Məhkəmə qərarları › İş №e-2-1(112)-10636/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10636/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10636/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 2500 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, həmin hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 258 saylı sərəncamına əsasən Kürdəxanı qəsəbəsində fərdi yaşayş evinin tikintisi üçün 2500 kv. metr torpaq sahəsi İddiaçı adına ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildirişinə əsasən, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətə baxılmış və nəticə etibarilə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi)ndə istinad məsafəsi qeyd edilmədiyindən imtina edildiyi bildirilmişdir. Qeyd edilən imtina əsassızdır. Belə ki, torpağın ayrılmasına dair əsas sənəd olan Qərar və yerləşmə sxemi müraciətə əlavə edilib. Bundan başqa həmin ərazi Sabunçu rayon inzibati ərazi hüdudlarında yerləşdiyindən, qeyd edilən torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Qonşuları həmin torpaq sahələrinə çıxarışlar əldə ediblər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Kurdəxanı qəsəbəsi ünvanında yerləşən 2500 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsinin İdarənin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-ci il tarixli, **********15 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən qeyd olunan torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. X2 Bakı filialının məktubuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlərYuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 04 mart 2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” 258 №li 09 mart 1999-cu il tarixli sərəncamından müəyyən olunur ki, qeyd olunan sərəncamla İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsində 2500 kv. metr torpaq sahəsinin ayrılması qərara alınmış və sonuncunun adına həmin torpaq sahəsinə dair eskiz (cizgi) sxem hazırlanmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli imtina bildirişində qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən qeyd olunan torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. X2 Bakı filialının məktubuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 18 iyun 2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, İddiaçı aid Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2500 kv. metr, faktiki 2500 kv. metr təşkil edir. Torpaq sahəsinin sərhədləri şərtidir. 1 tərəf yol, 3 tərəf qonşudur. Göstərilən torpaq sahəsi təqdim edilmiş yerləşmə sxeminə uyğundur. Göstərilən torpaq sahəsinin künc nöqtələri mərz nişanlarıdır. Göstərilən torpaq sahəsinin mövud vəziyyətinə və yerləşmə sxeminə uyğun koordinat cədvəli baxılması üçün akta əlavə olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.

3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

MƏHKƏMƏNİN MÖVQEYİ.

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Sabunçu RİH-nin 09 mart 1999-cu il tarixli sərəncamına əsasən ona ayrılmış fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 2 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir:

1. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən qeyd olunan torpaq sahəsinin sərhədlərinin şərti olduğunun müəyyən edilməsi;

2. Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasının müəyyənləşdirməyin mümkün olmaması. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi hallara keçməzdən əvvəl, iddiaçının torpaq üzərində hüququnun yaranmasının əsası kimi Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 258 №-li sərəncamın mövcudluğuna münasibət bildirməyi zəruri hesab edir. Belə ki, həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Köhnə Azərbaycan Respublikası Torpaq Məcəlləsinə (1991-ci il redaksiyasına) görə: 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; 9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; 100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; 2-ci hissəsinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; 23-cü hissəsinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; 25-ci hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; 26-cı hissəsinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahələrinin geri alınması və dövlət və ictimai ehtiyaclar üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları”nın: Bu Qaydalar, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması qaydalarını tənzimləyir.

1. Torpaq sahələrinin geri alınması və ayrılması haqqında vəsatətə baxmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq sahəsinin geri alınması və ayrılması haqqında vəsatət qaldıran aidiyyəti orqanların hüquqi və fiziki şəxslərin (sifarişçinin) nümayəndələrinin bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər torpaq şöbələri hazırlayırlar.

5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan fiziki və hüquqi şəxslərə istifadəyə verilmiş torpaq sahələri dövlət ehtiyacları üçün torpaq sahələri istifadəçilərinin razılığı olduqda, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyənin qərarı əsasında Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə geri alına bilər. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab edilir. Belə ki, yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq ayırma barədə sərəncamlar mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir ki, iddiaçı da həmin sənəd əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda istinad olunan sərəncamdan da göründüyü kimi iddia olunan torpaq sahəsi sərəncam əsasında və yerləşmə cizgisi əsasında iddiaçıya ayrılmışdır ki, həmin sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçıya mübahisəli torpaq sahəsi Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 258 №-li sərəncamı əsasında ayrılmışdır. Həmin sənəd isə qərarda istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənəd öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüquqlarının imtinasının əsası kimi torpaq sahəsinin sərhədlərinin şərti olduğu müəyyən edilmişdir. X2 Bakı filialının məktubuna əlavə olunmuş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçülərdə uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla bağlı isə məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq əsasən təqdim edilmiş “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, torpaq sahəsinin sərhədləri şərtidir. Göstərilən torpaq sahəsi təqdim edilmiş yerləşmə sxeminə uyğundur. Göstərilən torpaq sahəsinin künc nöqtələri mərz nişanlarıdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 2500 kv. metr torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmaqla, həmin hüququnu təsdiq edən çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar