Məhkəmə qərarları › İş №e-2-1(112)-1060/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1060/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1060/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 52 yaşı tamam olduğu, yəni 01.10.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonunda doğulmuşdur. İddiaçı 01.09.1980-ci ildən 20.07.1981-ci ilə kimi Azərbaycan SSR Bakı şəhəri 66№-li Texniki Peşə Məktəbində təhsil almışdır.

3. Bundan sonra o, 20.07.1981-ci ildən 28.11.1994-cü ilə kimi Bakı-komvol Kombinatının Toxucu sexində 5-ci dərəcə ilə toxucu vəzifəsində, 05.12.1994-cü ildən 21.11.2000-ci ilə kimi “Azərelektroişıq” Birliyində Birliyin luminesens lampaların istehsalı sexində 2-ci dərəcəli qablaşdırıcı vəzifəsində, 10.01.2001-ci ildən 16.01.2006-cı ilə kimi “Azərnəqliyyatyollayihə” İnstitutunda yardımçı fəhlə vəzifəsində, 06.01.2009-cu ildən 30.04.2010-cu ilə kimi "xxxx" Kiçik Müəssisəsində xadimə vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən edilmiş müraciətin icrasından imtina etmişdir. İmtinanın səbəbi olaraq iddiaçı tərəfindən təqdim edilmiş 29.07.1981-ci il tarixli, ИТ-İ ******* №-li əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair 18.12.2020ci il tarixli 38№- li güzəştli arayışında 20.07.1981-28.11.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işləməsi qeyd edilmişdir. Sözügedən müəssisədə iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəz Filialının aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarəda qeyd olunan dövr ərzində işlədiyitoxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 19.03.2021-ci il tarixli, BA- 01133-2021 №-li aktı ilə təsdiq edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəz Fililaına təqdim etdiyiniz sənədlərdə həmin dövr üzrə işlədiyiniz toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı yoxdur. İddiaçının 01.01.2006-cı il tarixə qədər 25 il 02 ay 3 gün ümumi iş stajı mövcud olmuşdur. Həmin iş stajının 13 il 04 ay 08 günü güzəştli iş stajı təşkil edir. İddiaçının işlədiyi “toxucu” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” X1 istehsalatı dəzgah və maşınlarda çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının “Toxucular metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsinə uyğundur. Bundan başqa "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş 18.12.2020-ci il tarixli, 38 №-li Güzəştli arayışdan görünür ki, o, 20.07.1981-ci ildən 28.11.1994-cü ilə kimi ASCdə toxucu sexində 5-ci dərəcə toxucu vəzifəsində işləmişdir. Həmçinin həmin Arayışda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabimetinin 12 saylı, 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında Qərarına əsasən iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququna malik olması qeyd edilsə də cavabdeh qeyd edilən Arayışı nəzərə almamışdır. Bundan sonra iddiaçı təkrarən "xxxx" ASC-yə mürciət edərək ona ətraflı Güzəştli arayışın verilmsini xahiş etmişdir. ASC tərəfindən iddiaçıya verilmiş ikinici Arayışda aşağıdakılar qeyd edilmişdir: Verilir Məmmədova (Abbasova) Qətibə Adışirin qızına ondan ötəri ki, o, həqiqətən də 20.07.1981-ci ildən (Əmr № 90) 28.11.1994-cü ilə kimi (Əmr № 206) Bakı Komvol Kombinatında işləmişdir. 20.07.1981 toxucu sexinə 5-ci dərəcə ilə toxucu qəbul edilsin Əmr № 90 20.07.1981. 28.11.1994 Azərbaycan Respublikası ƏQM-nın 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilsin. Əmr № 206 28.11.1994. Məmmədova (Abbasova) Qətibə Adışirin qızı kombinatda toxucu sexində işləyərkən təbii ipək, pambıq, kətan, yun, materiallarından eləcə də süni və sintetik tor toxuması ilə məşğul olmuşdur. Odur ki, Məmmədova (Abbasova) Qətibə Adışirin qızının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi; Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısının toxucular metal və sintetik tor toxuyan toxucular peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Məmmədova (Abbasova) Qətibə Adışirin qızının zərərli iş stajı 13 il 04 ay 08 gün təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 19.03.2021ci il tarixli, BA-01133-2021 №-li aktında qeyd edilənlərin heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin aktda iddiaçının əmək kitabçasında 28.11.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılsa da, işdən çıxarılmasına dair əmrin aşkar edilməməsi qeyd edilmişdir. Bildirir ki, iddiaçının əmək kitabçasında 28.11.1994-cü il tarixdən işdən azad olunmasına dair qeyd aparılmışdır. İşdən çıxarılma ilə bağlı Əmri tərtib edilməsi və həmin əmrin işçinin iş şəxsi işinə əlavə etmək işə götürənin vəzifəsidir. Bu halın mövcud olması işiçinin qeyd edilən müəssisədə işləməsi halının təkzib edilməsi üçün əsas hesab edilə bilməz. Sadalanan hallardan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş bütün xüsusatlar mövcuddur.

4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırmışdır. İddiaçı 07.01.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyul 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 18 dekabr 2020-ci il tarixli 38 nömrəli güzəştli arayışında 20.07.1981-28.11.1994-cü il tarixləri arasındakı dövr ərzində toxucu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisədə onun iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində işlədiyi toxucu vəzifəsinin zərərli işlərlə məşğul olan vəzifə olmasına dair hər hansı sənəd aşkar edilməmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialının 19 mart 2021-ci il tarixli BA-01133-2021 nömrəli aktı ilə təsdiq edilmişdir (aktın surəti əlavə olunur). Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın toxuculuq istehsalatı bölməsində (32) toxucular: metal və sintetik tor toxuyan toxucular vəzifəsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə həmin dövr üzrə işlədiyi toxucu vəzifəsi yuxarıda qeyd olunan metal və sintetik tor toxuyan toxucular vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.

5. X2 verilmiş diploma əsasən 01.09.1980-20.07.1981-ci illərdə texniki peşə təhsili almışdır.

6. Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X3 nikahdan sonra Məmmədova soyadı verilmişdir.

7. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının əmək kitabçasından görünür ki: 20.07.1981-28.11.1994-cü illərdə toxucu; 05.12.1994-21.11.2000-ci illərdə qablaşdırıcı; 10.01.2001-16.01.2006-cı illərdə yardımçı fəhlə; 06.01.2009-30.04.2010-cu illərdə xadimə işləmişdir.

8. "xxxx" ASC tərəfindən Məmmədova (Abbasova) Qətibə Adışirin qızına verilmiş güzəşt, eləcə də aydınlaşdırıcı arayışa əsasən, o həqiqətən 90№-li Əmrlə 20.07.1981-ci ildən toxucu vəzifəsinə qəbul edilmiş və Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) 28.11.1994-cü il tarixdə 206№-li əmrlə işdən azad edilmişdir. Məmmədova (Abbasova) Qətibə Adışirin qızı kombinatda toxucu sexində işləyərkən təbii ipək, pambıq, kətan və yun materiallarından eləcə də süni və sintetik tor toxuması ilə məşğul olmuşdur. Odur ki, Məmmədova (Abbasova) Qətibə Adışirin qızının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısının toxuculuq istehsalatı adlanan 32ci bölməsinin toxucular: metal və sintetik tor toxuyan toxucular peşəsi; Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalarların və peşələrin siyahısının toxucular metal və sintetik tor toxuyan toxucular peşəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Məmmədova (Abbasova) Qətibə Adışirin qızının zərərli iş stajı 13 il 4 ay 8 gün təşkil edir. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı Sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən BakıKomvol Kombinatı "xxxx" ASC adlandırılmışdır.

9. “Azərnəqliyyatyollayihə” Layihə İnstitutu tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən 10.01.2001-ci ildə 02№-li əmrlə yardımçı fəhlə işinə qəbul edilmiş və 16.01.2006-cı ildə 05 saylı əmrlə işdən azad edilmişdir. Müəssisənin dövlət sosial sığorta ayırmaları üzrə borcu yoxdur.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, 07.01.2021-ci il tarixədək müraciət etməməsinin səbəbi güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun olduğunun bilməməsi ilə əlaqədar olmuşdur.

11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə etiraz etmədi, güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

14. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

15. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

17. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

18. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

19. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 09.02.2021ci il tarixdə imtina edilmişdir.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

25. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

26. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

27. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

30. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra (qanun 01.07.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

32. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

33. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

34. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 01.01.2006-cı il tarixə qədər stajı əmək kitabçasına əsasən ən azı 25 ildir (25 il 02 ay, 08 gün).

35. Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki: İddiaçı 20.07.1981-28.11.1994-cü illərdə toxucu işləmişdir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 32-ci bölməsinə toxucular: metal və sintetik tor toxuyan toxucular, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təstiq edilmiş 2№li siyahının XX. Yüngül sənaye bölməsinin 1-ci yarımbəndinə (Toxuculuq sənayesi) süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları (kod 2200200a—11602) uyğun göstərilmişdir. Odur ki, iddiaçının zərərli iş stajı 13 il 04 ay 08 gündür. Qeyd edilən hal iş yerindən arayışlarla da təsdiqlənmişdir.

36. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (20 il iş stajı, bu müddətin azı 10 ilini əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (52 yaş).

37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

38. İddiaçı xx.xx.1962-ci ildə anadan olub və 52 yaşının tamam olduğu 01.10.2014-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə 07.01.2021-ci il tarixdə müraciət etmişdir.

39. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 01.10.2014-cü il tarixdən yaranmasına baxmayaraq, 07.01.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Qanunvericilikdə pensiya fərqinin birdəfəlik ödənilməsi hüququ nəzərdə tutulmamışdır və məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) tərəfindən bildirilmişdir ki, həmin tarixə qədər müraciət etməməsinin səbəbi güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun olduğunun bilməməsi ilə əlaqədar olmuşdur.

40. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.

44. Odur ki, iddia qismən təmin edilməli, 52 yaşının tamam olduğu 01.10.2014-cü il tarixdən iddiaçıya güzəştli pensiya təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, pensiya hüququ 01.10.2014-cü il tarixdən yarandığından pensiya təyinatı üçün müraciət etdiyi 07.01.2021-ci il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni 07.01.2018-ci il tarixdən yaranmış pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Belə ki, iddiaçının müvafiq müraciətin göstərilən tarixədək təqdim edilməməsinin onun səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir.

45. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

46. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

47. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu 01.10.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı 07.01.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar