Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1063/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “çıxarışın verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 nömrəli qərarı ilə Bilgəh qəsəbəsinin ərazi hüdudları daxilində ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə torpaq sahəsi almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə müraciət etmişdir. Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 nömrəli Qərarı ilə Bilgəh qəsəbəsinin ərazi hüdudları daxilində 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. xx.xx.2007-ci il tarixli, BEB № 220203 nömrəli kassa mədaxil orderinə əsasən, İddiaçı tərəfindən 1632 (bir min altı yüz otuz iki) manat məbləğində pul vəsaiti Bilgəh Bələdiyyəsinin hesabına köçürülmüşdür. Bilgəh Bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktla da yuxarıda qeyd edilən hallar öz əksini tapmışdır. Bilgəh Bələdiyyəsinin sədri və mühəndis tərəfindən təsdiq edilmiş torpaq sahəsinin eskiz sxemində İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə sxemi (cizgisi) öz əksini tapmışdır. Eyni zamanda, Bilgəh Bələdiyyəsi tərəfindən Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli 350/1 nömrəli məktubla və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə ünvanlanmış xx.xx.2007-ci il tarixli 349/1 nömrəli məktubla tərəflər arasında baş vermiş alqı-satqı barədə yuxarıda qeyd edilən orqanlara rəsmi məlumat verilmişdir. İddiaçı qeyd olunan 600 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh 14 mart 2024-cü il tarixli məktubu ilə İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, həmin məktubda qeyd edilir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Bu səbəbdən də İddiaçı imtina cavabı verilmişdir. Hesab edilir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin cavabı tamamilə formal xarakter daşıyır və yuxarıda qeyd edilən sənədlər əsasında İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müvafiq qərardadı ilə Bilgəh bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafəsi qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiyasında uyğunsuzluq olduğundan cizginin göstərilən sahəyə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən yolun əks tərəfində Vişnyovka 1 bağ massivi yerləşir və həmin ərazidə bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatdan keçmiş sahələr var. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 0.095 ha olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçı tərəfin cavabdehin etirazına münasibətdə təqdim etdiyi yazılı mülahizəsində bildirilmişdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, həmin ərazidə bağ sahələrinə dair hüquqmüəyyənedici sənədlər əsasında qeydiyyatdan keçmiş sahələr var. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 0.095 ha olduğu müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırkı mübahisə üzrə iddia tələbi 0.095 ha torpaq sahəsində üzərində deyil, 600 m2 torpaq sahəsi (0,06 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Cavabdeh həmçinin etirazında qeyd etmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində istinad məsafəsi qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiyasında uyğunsuzluq olduğundan cizginin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, elektron kadastr baza məlumatlarına əsasən yolun əks tərəfində Vişnyovka 1 bağ massivi yerləşir. Cavabdehin bu mövqeyi ilə bağlı bildirilir ki, həmin ərazi Bilgəh kəndinin ərazi hüquqlarında yerləşir və Vişnyovka ərazi ilə heç bir əlaqəsi yoxdur. Yəni torpaq sahəsinin heç bir hissəsi Vişnyovka 1 bağ massivinə düşmür. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, 0.095 ha torpaq sahəsində üzərində yox, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 nömrəli Qərarı ilə Bilgəh qəsəbəsinin ərazi hüdudları daxilində iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 m2 torpaq sahəsi (0,06 ha) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılaraq təmin edilməmişdir. -Bakı şəhəri Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 nömrəli qərarından görünür ki, Bilgəh qəsəbəsi ərazisindən 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçıya ayrılmışdır. -Torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Bilgəh bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə 048 saylı, xx.xx.2007-ci il tarixli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bilgəh bələdiyyəsinin bank hesabına əvvəlcədən 1632,00 AZN haqq ödənilmişdir. Torpaq sahəsinin eskiz sxemi qərara əlavə edilmişdir. -220203 nömrəli, xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini (1632,00 AZN) bələdiyyəyə ödəmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi hasar daxilindədir. Faktiki sahəsi 0.095 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edirik ki, bağ massivlərinə dair ayrıc aktı olmur. Həmçinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən sözügedən torpaq sahəsi Vişnyovka bağ massivinin nömrə qeyd olunmayan hissəsinə düşür. Sonradan bu ərazilərdə hər hansı bağ sahələri ayrılıb-ayrılmaması barədə bazada məlumat yoxdur. Bundan əlavə torpaq sahəsinə dair ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-8143/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/743 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: Qərardadın 1-ci sualı üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsinin 048 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: XY 4419330.48 4488999.87 419337.10 4488972.70 419277.75 4488977.61 419279.87 4488964.84 Qərardadın 2-ci sualı üzrə: Təqdim olunan torpaq sahəsinin baxış zamanı əldə olunan texniki parametrləri ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsi tərəfindən tərtib olunmuş cizginin göstəriciləri müqayisə edilərkən, həmin torpaq sahəsinin cizgiyə uyğun olaraq 600 kv.metr torpaq sahəsi olduğu müəyyən edilmişdir. Qərardadın 3-cü və 5-ci sualları üzrə: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, İddiaçı qızının faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsi, Bakı şəhər, Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. Qərardadın 4-cü sualı üzrə: İş materiallarına əlavə edilmiş xəritə materiallarında həmin torpaq sahəsinin Vişnyovka 1 bağ sahəsində yerləşməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının məqsədi Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 saylı qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi dəlillər bunlardır: 1. Torpaq sahəsinin alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 2. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması; 3. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasının müəyyən edilməməsi; 4. İddia olunan torpaq sahəsinin faktiki ölçüsünün 0.095 ha olması. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslarından biridir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanundan: 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun yarandığını bələdiyyə tərəfindən verilmiş qərarın mövcudluğu ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, torpaqayırma sənədi qismində çıxış edən bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas verir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Belə ki, iddiaçı Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 saylı qərarını, ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxemi, alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edən aktı və ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməsinə dair ödəniş qəbzini təqdim etmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan, həmçinin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da təqdim edilmiş sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi məsələsinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, plan – ölçünün hazırlanması və s. torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid məsələdir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticlər yaradır. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası qismində çıxış edə bilməz. Cavabdehin imtina əsası kimi istinad etdiyi digər hallar- torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmaması, yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi səbəbindən cizgidəki ərazinin iddia edilən sahə ilə eyniliyinin müəyyən edilməsinin mümkün olmaması və torpaq sahəsinin faktiki ölçüsünün 0.095 ha olması isə iş üzrə təqdim edilmiş ekspertiza rəyi ilə təsdiqini tapmır. Əksinə, müvafiq tədqiqat nəticəsində iddiaçının naturada göstərdiyi sahənin Bakı şəhər Bilgəh bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi və bələdiyyə tərəfindən tərtib edilmiş cizgiyə uyğun 600 kv.m torpaq sahəsi olduğu müəyyən edilmişdir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçı faktiki sahəyə deyil, Bələdiyyə qərarı ilə ayrılmış sxem daxilindəki 600 kv.m torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasına iddia edir. Məhkəmə ekspertin rəyinin əsaslılığına şübhə yaradan hər hansı hal müəyyən etmədiyindən həmin rəyi mötəbər sübut kimi qəbul edir. Eyni zamanda, cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/743 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edildiyindən qeyd olunan pul vəsaiti cavabdehə aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22)) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 048 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 600 kv.metr sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2n üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1063/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1063/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver