Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10592/2024 17.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X2, X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli, **********142400 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli **********142400 nömrəli qərarına əsasən "X3" MMC 2023-cü ilin mənfəət vergisi üzrə 79.826,18 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı qeyd etmişdir ki, mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 415255,90 (ƏDV-siz) manat tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən 2023-cü ildə iddiaçının əməkdaşlıq etdiyi bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş xx.xx.2023-cü il tarixli, EBDC 773380 nömrəli və xx.xx.2023-cü il tarixli EBDE 528499 nömrəli elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir. Qeyd edilmişdir ki, "X3" MMC (VÖEN: **********) tikinti yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir və tenderlərdə iştirak edərək əsasən dövlət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikasi Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sifarişi ilə Bakı şəhəri, Ağcabədi, Goranboy, Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün, fərdi yaşayış evlərinin və mənzillərin təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2023-cü il tarixli MİD/AZ/04 nömrəli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsi "X6 Pearl" MMCyə (VÖEN: **********) həvalə edilmiş "X6 Pearl" MMC ilə bağlanılmış subpodrat müqavilələri əsasında, daha dəqiq deyilərsə, xx.xx.2023-cü il tarixli XO12-0323 nömrəli subpodrat müqaviləsi ilə 262.562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi ilə isə 227.439.10 manat məbləğində, ümumilikdə 490.001.96 (ƏDV daxil) manat olmaqla işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər elə həmin təqvim ilinin aprel ayında yekunlaşmış və müvafiq olaraq xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli eqaimələrlə rəsmiləşdirilmişdir. Öz növbəsində iddiaçı da Azərbaycan Respublikasi Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə elektron qaiməfakturaları xx.xx.2023-cü il (EBDC 759308), xx.xx.2023-cü il tarixlərində (EBDE 309728) təqdim etmişdir. Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi axtarış sistemi vasitəsilə əldə edilən məlumata əsasən qeyd edilir ki, "X6 Pearl" MMC xx.xx.2024-cü il tarix **********617900 nömrəli qərarla riskli vergi ödəyicisi kimi dəyərləndirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi kimi dəyəri vergi orqanı tərəfindən dəyərləndirilən vergi ödəyicisi ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin ödəyicinin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Bu səbəbdən, cavabdeh tərəfindən daxil olmuş 12 iyun 2024-cü il tarixli **********142400 qərarın əsassız olduğu hesab edilir. Belə ki, "X6 Pearl" MMC dolayısı ilə Azərbaycan Respublikasi Qaçqınların və X4 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə iş görmüş, bu işlərin təhvilinin üzərindən 1 ildən çox vaxt keçmiş və həmin vergi ödəyicisi bitən hesabat ilində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdir. Qeyd edilir ki, iddiaçının əməkdaşlıq etdiyi vergi ödəyicilərinin işləmə prinsipinin və eyni zamanda bütün sənədləşmə, rəsmiləşmə prosedurlarının qanunvericiliyin tələblərinə tam uyğun olması iddiaçının da öncəliyidir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə aldıqda, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə edilən elektron-qaimə fakturaların dəyərinin az məbləğ təşkil etmədiyini, bu halda yarana biləcək vergi yükünü də nəzərə aldıqda, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağında olmamışdır. Lakin məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, iddiaçının "X6 Pearl" MMC ilə əməkdaşlıq həm vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Bir daha bildirilir ki, iddiaçının qarşı tərəflərlə əməkdaşlığı həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər, həmçinin malların alışı faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X5 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərarlar qanunsuzdur və ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili sonradan tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********573400 nömrəli nömrəli qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, cavabdeh vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli **********142400 nömrəli qərarına əsasən "X3" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 79.826,18 manat əlavə vergi məbləği hesablanmışdır. Lakin cavabdeh vergi orqanı eyni əsaslarla 2024-cü ilin aprel ayı üzrə ƏDV hesablanması barədə qərar qəbul etmişdir. Belə ki, 2024-cü ilin aprel ayı üzrə xx.xx.2024-cü il tarixli **********573400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən cəmiyyətə 76.746,06 manat əlavə ƏDV məbləği hesablanmışdır. Qərar əvvəlki hesablamalara səbəb olan riskli hesab edilən eyni qaimə fakturaların əvvəlki aylarda əvəzləşdirilməsi ilə əsaslandırılmışdır. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən "X6 Pearl" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə dəyəri 222510,9 manat və xx.xx.2023-cü il tarixdə dəyəri 192745 manat olan ümumi 415255,90 manat dəyərində e-qaimə fakturalar əldə edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********020000 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 79826,18 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********142400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən dəqiqləşdirilmiş iddia tələbinə dair məhkəməyə təqdim olunan əlavə yazılı münasibətdə **********573400 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla bağlı bildirilmişdir ki, aparılmış araşdırma zamanı “X6 Pearl” Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) xx.xx.2024-cü il tarixli **********617900 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, iddiaçının həmin vergi ödəyicisindən əldə etdiyi (05.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli və 04.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2024-cü il aprel ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********321100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 76746,06 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********573400 nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********142400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 415255,90 manat təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yarandığı əsası ilə vergi ödəyicisinə 79.826,18 manat əlavə vergi məbləği hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********573400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDC seriyalı, 773380 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu qeyd olunaraq əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 40051.96 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 40051.96 manat kənarlaşma yarandığı, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı 528499 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 34694.1 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 34694.1 manat kənarlaşma yarandığı əsası ilə vergi ödəyicisinə 76.746,06 manat əlavə vergi məbləği hesablanmışdır. -İddiaçı MMC ilə “X6 Pearl" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli XO12- 0323 saylı subpodrat müqaviləsi üzrə 262 562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi üzrə isə 227 439.10 manat məbləğində Bakı şəhəri, Ağcabədi rayonu və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün fərdi yaşayış evlərinin və mənzilərin təmiri işlərinin görülməsi müəyyən edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli elektron qaimə-fakturalar tərtib edilmişdir. -“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********617900 nömrəli qərardan görünür ki, “X6 Pearl” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, “X6 Pearl" MMC ilə bağlanılmış subpodrat müqavilələri əsasında, xx.xx.2023-cü il tarixli XO12-0323 nömrəli subpodrat müqaviləsi ilə 262 562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi üzrə isə 227 439.10 manat məbləğində, ümumilikdə 490.001.96 (ƏDV daxil) manat olmaqla işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər həmin ilin aprel ayında yekunlaşmış və müvafiq olaraq xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli e-qaimələrlə rəsmiləşdirilmişdir. Lakin cavabdeh vergi orqanı qeyd edilən elektron qaimə fakturaları əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək ərizəçinin 2023-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə almamış, həmçinin ƏDV-nin əvəzləşdirilməsinə əsas vermədiyini hesab edərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı bunu həmin fakturaları təqdim edən “X6 Pearl” MMCnin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi İddiaçı MMC ilə “X6 Pearl” MMC-nin arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu xx.xx.2024-cü il tarixdən əvvəlki dövrə aparılmışdır. Sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində vergi ödəyicisinin iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olub-olmamasının yoxlanılması öhdəliyi təsbit edilməmişdi. Məhkəmə hesab edir ki, qeyd edilən əməliyyatların riskli və ya əmtəəsiz olması təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (01 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan redaksiya). -175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə İddiaçı MMC ilə “X6 Pearl" MMC ilə arasında baş tutmuş əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, “X6 Pearl" MMC ilə aralarında olan işlərin yerin yetirilməsinə dair sənədlərin (hazırkı işin hallarına əsasən müvafiq aktların) mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********142400 saylı və xx.xx.2024-cü il tarixli **********573400 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2496/2023 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir...İddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “e-taxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır”. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən 12 iyun 2024-cü il tarixli **********142400, xx.xx.2024-cü il tarixli **********573400 nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 iyun 2024-cü il tarixli **********142400 nömrəli və xx.xx.2024-cü il tarixli **********573400 nömrəli qərarlar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10592/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10592/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver