Məhkəmə qərarları › İş №e-2-1(112)-10678/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10678/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10678/2025 29.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X2 məxsus olmuşdur. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən hüquq subyekti X3 adına xx.xx.2012-ci il tarixdə **********59-10301 reyestr nömrəli Texniki Pasport tərtib edilmişdir. X5 görünür ki, torpaq sahəsində X2 məxsus, ünvanı ünvan 1ahəsi 219,1 kv.m olan fərdi yaşayış evi mövcud olmuşdur. İddiaçı (bundan sonra – iddiaçı) həmin torpaq sahəsini AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli 4ə-3260 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 almış və onun adına həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin həmin alqı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına xx.xx.2022-ci il tarixdə **********33 reyestr nömrəli 0,06 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Bundan sonra həmin torpaq sahəsində mövcud olmuş fərdi yaşayış evi istismara yararsız vəziyyətdə olduğundan, iddiaçı həmin evin sökülərək yerində yeni fərdi yaşayış evi inşa etmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 15 mart 2025-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə baza məlumatı mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-39863/2024 nömrəli sorğu ünvanlanmışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0,06 ha torpaq sahəsində, ünvan 2 ünvanda yenidən inşa edilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilməklə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərinə uyğun olaraq yaşayış evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında ərizə ilə Səbail rayon İcra Hakimiyyətinə müraciət edilərək, 2 mərtəbəli fərdi yaşayış evinin tikinti niyyəti barədə məlumat verilmiş və qanunla müəyyən edilmiş 10 günluk müddət gözlənilmişdir. Bundan sonra yaşayış evinin tikintisinə başlamış və tikintini başa çatdırmışdır. Fərdi yaşayış evinin tikintisini başa çatdırdıqdan sonra ona məxsus torpaq sahəsində yeni inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evinin tikintisinin başa çatması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, müraciət üzrə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müddət başa çatmışdır. Cavabdehin imtinası tamamilə qərəzli və əsassız olmuşdur. Belə ki, əvvəla, ona görə ki, həmin daşınmaz əmlakın, yəni torpaq sahəsinin və həmin üzərində uzun illər mövcud olunmuş fərdi yaşayış evinin vicdanlı alıcısı və mülkiyyətçisidir. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Bundan əlavə, əgər iddiaçının tam qanuni əsaslarla əldə etdiyi və mülkiyyətində olan torpaq sahəsi neft boru kəmərinin (bağlı neft buruğu) mühafizə zonası daxilinə düşürsə, onda həmin torpaq sahəsindən daha yaxın ərazilərdə minlərlə tikililərin, fərdi yaşayış evlərinin, o cümlədən iddiaçının əmlakı aldığı şəxsə məxsus olmuş fərdi yaşayış evinin necə və hansı qaydada inşa edilməsinə və cavabdeh tərəfindən texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın verilməsinə mütləq aydınlıq gətirilməlidir. Belə ki, həmin fərdi yaşayış evinin yaxınlığında, həmin ərazidə yerləşən istisnasız olan bütün torpaq sahələri və onun üzərində olan fərdi yaşayış evlərinə dair digər vətəndaşların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əks halda, həmin ərazidə yerləşən digər vətəndaşlara məxsus istisnasız olan bütün torpaq sahələri və onun üzərində olan fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmazdı. Nəhayət, həm həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri, o cümlədən iddiaçının adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə, həmin fərdi yaşayış evinin yerləşdiyi “torpaq sahəsinnin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edir, eyni zamanda həmin ərazidə yerləşən istisnasız olan bütün fərdi yaşayış evlərinə dair digər sakinlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı nəzərə alınaraq, bu hal “İnzibati icraat haqqında” Qanunun 18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipinə əsas verir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə baza məlumatı mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-39863/2024 nömrəli sorğu ünvanlanmış. Həmin sorğuya dair təqdim edilən xx.xx.2024-cü il tarixli, 14- 2/2-5677/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Həmçinin torpaq sahəsi 2590 saylı ləğv edilmiş neft-qaz quyusunun 44 m-lik məsafəsində mühafizə zonası daxilində yerləşir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilmisini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iddia tələbində iddiaçının hüquqi marağı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınmasına yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusunun olması barədə baza məlumatı mövcuddur; 2) sözügedən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər; 3) torpaq sahəsi 2590 saylı ləğv edilmiş neft-qaz quyusunun 44 m-lik məsafəsində mühafizə zonası daxilində yerləşir; Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Cavabdehin etirazın dəlilləri ondan ibarətdir ki, fərdi yaşayış evinin yaxınlığında ləğv edilmiş neft quyusu yüksək təyziqli qaz xəttinin mühafizə zonasında yerləşir, torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və torpaq sahəsi 2590 saylı ləğv edilmiş neft-qaz quyusunun 44 m-lik məsafəsində mühafizə zonası daxilində yerləşir. İş matereallarında olan ARDNŞ tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-zqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Həmin koordinatlarda yerləşən torpaq sahəsi 2590 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Topraq sahəsinin daş hasarının 0,20 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-108 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. İş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş ARDNŞ tərəfindən cavabdehə təqdim edilmiş məktuba və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən cavabdehin etirazında göstərilən bu hallar öz təsdiqini tapmışdır. Belə ki, məktuba əsasən həmin koordinatlarda yerləşən torpaq sahəsi 2590 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022-ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular arasında 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Salanan normalara istinad edərək məhkəmə qeyd edir ki, ləğv edilmiş neft quyuları ilə 75 metr mühafizə zolağı müəyyən edilmişdir və iddiaçının inşa etdiyi fərdi yaşayış evi ləğv edilmiş neft quyusunun 44 metr məsafəsində,yəni mühafizə zolağında yerləşir. Bu hal, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi ilə bağlı cavabdehin hərəkətinin qanuni olması nəticəsinə gəlməyə əsas verir. İddiaçı fərdi yaşayış evinin neft quyusunun mühafizə zonasında olmasını mübahisələndirmir və bildirir ki, vicdanlı alıcıdır, həmçinin evinin ətrafında yerləşən daşınmaz əmlakalara cavabdeh tərəfindən mülkiyyyət hüquqları cavabdeh tərəfindən qeydə alınaraq ona münasibətdə bərabərlik və etimadın qorunması prinsipini pozuımuşdur. Məhkəmə iddiaçının vicdanlı olması ilə bağlı qeyd edir ki, daşınmaz əmlaklara mçünasibərdə vicdanlılığı Mülki Məcəllənin 140-cı maddəsi tənzimləyir. Həmin normaya görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı normanın və iddiaçının vicanlı əldə edən olmasının hazırkı mübahsiyə heç bir aidiyyəti yoxdur. İlk növbədə ona görə ki, iddiaçı fərdi yaşayış evini deyil, torpaq sahəsini alqı-satqı ilə almış, alqı-satqı barədə qədin predmetini torpaq sahəsi təşkil etmişdir. Fərdi yaşayış evinə dair mülkiyyət hüququ isə dövlət reyestrində qeydə alınmamış və alqı-satqının predmeti olmamışdır. Evə dair əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş texniki pasport isə hüquqmüəyyənedici sənəd deyil, texniki sənəddir və reyestrdə bu barədə qeyd aparılmamışdır. Digər tərəfdən hazırkı mübahisə üzrə iddiaçının əldə etdiyi torpaq sahəsinə dair reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Torpaq sahəsi hazırda da iddiaçının mülkiyyətindədir və həmin qeyd heç kim tərəfindən mübahisələndirilmir. İddiaçının mənəvi baxımdan vicanlı hətəkət edərək fərdi yaşayış evini inşa etməsi və həmin evə vicdanlı sahiblik etməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin evin ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşməsini istisna etmir. İddiaçının digər arqumenti ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş sorğulara cavabdeh olaraq müəyyən edilmişdir ki, iddiaçının evinin yaxınlığında fərdi yaşayış evi deyil, torpaq sahələri dövlət reyestrində qeydə alınmışdır. İddiaçı isə torpaq sahəsinə deyil, fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Ləğv edilmiş neft quyularının mühafizə rejimi isə, torpaq sahələri ilə deyil, fərdi yaşayış evi və digər tikili və qurğularla müəyyən edilmişdir. Digər tərəfdən iddiaçının evinin yaxınlığında hər hansı bir fərdi yaşayış evinin reyestrdə qeydə alınması halında da, iddiaçının bərabərlik və etimadın qorunması prinsiplərinə istinad etməyə əsas vermir. Belə ki, “İnzibari icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar