Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10602/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Nərimanov rayon Bələdiyyəsinin 43 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Nərimanov rayon Bələdiyyəsinin 17 may 2024-cü il tarixli 43 saylı sərəncamına əsasən torpağın icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli 3 saylı müqaviləsi ləğv edilmişdir. Sərəncam onunla əsaslandırılmışdır ki, ünvan həmin sahəyə aid deyil və torpaq sahəsi uzun müddət istifadə edilmədiyinə görə müqavilə ləğv edilməlidir. Aşağıdakılara əsasən həmin sərəncam qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, cavabdeh Nərimanov Bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixli 3 saylı müqavilə ilə Bakı şəhəri, İsaqzadə qəsəbəsi, 123 ünvanda 216 kv.m torpaq sahəsinə görə torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi onun istifadəsinə verilmiş, iddiaçı tərəfindən müqavilə şərtlərinə tam əməl edilmiş və hazırda müqavilənin müddəti 2030-cu ilədək uzadılmışdır. Buna baxmayaraq, cavabdeh 2030-cu ilədək qüvvdə olan icarə müqaviləsinin ləğvi barədə qanunsuz sərəncam vermişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-454/2023 saylı xx.xx.2023- cü il tarixli Qətnaməsinə əsasən ondan iddiaçı X1 xeyrinə maddi və mənəvi zərərə görə 5779 AZN pulun tutulması qət edilmişdir. Qətnamədən aydın olur ki, iddiaçı ona məxsus torpaq sahəsindən qanunsuz işlərin görülməsinin qarşısı alınarkən üzləşdiyi maddi və mənəvi zərəri tələb etmişdir. Məhkəmədə Nərimanov Bələdiyyəsi torpaq sahəsinin onun istifadəsində olduğu, torpaq sahəsinə dair bütün ödənişlərin vaxtında edildiyi və borcun olmadığı həmçinin müqavilənin şərtlərinin pozulmadığına görə müddətinin 2030-cu ilədək uzadıldığını təsdiq etmişdir. Cavabdeh torpaqdan istifadəyə dair hər hansı etiraz ifadə etməmişdir. Buna baxmayaraq, sonradan heç bir qanuni əsas olmadan müqavilənin ləğv edilməsi barədə 17 may 2024-cü il tarixli 43 saylı Sərəncam vermişdir. Halbuki, 17 may 2024-cü il tarixli 43 saylı müqaviləyə əsasən cavabdehin belə bir hüququ yoxdur. Əlavə olunmuş qəbzlərdən görünür ki, icarə haqqları tərəfidən ödənilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından görünür ki: -“İcarəyəverən” Nərimanov rayon Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında bağlanmış “Torpağın icarəyə verilməsinə dair” xx.xx.2005-ci il tarixli 03 saylı Müqaviləyə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 216 kv.m olan Bakı şəhəri, İsaqzadə qəs. Ev 123 ünvanında olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçiyə” 5(beş) il müddətinə istifadəyə verir, “İcarəçi” isə qəbul edir. İcarə haqqı xx.xx.2005-ci il tarixdən hesablanır. Müqavilənin şərtləri tərəflərin heç birinin təşəbbüsü ilə pozulmadığı halda müqavilə növbəti il üçün uzadılır. -Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli sərəncamında qeyd olunmuşdur ki, Nərimanov Bələdiyyəsinin ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ilə ünvan 4 ünvanındakı 211 kv torpaq sahəsinin abadlıq məqsədilə 5 il müddətinə icarəyə verilməsinə dair bağlamış 14 aprel 2005-ci il tarixli 03 saylı icarə müqaviləsinin ünvanın həmin sahəyə aid olmaması, ayrılmış torpaq sahəsindən uzun müddət istifadə edilməməsi səbəbindən antisanitar vəziyyətin yaranmasını nəzərə alaraq icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. -Cavabdeh xx.xx.2021-ci il tarixli 04/223 nömrəli Arayışında qeyd olunur ki, verilir ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ilə Nərimanov Bələdiyyəsi arasında bağlanmış 14 aprel 2005- ci il tarixli, 03 saylı müqaviləyə əsasən İsaqzadə qəsəbəsi, ev 123 ünvanında 216 m2 torpaq sahəsi müqavilənin şərtləri heçbiri tərəfindən pozulmadığına görə 25 il müddətinə 2030-cu ilə kimi uzadılsın. -Cavabdeh xx.xx.2023-cü il tarixli Q-406 nömrəli Arayışında qeyd olunur ki, xx.xx.2005-ci il tarixli 3 saylı müqavilə ilə Bakı şəhəri, İsaqzadə qəs,123 ünvanda 216 kv.m torpaq sahəsinə görə torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.5 şərtləri tərəflərin heç birinin təşəbbüsü ilə pozulmadığına görə müqavilə növbəti illər üçün uzadılmışdır. İllər üzrə icarə haqqı ödənildiyi üçün həmin müqavilə qüvvədədir. -Cavabdeh xx.xx.2024-cü il tarixli 03/357 nömrəli Arayışında qeyd olunur ki, Nərimanov rayonu, İsaqzadə qəs.123 ünvanında yerləşən 211 kv.m torpaq sahəsinə görə Nərimanov Bələdiyyəsi ilə 5 il müddətinə torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtləri tərəflərin heç biri tərəfindən pozulmadığına görə müqavilə uzadılmış və xx.xx.2024-cü ilə kimi torpaq icarə haqqı borcu yoxdur. -Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 454/2023 nömrəli Qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı "maddi zərərə görə 5502 manat, mənəvi zərərə görə 200 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 123 manatın 77 manatı, cəmi 5779 (beş min yeddi yüz yetmiş doqquz) manat məbləğində pulun tutularaq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən 216 kv.m olan torpaq sahəsi xx.xx.2005-ci il tarixli 03 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş, Bakı Şəhəri Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 43 nömrəli sərəncamı ilə 14 aprel 2005-ci il tarixli 03 saylı icarə müqaviləsi ləğv edilmişdir. Hazırkı iddiasında iddiaçı adəçəkilən sərəncamın ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İ hissəsinə görə bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam. Konstitusiyanın 145-ci maddəsinin İ hissəsinə görə bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin İİ hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçının istifadə verilmiş torpaq sahəsinə dair müqavilənin ləğvi birtərəfli qaydada qəbul edilmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. -51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı İİQ-nun tələbinə uyğun maraqlı şəxs statusunda bilavasitə müqavilə tərəfi olan iddiaçını məlumatlandırmadan, onun bilavasitə iştirakını təmin etmədən icarə müqaviləsini ləğv etmiş, bununla da İİQ-nun qeyd edilən prosessual normalarının tələblərini pozmaqla iddiaçı üçün əliverişsiz inzibati akt qəbul etmişdir. Təkcə bu hal cavabdehin sərəncamının prosessual normaların tələblərinin pozulması ilə qəbul olunduğundan ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən mübahisələndirilən sərəncamda cavabdeh 14 aprel 2005-ci il tarixli 03 saylı icarə müqaviləsinin ünvanın həmin sahəyə aid olmaması, ayrılmış torpaq sahəsindən uzun müddət istifadə edilməməsi səbəbindən antisanitar vəziyyətin yaranmasını nəzərə alaraq müqaviləni ləğv etmişdir. Halbuki, iş üzrə iddiaçıya ayrılmış 216 kv.m torpaq sahəsinin yerləşmə cizgisi bələdiyyə tərəfindən tərtib edilmiş, torpaq sahəsi bələdiyyə tərəfindən vergi uçotuna alınaraq iddiaçı torpaq vergisinə cəlb edilmişdir. Eyni zamanda müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş kassa mədaxil orderi qəbzlərinə əsasən iddiaçı tərəfindən bələdiyyə büdcəsinə müvafiq illər üzrə torpaq vergisi ilə yanaşı torpaq sahəsinə görə icarə haqları ödənilmişdir. Bundan əlavə cavabdeh orqan özünün xx.xx.2021-ci il tarixli 04/223 nömrəli, xx.xx.2023-cü il tarixli Q-406 nömrəli və sonuncu dəfə xx.xx.2024-cü il tarixli 03/357 nömrəli arayışında da İsaqzadə qəsəbəsi, ev 123 ünvanında 216 kv.m torpaq sahəsinə dair müqavilənin şərtlərinin heç biri tərəfindən pozulmadığı, buna görə növbəti illər üçün müqavilə müddətinin uzadıldığını və xx.xx.2024-cü ilə kimi torpaq icarə haqqı borcnun olmadığını bildirməklə cavabdeh torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu, istifadədə olan torpağın məhz xx.xx.2005-ci il tarixli 03 nömləi müqavilə ilə iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu, icarə müqaviləsinin həmin sahəyə aid olmasını bilavasitə təsdiq etmişdir. Bundan əlavə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-454/2023 nömrəli qanuni qüvvəsini almış qətnaməsindən İddiaçı tərəfindən həmin torpaq sahəsində söküntü və təmizlik işlərinin aparıldığı və qeyd edilən söküntü və təmizlik işləri nəticəsində torpaqdan faktiki istifadə etmiş X2 aid əmlakın söküldüyü və bununla da sonuncuya maddi zərər dəydiyi müəyyən olunmuşdur. Dolayısı ilə iddia olunan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müəyyən olunmaqla bərabər üçüncü şəxsin həmin torpaq sahəsində müəyyən əşya və hasara sahib olduğu, lakin həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığı öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın qəbul edilməsi zamanı yuxarıda qeyd olunun qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan, qəbul edilmiş sərəncam iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən iddia tələbi təmin edilməli, mübahisələndirilən sərəncam ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Nərimanov rayon Bələdiyyəsinin 43 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10602/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10602/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver