Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1067/2025 14.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən 22.573 m2 torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 30000 m2 boş torpaq sahəsi Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 761/1 nömrəli Sərəncamına əsasən sahibkarlıq fəaliyyəti tikintisi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq torpağın həmin dövrün bazar qiymətlərinə uyğun dəyəri 120.000.000 manat ödəməklə iddiaçıya verilmişdir. Bununla bağlı bələdiyyə ilə MMC arasında torpağın alqı-satqısına dair akt imzalanmış və həmin sənədlərin bir nüsxəsi və torpağın eskizi iddiaçıya verilmişdir. Sözügedən torpaq sahəsinin eskiz planı tərtib edilərək Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Binəqədi qəsəbə bələdiyyəsinin 20 avqust 2019-cu il tarixli, 815 nömrəli arayışından görünür ki, həqiqətən də Binəqədi qəsəbə Bələdiyyəsinin 761/1 saylı, 16 fevral 2004-cü il tarixli sərəncamı ilə "xxxx" MMC mülkiyyətinə 3 ha torpaq sahəsi ayrılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsinin 09 fevral 2022-ci il tarixli 126 nömrəli arayışından görünür ki, həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi, Zəngəzur şadlıq evinin arxa hissəsi ünvanında yerləşən torpaq sahəsinin 2022-ci ilin sonuna kimi torpaq vergi borcu yoxdur. Əlavə olaraq bildirilir ki, sözügedən torpaq sahəsi uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə İddiaçı tərəfindən istifadə edilir və vergi və digər ödənişlər vaxtı- vaxtında iddiaçı tərəfindən ödənilir. Hal-hazırda mübahisəsiz olaraq torpaq sahəsinin 2 hektarı yəni 22,573 m2 iddiaçının qanuni mülkiyyətindədir. Belə ki, xx.xx.2018-ci il tarixli, 7051 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (“Satıcı”) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi,1-ci küçə, 22 C ünvanında yerləşən 16,0 kv.m qeyri-yaşayış binası və 7411,0 kv.m torpaq sahəsini tam dəyərlə 196000,00 manata “Alıcı” "xxxx" MMC-nin təsisçisi X1. Daha sonra "xxxx" MMC-nin təsisçisi X2 adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi,1-ci küçə, 22C ünvanında yerləşən 16,0 kv.m qeyriyaşayış binası və 7411,0 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyətlə xx.xx.2018-ci il tarixli Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı verilmişdir. Sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-nin təsisçisi X4 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 2 hektarı yəni 22,573 m boş torpaq sahəsi daşınmaz əmlak kimi iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2023cü il tarixdə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış 24 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2386/2024 **********86 saylı məktubla imtina edilərək, xx.xx.2023-cü il tarixli **********37 nömrəli məktubla ətraflı cavab verildiyi bildirilmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, müvafiq torpaq sahəsi bələdiyyəyə ayrılmış torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsi bələdiyyə qərarı əsasında sahibkarlıq fəaliyyəti tikintisi üçün verilmişdir və torpaq sahəsi eskiz layihəsi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda qeyd etmək edilir ki, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının faktiki və qanuni mülkiyyətindədir. Qeyd olunanlardan da görünür ki, cavabdeh inzibati orqanın mövqeyi özü-özlüyündə belə tam qanunsuzdur və cavabdehin sözügedən mövqeyi qanunamüvafiq qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, mövcud qanunvericilikdə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sözügedən əsasla hüquqların dövlət qeydiyyatından imtina edilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Həmçinin təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahənin 0,18 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır və sahənin Bələdiyyə ərazisi olubolmaması barədə bazada məlumat yoxdur. Göstərilən əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Eyni zamanda bildirilir ki, torpaq sahəsinin 0.7411 ha hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi, "xxxx" MMC və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər (onların nümayəndələri) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 761/1 nömrəli sərəncamına əsasən, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 71 saylı ümumi iclasının qərarını əsas tutaraq, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 30000 m2 boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün alqı-satqı qaydasında İddiaçı MMC-nin mülkiyyətinə ayrılmışdır. -Torpaqların alqı-satqısına dair aktın və kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. -Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla İddiaçı MMC-yə sahibkarlıq məqsədi ilə ayrılmış Binəqədi qəsəbə Bələdiyyəsinin 761/1 saylı xx.xx.2004-cü il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədləri məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi Bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın məqsədinə mövcud texniki normalara və şəhərsalma sənədləri, həmçinin müvafiq İcra Hakimiyyəti orqanlarının rəyi olmadan qeyd olunan ərazilərdə inşaat işləri aparıla bilməz. Qeyd olunan torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilindədir, kənd təsərrüfatı, sənaye sahəsinə tam yararsız hesab edilən torpaqlar sırasına aiddir. Ona görə də, iddiaçının müraciəti nəzərə alınaraq istehsal müəssisəsi kimi maddi xərclərin hesabına torpaq sahəsi yararlı hala gətirilmişdir. Nəzərə alınmalıdır ki, Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında neft hasilatı ilə heç bir işlər aparılmamış və aparılmır. Sözügedən ərazi istehsalat müəssisəsi kimi fəaliyyət göstərir ətrafı isə yaşayış massivi kimi sakinlər özlərinə fərdi yaşayış evi tikərək yaşayırlar. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 761/1 saylı sərəncamının, xx.xx.2004-cü il tarixli 71 saylı iclas protokolu Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyində qoyulmuş suallara cavab olaraq bildirilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxilİ 3.0 ha təşkil edir. Torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektləri, gözətçi otağı və ofis binası mövcuddur. Göstərilən torpaq sahəsinin üzərində bir ədəd 6kVt-lıq transformator mövcuddur. Həmin transformatora torpaq sahəsinin sərhəddinin üzərindən yüksək gərginlikli (6 kVt-lıq) elektrik hava xətti keçərək daxil olur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qonşu qeydiyyatdan keçmiş sahələr bunlardır: **********15-06301 reyestr nömrəsi ilə “Lider-V X5 Müəssisəsinə və **********26 reyestr nömrəsi ilə X9 məxsus sahə. Qeyd olunanlarla bağlı ortofoto görüntüsü əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin 0,18 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki torpaq sahəsinin 0.7411 ha hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 761/1 saylı sərəncamı ilə MMC-yə ayrılan 3 ha torpaq sahəsindən 2257,3 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini istəyir. Müvafiq tələb üzrə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:
1. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. 2. Yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. 3. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. 4. Torpaq sahəsinin 0.7411 ha hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakla üst-üstə düşür. 5. Bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. 6. Sahənin 0,18 ha hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. 7. Göstərilən əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı MMC-nin naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilsin.
2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 761/1 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış 3 ha torpaq sahəsinin yerləşmə sxemi ilə (cizgisi ilə) iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşürmü? Həmin torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiyası ilə faktiki vəziyyəti arasındakı fərq varmı? Əgər varsa ölçüləri müəyyən edilsin.
3. Göstərilən torpaq sahəsinin mülkiyyət növü müəyyən edilsin. Əgər bələdiyyə mülkiyyəti torpağıdırsa, həmin sahə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşürmü? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/1144 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci sualı üzrə: Göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 3.0 ha təşkil edir.Torpaq sahəsinin üzərində qeyri-yaşayış obyektləri,gözətçi otağı və ofis mövcuddur. Göstərilən torpaq sahəsinin üzərində bir ədəd 6kVt-lıq transformator mövcuddur.Həmin transformasiya torpaq sahəsinin sərhəddinin üzərində yüksək gərginlikli ( 6 kVt-lıq) elektrik hava xətti keçərək daxil olur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən cizgidə heç bir istinad, istinad məsafəsi qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Qərardadın üçüncü sualı üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin 0.18 ha hissəsi eletrik xəttinin mühafizə zonasında yerləşir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilmədir. Eyni zamanda bildirilir ki, torpaq sahəsinin 0.7411 ha hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış əmlakla üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Bu mənada ki, həmin maddənin dispozisiya şərtindən göründüyü kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə üzərində hüquqların qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın (bitişik və qonşuluqda olan) ərazilərdə Binəqədi qəsəbə bələdiyyəsinin torpaq ayırma sənədləri əsasında dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iddia olunan sahənin qonşuluğunda qeydiyyata alınmış sahə Biləcəri bələdiyyəsinin qərarı əsasında ayrılmışdır. Belə olan halda iddiaçının naturada göstərdiyi sahənin Binəqədi qəsəbə bələdiyyəsinin ərazisi hüdudları daxilində yerləşməsi, eləcə də cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MM-yə Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 761/1 saylı sərəncamına əsasən ayrılmış torpaq sahəsi həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından və torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyindən, bu xüsusda iddia olunan sahənin məhz Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamı ilə iddiaçıya ayrılmış sahə olması qənaətinə gəlməyə əsas verən tutarlı sübutlar təqdim edilmədiyindən cavabdehin digər imtina əsasları (təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülərin qeyd edilməməsi, sahənin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi və s.) digər hissələrdə əsassız olsa belə, vəziyyəti iddiaçının lehinə dəyişmir. Belə olan halda, məhkəmə hesab edir ki, digər dəlillərinə münasibət bildirməyə zərurət qalmır. Çünki hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1144 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcin X6, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi İddiaçı MMC-nin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov