Məhkəmə qərarları › İş №e-2-1(112)-10643/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10643/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10643/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 38 nömrəli mənzilə dair onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 12 fevral 2014-cü il tarixli, 02 nömrəli protokoluna əsasən "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 38 saylı mənzil, MTK üzvlüyünə qəbul edilmiş İddiaçı verilmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 12 nömrəli arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 38 nömrəli mənzilin dəyəri qalıq olmadan 100% İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 214 kv.m olan, 4 otaqlı, 38 nömrəli mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mürəciət etdiyi vaxtdan 35 (otuz beş) gündən çox vaxt keçməsinə baxmayaraq hələ də cavablandırılmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən çoxmənzilli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 305 nömrəli sərəncamı əsasında "xxxx" MTK tərəfindən dövlətin pilot layihəsi kimi inşa edilmişdir. Bunda sonra "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının istismarına Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanına uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 358 nömrəli istismara icazə sənədinə əsasən icazə verilmişdir. Onu da bildirmək istəyirlər ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yaşayan bəzi sakinlərə məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyətə dair çıxarış və texniki pasportlar verilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Ümumilikdə nəzərə alınmalıdır ki, cavabdehin mövqeyi tamamilə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 200,4 kv.m olan, 4 otaqlı, 38 nömrəli mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında inşa edilmiş yaşayış binasının 38 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********67 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MTK tərəfindən verilmiş “mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 200.4 kv.m-dir. İddiaçı tərəfindən təqdim edilmiş eskiz ilə müqayisədə 11, 12 və 1 saylı sahənin bir hissəsi qonşu mənzilin üzərində əksini tapmışdır və iddiaçının mübahisələndirdiyi mənzilin bir hissəsi qonşu mənzildədir, giriş qapısının istiqaməti dəyişdirilmişdir. Belə ki, mənzildə rekonsturksiya mövcuddur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. "xxxx" MTK-nın üzvlüyünə qəbul və mənzillərin payçıların arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2014-cü il tarixli, 02 nömrəli protokolu ilə iddiaçı "xxxx" MTK-ya üzvlüyə qəbul edilmiş və onun razılığı ilə həmin kooperativin binasında Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yaşayış binasında sahəsi 214 kv.m, 9-cu mərtəbədə yerləşən 4 otaqlı 38 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir.

9. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 12 fevral 2014-cü il tarixli mənzil tikinti müqaviləsi ilə MTK ünvan 4 ünvanında yerləşən və tikilməkdə olan binasında 38 nömrəli mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri təqdim edilmiş maliyyə arayışına əsasən tam olaraq ödənilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş eyni faktiki hüquqi hallara söykənən digər analoji inzibati iş üzrə məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-35/2-1237/2023 nömrəli məktubla "xxxx" MTK-ya məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 358 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İstismara icazə sənədinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsi, 987-ci məhəllə, 1 girişli, zirzəmili, 16 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına xx.xx.2020-ci il tarixdən icazə verilmişdir.

11. İddiaçı sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

12. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixə tərtib edilmiş qiymətləndirmə hesabatına əsasən müraciət üzrə aparılan tədqiqat işlərinin nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi, ev 35, 38 saylı mənzilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Daxili konstruksiya və daşıyıcı divarlarda heç bir dəyişiklik mövcud deyil. Mənzilin ümumi sahəsi müavilədə 214.0 kv.m göstərilməsinə baxmayaraq faktiki ölçü üzrə naturada 200.4 kv.m təşkil edir. Mənzil hal-hazırda dörd otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olmaqla binanın ilkin satış layihəsindəki formadadır. Mənzilin giriş qapısı və daxili otaqların bölgüsü binanın ümumi layihəsində nəzərdə tutulan formadadır. Yəni digər mərtəbələrdə eyni tipli evlərdəki kimidir. Mənzilə naturada baxış keçirilərkən layihədən kənar, yəni digər mənzillərdən birləşdirmələr və ya ayrımalar aşkar olunmamışdır.

13. İddiaçının nümayəndəsi və vəkili tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada olan digər mənzillərə dair cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, ... müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, ...

21. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən olunmuş mübahisəli hallarla bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş MTK tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış mənzilin sahəsinin 214 kv.m təşkil etməsi qeyd olunsa da, sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatında da, mənzilin faktiki sahəsinin 200.4 kv.m təşkil etməsi müəyyən olunmuşdur. Cavabdehin sözügedən mənzilin sahəsinin faktiki olaraq fərqli olması barədə dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin fərq müvafiq müqavilə bağlanarkən mənzilin sahəsinin ölçülməsi ilə hazırda aparılan ölçünün fərqliliyindən qaynaqlandığından, mənzildə hansısa rekonstruksiya (artırılma) işlərinin aparılması müəyyən edilmədiyindən, cavabdeh tərəfindən də bu hala istinad edilmədiyindən və qeyd edilənlərin iddiaçının iradəsindən və müdaxilə imkanından kənar olması nəzərə alındıqda cavabdehin vurğuladığı “ölçü fərqi” iddianın əsaslılığına təsir edə bilməz. Beləliklə işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Eyni zamanda, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə aparılaraq mənzilin faktiki ölçüsünə uyğun qeydə alınması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

22. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının "xxxx" MTK-nın üzvü olması, onunla MTK arasında bağlanmış mənzil tikintisi müqaviləsi əsasında mənzilin dəyərinin tam ödənməsi və mübahisə predmeti olan mənzilin Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllədə H.Ələsgərov küçəsi 35 ünvanında yerləşməsi işin mübahisələndirilməyən halı olmaqla iş materialları ilə öz təsdiqini tapır.

23. İşin mübahisəli halı ondan ibarətdir ki, binanın istismara icazə sənədi yoxdur.

24. Hazırki mübahisə predmeti olan mənzilin yerləşdiyi çoxmərtəbəli binanın istismara icazə verilməməsi bağlı cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan analoji iş üzrə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa edilmiş "xxxx" MTK-ya məxsus H.Ələsgərov küçəsi 35 saylı binaya dair xx.xx.2019-cu il tarixli 358 nömrəli icazə sənədi verilmişdir.

25. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş etirazın əsaslarının məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş icazə sənədinin mübahisə predmeti olan mənzilin yerləşdiyi çoxmərtəbəli binanın istismara icazə sənədi olması müəyyən edildiyindən, cavabdehin binanın istismara icazə sənədinin olmaması ilə bağlı dəlilləri də, əsassız olmuşdur. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, sözügedən icazə sənədi müvafiq dövlət orqanı tərəfindən təqdim edilməklə həqiqiliyi şübhə doğurmur.

27. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş analoji çıxarışlara əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi binalara artıq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən çoxsaylı çıxarışlar verilmişdir. Belə olan təqdirdə isə cavabdeh tərəfindən iddiaçıya münasibətdə fərqli mövqeyin sərgilənməsi vətəndaşların konstitusion hüquqlarından biri olan bərabərlik hüququna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmiş bərabərlik prinsipinə zidd hal kimi qiymətləndirilməlidir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən mənzil sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

29. Oxşar analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2499/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında sərgilənmişdir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 200,4 kv.m olan, 4 otaqlı, 38 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar