Məhkəmə qərarları › İş №e-2-1(112)-10642/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10642/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10642/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m. olan, 4 otaqlı, 28 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m. olan, 4 otaqlı, 28 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 10 iyun 2011-ci il tarixli, 09 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 28 nömrəli mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 21 saylı arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 28 nömrəli mənzilin dəyəri qalıq olmadan 100% İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 28 nömrəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının ərizə ilə mürəciət etdiyi vaxtdan 35 (otuz beş) gündən çox vaxt keçməsinə baxmayaraq hələ də cavablandırılmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən çoxmənzilli yaşayış binası dövlətin pilot layihəsi əsasında "xxxx" MTK tərəfindən inşa edilmişdir. Bundan sonra "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 358 nömrəli istismara icazə sənədinə əsasən icazə verilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yaşayan bəzi sakinlərə məhkəmə qərarlarına əsasən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyətə dair çıxarış və texniki pasportlar verilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 200 kv.m olduğu məlum olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MTK üzvlərinin ümumi iclasının 10 iyun 2011-ci il tarixli, 09 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 28 nömrəli mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir; "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli 21 saylı arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m olan, 4 otaqlı, 28 nömrəli mənzilin dəyəri qalıq olmadan 100% İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli məkltubla məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli, 358 №li icazə sənədindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. İcazə sənədinin 8-ci bəndində qeyd edilmişdir ki, AR Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən, yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlik baxımından istismara yaralılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən yaşayış binasının istismarına icazə verilsin. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 3.0.42. sifarişçi – tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslər; … 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İddiaçının "xxxx" MTK-nın üzvü olması, onunla MTK arasında bağlanmış mənzil tikintisi müqaviləsi əsasında mənzilin dəyərinin tam ödənməsi və mübahisə predmeti olan mənzilin Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllədə Q.Quliyev küçəsi 38 ünvanında yerləşməsi işin mübahisələndirilməyən halı olmaqla iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin etirazının əsasının, binanın istismara icazə sənədinin İdarəyə təqdim edilməməsi və mənzilin ölçü fərqinin olması təşkil edir. Hazırkı mübahisə predmeti olan mənzilin yerləşdiyi çoxmərtəbəli binanın istismara icazə verilməməsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktub və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş "xxxx" MTK-ya məxsus Q.Quliyev 38 saylı binaya dair 31 mart 2020-ci il tarixli 358 nömrəli icazə sənədi verilmişdir. Həmin icazə sənədinə əsasən bina 16 (+mansard) mərtəbəli, 95 mənzildən ibarət olan 1 girişli tikilidir. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş icazə sənədinin mübahisə predmeti olan mənzilin yerləşdiyi çoxmərtəbəli binanın istismara icazə sənədi olması müəyyən edildiyindən, cavabdehin binanın istismara icazə sənədinin olmaması ilə bağlı dəlilləri əsassız olmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, sözügedən icazə sənədi müvafiq dövlət orqanı tərəfindən təqdim edilməklə həqiqiliyi şübhə doğurmur. Cavabdehin sözügedən mənzilin sahəsinin faktiki olaraq fərqli olması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin fərq müvafiq müqavilə bağlanarkən mənzilin sahəsinin ölçülməsi ilə hazırda aparılan ölçünün fərqliliyindən qaynaqlandığından və qeyd edilənlərin iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda cavabdehin vurğuladığı “ölçü fərqi” iddianın əsaslılığına təsir edə bilməz. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m. olan, 4 otaqlı, 28 nömrəli mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 212 kv.m. olan, 4 otaqlı, 28 nömrəli mənzilə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar