Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10583/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik statusunun dayandırılması barədə qərarın qanunsuz sayılması və əvvəlki əlillik statusunun bərpa edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixli əlillik statusunun dayandırılması barədə qərarın qanunsuz hesab edilməsi, əvvəlki əlillik statusunun bərpa edilməsi və davam etdirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7199/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyinin xx.xx.2024-cü il tarixindən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərardadı ilə iddiaçınn tələbi mümkün sayılmamışdır. Mübahisə ilə bağlı məhkəmənin hüquqi mövqey ondan ibarət olmuşdur ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komisisyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, parılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proznozu, xəstəliklərin beynəlxalq təsnifata uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Şəxsə əlillik təyin edildikdən sonra o, əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin tarix bitdikdən sonra o, əlilliyin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət etməli, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qərar qəbul edilməlidir. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, bundan sonra iddiaçı yeni müddətə (yaxud müddətsiz) əlillik təyin edilməsi üçün göndəriş verilməsi ilə bağlı həkim-məsləhət komissiyasına müraciət etməmiş, onun barəsində yeni göndəriş verilməmişdir. Halbuki, yuxarıda istinad olunan normalardan da, göründüyü kimi, qanunverici əlilliyin göndəriş olmadan, birbaşa təyin edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutmamışdır. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki, əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da, bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir ki, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh onun hüquqlarını pozan hər hansı bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qeyd edilməlidir ki, hazırki mübahisədə sözügedən məhkəmə qərardadı ilə hüquqi qiymət verilmiş, işin hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən məhkəmənin sözügedən qərardaddakı hüquqi mövqeyi nəzərə alınmayaraq yeni müddətə (yaxud müddətsiz) əlillik təyin edilməsi üçün göndəriş verilməsi ilə bağlı həkim-məsləhət komissiyasına müraciət edilməmiş, barəsində yeni göndəriş verilməmişdir. Buna baxmayaraq, yenidən eyni faktiki və hüquqi hallara söykənən əsaslarla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-10583/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10583/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver