyən səlahiyyətli dövlət orqanıdır. Əgər mübahisənin yaranmasında bilavasitə hərəkətsizliyi və ya səhlənkarlığı olan bir dövlət qurumu varsa, o, cavabdeh qismində cəlb olunmalıdır. Bu, həm “İnzibati icraat haqqında” Qanunun 6 və 12-ci maddələrinə, həm də İnzibati Prosessual Məcəllənin 35, 36 və 37-ci maddələrinə uyğun hüquqi yanaşmadır. Xahiş edirəm: Əmək Müfəttişliyi Xidmətinin cavabdeh qismində işə cəlb olunmaması barədə qəbul olunmuş qərar ləğv edilsin; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti (Bakı şəhər İdarəsi, VÖEN: **********) cavabdeh qismində tanınsın. - "xxxx" MMC “DOST” Agentliyinin tabeliyindədir. "xxxx" MMC, hüquqi şəxs kimi formal (VÖEN ********** elektron məhkəmə portalına yüklənmir) müstəqilliyə malik olsa da, birbaşa “DOST” Agentliyinin struktur vahidi olaraq fəaliyyət göstərir. Əmək münasibətlərinin icra edildiyi idarəetmə və təyinat mexanizmləri, iş bölgüsü və nəzarət prosesi agentlik tərəfindən təşkil olunmuş və idarə edilmişdir. İddiaçının işə təyinatı “DOST” Agentliyinin nəzarəti ilə aparılıb İddiaçı ictimai işlər üzrə köməkçi vəzifəsinə agentliyin təşəbbüsü və koordinasiyası ilə "xxxx" ASC-də fəaliyyət göstərmiş, bu prosesdə “DOST” Agentliyi əmək resurslarının bölüşdürülməsi və iş yeri təminatı üzrə birbaşa iştirak etmişdir. Bu isə mülki məsuliyyət baxımından vasitəçi və nəzarətçi funksiyasının mövcudluğunu təsdiqləyir. Əmək münasibətləri üzrə nəzarət funksiyası agentlikdə cəmlənmişdir Əmək Məcəlləsi və “Məşğulluq haqqında” Qanuna əsasən, ictimai işlər proqramları üzrə əmək münasibətlərinə nəzarət dövlət orqanına (bu halda DOST Agentliyinə) məxsusdur. MMC sadəcə icraedici texniki vasitədir, hüquqi məsuliyyət daşıyan isə proqramı həyata keçirən əsas qurum - Agentlikdir. Əmək münasibətləri və cavabdehlik arasında kəsilməz əlaqə var İş yerinin dəyişməsi, müqaviləyə xitam verilməsi, izahat verilmədən məlumatın göndərilməsi və işçiyə yeni təyinat təklif olunmaması agentliyin hüquqi məsuliyyətini doğurur. İşə göndəriş, əmək müqaviləsinin icrasına nəzarət və hesabat verilməsi məhz agentlik tərəfindən həyata keçirilmişdir. İddia faktiki əsaslandırılmışdır - agentlik məsuliyyət daşıyır İddia ərizəsində göstərilən tələblər (“DOST” Agentliyinin hüquq pozuntusuna yol verməsi, şəffaflıq olmadan əmək müqaviləsinə xitam verilməsi, mənəvi və maddi ziyanın yaranması) faktiki olaraq agentliyin məsuliyyət sahəsinə daxildir. - Əmək hüquqlarının pozulması ilə bağlı qaldırdığım iddia üzrə aşağıda göstərilən əsaslara görə Əmək Müfəttişliyi Xidməti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti, Bakı şəhər İdarəsi) iş üzrə cavabdeh şəxs qismində tanınmalıdır. Səbəbləri: 1. xx.xx.2025-ci il tarixli müraciəti əsasında Əmək Müfəttişliyi bu məsələni araşdırmaq səlahiyyətində olmuş, lakin effektiv tədbir görülmədən cavab verməklə kifayətlənmişdir; 2. Müvəqqəti əmək müqaviləsinin qeyri-şəffaf şəkildə xitamına hüquqi qiymət verilməsi, onun işə bərpa olunma tələbinə reaksiya verilməsi; Əmək Müfəttişliyi tərəfindən hüquqi qiymətləndirilməmişdir; 3. Cavab məktublarında yalnız izahat almaqla və “işsiz kimi qeydiyyata düşməyimi tövsiyə etməklə” kifayətlənmiş, qanunvericiliyin tələblərinə uyğun nəzarət tədbirləri həyata keçirilməmişdir; 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195 və 196-cı maddələrinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini birbaşa Əmək Müfəttişliyi həyata keçirməlidir və bu məsuliyyəti daşımışdır. Bu səbəbdən Əmək Müfəttişliyi Xidmətinin də cavabdeh qismində işə cəlb edilməsi zəruridir. -Bildirir ki, o, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən işə qəbul olunmuş və faktiki olaraq "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində ictimai işlər üzrə köməkçi vəzifəsində fəaliyyət göstərib. Əmək fəaliyyətinin icrası birbaşa "xxxx" ASC-nin tabeliyində, faktiki rəhbərliyi və iş rejiminə uyğun şəkildə həyata keçirilmişdir. Bu baxımdan, əmək hüquqlarına xitam verilməsi ilə bağlı məsuliyyət həm "xxxx" MMC-yə, həm də faktiki iş yeri olan "xxxx" ASC-yə aiddir. İşə xitam Əmək Məcəlləsinin 68.2(b) maddəsi ilə aparılmış, lakin əmək fəaliyyətim real olaraq dayandırılmamış, ona əvvəlcədən yazılı xəbərdarlıq edilməmiş, qanuni əsaslar göstərilməmişdir. Bundan əlavə, müraciətlərimə baxılmamış, qanuni işsizlik müavinəti də bu günədək ödənilməmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi məhkəmənin vətəndaşlara yardım etmək borcunu müəyyən edir. O, sadə vətəndaş olaraq, qanunvericiliyin tələblərini ətraflı bilmədiyi üçün iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə təqdim edib. İş artıq icraata qəbul olunub və hal-hazırda baxılma mərhələsindədir. Ali Məhkəmənin Plenum Qərarında qeyd olunmuş əmək münasibətlərinə dair işlərin ümumi məhkəməyə aid olması yalnız tipik əmək mübahisələri üçün keçərlidir. Lakin bu konkret işdə tərəflərdən biri dövlət qurumu ("xxxx" ASC), digəri isə sosial proqram çərçivəsində fəaliyyət göstərən hüquqi şəxs ("xxxx") olmaqla, inzibati və məşğulluq sahəsində dövlət funksiyalarının icrası kontekstində yaranmış mübahisədir. İş üzrə "xxxx" ASC-nin (VÖEN: **********) əlavə cavabdeh qismində tanınması, işin baxılması üçün inzibati məhkəmə aidiyyətində saxlanılması, çünki işin mahiyyəti əmək münasibətindən daha çox dövlət məşğulluq siyasətinin həyata keçirilməsi ilə bağlıdır; Əks halda, işə aidiyyətin dəyişdirilməsi haqqında qərar qəbul ediləcəksə, iddia ərizəsinin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsini təmin edilməsini xahiş edir. - Əmək müqaviləsi formal olaraq "xxxx" MMC ilə bağlansa da, faktiki olaraq əmək funksiyasını "xxxx" ASC-nin Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsində – ictimai işlər üzrə köməkçi vəzifəsində icra etmişəm. İş rejiminə, əməyə rəhbərliyə, nizam-intizam və fəaliyyətə birbaşa nəzarət edən qurum "xxxx" ASC olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 43 və 73-cü maddələrinin tələblərinə və əmək münasibətlərinin faktiki tərəflərinin tanınmasına dair formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu hallarda əmək funksiyasının icra edildiyi təşkilat da cavabdeh qismində cəlb olunmalıdır. Bu səbəbdən, "xxxx" ASC-nin cavabdeh şəxs qismində tanınmasını xahiş edir. - Eyni zamanda iddiaçı işsizlikdən sığorta müavinətinin verilməsini tələb edir.
7. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş edir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Həmçinin qeyd edilməlidir ki, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsi inzibati orqanlarla vətəndaşlar arasında əlaqələndirici qurum kimi fəaliyyət göstərir.
10. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X3 Nizamnaməsi: 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini idarə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyriformal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək;
11. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
12. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
13. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
17. Məhkəmə qeyd edir ki, hazırki mübahisə iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir.
18. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi iddiaçının "xxxx" ASCyə qarşı əmək hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
19. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
20. İnzibati məhkəmə icraatı qaydasında baxılan işin adiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, iddiaçıya müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
21. İşsizlikdən sığorta müavinətinin verilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. 22.“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.3. sığortaolunan – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər; 2.0.4. sığortaedən – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək müqaviləsi bağladıqları işçiləri işsizlikdən sığorta edən aşağıdakı işəgötürənlər: 2.0.4.1. hüquqi şəxslər, habelə onların və xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri; 2.0.4.2. dövlət orqanları; 2.0.4.3. fiziki şəxslər; 2.0.4.4. seçkili orqanların rəhbərləri; 2.0.5. sığortaçı – işsizlikdən sığorta sahəsində idarəetməni (işsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən müvafiq icra hakimiyyəti orqanı; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları; 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 23.Odur ki, işsiz kimi qeydiyyata alınmış şəxs baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişini almaq üçün aidiyyəti üzrə X4 müraciət etməlidir.
24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva