Məhkəmə qərarları › İş №e-2-1(112)-10659/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10659/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10659/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 2000-ci tarixli icarə müqaviləsinə əsasən İddiaçı faktiki istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 6778 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixlil qərardadı ilə iş üzrə X5 (bundan sonra üçüncü şəxs) məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 13 mart 2000-ci tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Keçmiş X2 tərəfindən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci tarixli, 218 saylı protokulu əsasında Ləhiş bağlar massivində sahəsi 1200 kv metr olan, 6778 saylı bağ sahəsi verilmişdir. Bir müddət sonra, bu bağ sahəsi "xxxx" MMCyə özəlləşdirilmiş əraziyə düzülmüş və kompensasiya olaraq 7027 saylı 1200 kv metr olan bağ sahəsi verilmişdir. 2012-ci il tarixdə X1 və X4 tərəfindən yazılmış ərizələrə əsasən, torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsinə, onun satılmasına və bağışlanmasına etirazın olmamasına və torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixdə bağlanmış elektrik enerjisi alqı-satqısı müqaviləsi, sayğac quraşdırılması protokolu və torpaq vergisinin ödənilməsinə dair sənədlər də mövcuddur. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Bunu təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcuddur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, elektron kadastr məlumatlarına əsasən “6778” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyəti yoxdur və həmin ərazi bağçılıq yoldaşlığına ayrılmış əraziyə aiddir. Həmçinin idarənin arxiv qovluğunda cizgi mövcud deyil. Bundan başqa, sözügedən torpaq sahəsinə X5 tərəfindən müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş massivində yerləşən 6778 aylı bağ sahəsi ilə bağlı hər hansı bir iddiası və tələbi yoxdur. 2019-cu və ya 2020-ci ildə torpaq sahəsi almış, həmin sahənin satılması üçün etibarnaməni Azad adında şəxsə vermişdir. Torpaq sahəsi Bakı şəhərində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşirdi. Sonradan araşdırmış və müəyyən olunmuşdur ki, torpaq sahəsi qanunsuz rəsmiləşdirilmişdir. Torpaq sahəsinə çıxarış almaq istəmiş, lazimi sənədlər toplamış və sonra müəyyən edilmişdir ki, torpaq sahəsi “Crocus”a aiddir. Odur ki, 2021-ci ildə torpaq sahəsini başqa şəxsə etibarnamə ilə satmışdır. Bələdiyyə ilə “Crocus” arasında heç bir müqavilə yoxdur. O, iddiaçını tanımır. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bağın icarəyə verilməsi haqqında 28782 nömrəli xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Keçmiş X2 tərəfindən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci tarixli 218 saylı protokulu əsasında Ləhiş bağlar massivində sahəsi 1200 kv metr olan 6778 saylı bağ sahəsi iddiaçıya verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 7027 saylı bağ sahəsinə dair sənədin İdarənin arxivində aşkar edilmədiyi bildirilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6778 saylı bağ sahəsinə dair sənədin, müayinə aktının və koordinatların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6778 saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki olaraq 1200 kv.m təşkil edir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2016-cı il tarixli aktına əsasən 13 mart 2000-ci il tarixdə iddiaçıya Bakı şəhəri keçmiş X2 tərəfindən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 218 saylı protokolu əsasında Ləhiş bağlar massivində sahəsi 1200 kv metr olan 6778 saylı bağ sahəsi verilmişdir. Bir müddət sonra, yəni Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında bir çox bağ sahələri kimi iddiaçıya verilmiş 6778 saylı bağ sahəsində, sərəncam əsasında "xxxx" MMC-yə verilən özəlləşdirilmiş 30,0 hektar olan əraziyə düşmüşdür. 6778 saylı bağ sahəsinə kompensasiya olaraq, əvəzində iddiaçıya "xxxx" MMC şirkəti tərəfindən yuxarıda qeyd olunan 7027 saylı 1200 kv metr təşkil edən bağ sahəsi verilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6778 saylı bağ sahəsinin ortofoto görüntüsü və sxematik xəritəsi məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə üçüncü şəxs iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6778 saylı bağ sahəsi ilə bağlı hər hansı iddia və tələbi olmadığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçıya 13 mart 2000-ci tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Keçmiş X2 tərəfindən, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2000-ci tarixli 218 saylı protokulu əsasında Ləhiş bağlar massivində sahəsi 1200 kv metr olan 6778 saylı bağ sahəsi verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İdarənin arxiv qovluğunda cizgi mövcud deyil. Bundan başqa, sözügedən torpaq sahəsinə üçüncü şəxs tərəfindən müraciət olunmuşdur. Qeyd edilməlidir ki, cavabdehin əsaslandığı hallar iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, bağ sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmışdır və faktiki olaraq iddiaçının istifadəsindədir. Həmçinin həmin sahə ilə bağlı halhazırda hər hansı mübahisə mövcud deyildir. Qeyd edilməlidir ki, bağ sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, bu torpaqayırmanı həyata keçirən orqanların səlahiyyətlərinə aid olan bir məsələdir. Belə ki, iddiaçıya torpaq ayrılıb təhvil verilən zaman yaranmış qeyri-dəqiqlik iddiaçının təqsiri ucbatından baş verməmişdir. Digər tərəfdən, üçüncü şəxs məhkəmə iclası zamanı iddiaçını tanımadığını bildirmiş və hazırkı bağ sahəsinə dair tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda iş üzrə üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında iddiaçının istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı iddiasının və tələbinin olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, 13 mart 2000-ci tarixli icarə müqaviləsinə əsasən iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 6778 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki passportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 13 mart 2000-ci tarixli icarə müqaviləsinə əsasən İddiaçı faktiki istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6778 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar