Məhkəmə qərarları › İş №e-2-1(112)-10679/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10679/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10679/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və ehtiyata buraxılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Ordu Sıralarında xidmətdədir, xx.xx.2004-cü il tarixdən leytenant rütbəsini alaraq xidmətini bu günə kimi müxtəlif vəzifələrdə davam etdirmişdir. Hal-hazırda N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsində xidmət edir. xx.xx.N1-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlığa raportla müraciət etsə də artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq onun hüquqları kobud şəkildə pozularaq Ordu Sıralarından tərxis olunmağı əvəzinə qanunsuz olaraq onun xidməti yerinin dəyişdirilməyi barədə Quru Qoşunlarının komandanının müvafiq əmri çıxarılmışdır. Həmin vəzifə bir qat əmək haqqı nəzərdə tutulan vəzifə olduğundan iddiaçı həmin vəzifədə daha aşağı əmək haqqı alacaq və bu onun aşağı pensiya məbləği ilə Ordu Sıralarından tərxis olunmağıyla nəticələnəcəkdir. Bəzi vəzifəli şəxslərin qərəzli hərəkətləri nəticəsində onun konstitusion hüququ olan pensiya təminat hüququ məhdudlaşdırılacaq. O, uzun illərdir ki, Orduda qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmışdır. X2 müvafiq əmri qanunsuz olduğundan ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağıyla bağlı əmr verilməsini xahiş etsə də o, Ordu Sıralarından tərxis edilməmişdir. Təqdim etdiyi sübutlardan da aydın görünür ki, onun Ordu Sıralarından tərxis edilməyi ilə bağlı raport yuxarı komandanlığa təqdim edilmiş, onunla hətta tərxis olunmağıyla bağlı iki dəfə söhbətləşmə aparılmışdır. Aparılmış söhbətləşmələrdən sonra onun Ordu Sıralarından tərxis edilməyi əvəzinə xidməti yerinin razılığı olmadığı halda dəyişdirilməsi qanunsuz və əsassızdır. Göründüyü kimi hal-hazırkı iddia tələbində, yəni Müdafiə Nazirliyinin üzərinə onun N nömrəli hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsindən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı öhdəliyinin qoyulmasına görə iddia tələbində haqlıdır və pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə həmin hərbi hissənin komandanlığına müraciət etmiş, İddiaçı müraciəti əsasında xx.xx.N2-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandiri tərəfindən yuxarı komandanlığa təqdimat verilmişdir. Hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq barədə arzusunu bildirmiş zabitlərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaları cari tədris ilinin hazırlıq dövrlərində (yanvar və iyul aylarında) həyata keçirilməsi məqsədəuyğun hesab edildiyinə görə İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə verilən təqdimata Müdafiə Nazirliyində N2-ci ilin iyul ayında baxılması planlaşdırılmışdır. İddiaçı öz arzusu ilə ehtiyata buraxılması barədə təqdimat göndərildikdən sonra xx.xx.N2-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 78-ci maddəsinə əsasən başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə təqdimat vermiş, həmin təqdimat əsasında X4 - X2 xx.xx.N2-ci il tarixli 069 nömrəli əmrli ilə həmin əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün) əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən yenidən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə hərbi hissənin komandanlığına raportla müraciət etmiş, onun həmin müraciəti əsas götürülərək o, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 72-ci maddəsinin “b” bəndində qeyd edilir ki, hərbi qulluqçu vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Həmin Əsasnamənin 77-ci maddəsində qeyd edilir ki, hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyin etmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: ştatda “mayor” hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Silahlı qüvvələr növlərinin komandanları), onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar. Həmin Əsasnamənin 78-ci maddəsinin “b” bəndində qeyd edilir ki, hərbi qulluqçuların xidmət yeri bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün dəyişdirilə bilər. Həmin Əsasnamənin 146-cı maddəsində qeyd edilir ki, hərbi qulluqçunun vəzifəsidir: vətəni - Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək. Yuxarıda qeyd edilənlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə xidmətdə olarkən öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət etmiş, müraciəti əsasında xx.xx.N2-ci il tarixdə N nömrəli hərbi hissədən ehtiyata buraxılması barədə təqdimat verildiyinə görə onun ehtiyata buraxılma məsələsi hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə N2-ci ilin iyul ayında baxılmış, bu müddət ərzində İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsində xidmət etməsinə ehtiyac olduğu üçün xidməti yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş, N nömrəli hərbi hissədə xidmətdə olarkən yenidən öz arzusu ilə ehtiyata buraxılması barədə müraciət etmiş və Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Əmrin ləğvi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə prosesi zamanı iştirakçılarının izahatları, ərizə və təklifləri, onların təqdim etdiyi sübutlar və işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin qəbul edilməsini zəruri edən faktiki şərtləri mövcudluğu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İPM-in 47.2-ci maddəsini əsas tutaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.N2-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Ordu Sıralarından tərxis olunmağı ilə bağlı Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli əmrinin qanunsuz olduğundan ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlı əmr verilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 246 nömrəli əmrindən çıxarışa əsasən kapitan İddiaçı, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 19 avqust N0-ci il tarixli N №-li əmrinə əsasən, hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, Beyləqan rayonu, N №-li hərbi hissədən gəlmiş hesab edilsin, 02 sentyabr N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün nov təminatlara daxil edilsin, vəzifəsinin qəbuluna və icrasına başlasın. Vəzifə maaşı ştata əsasən təyin edilsin, Əsas: N №-İi hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli 1207 №-li təyinat vərəqəsi. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi kapitan İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı daxil olma nömrəsi 2715 olan xx.xx.N1-ci il tarixli raportda təqvimi hesabla Azərbaycan Ordusunda 20 il xidmətini nəzərə alaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq və 164-cü maddəyə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmağı barədə müvafiq qaydada sərəncam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında xx.xx.N1-ci il tarixdə aparılmış birinci söhbət zamanı İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə mümkün qədər tez qərar qəbul edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri ilə İddiaçı arasında N1-ci il tarixdə aparılmış ikinci söhbət zamanı İddiaçı öz arzusu ilə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən mümkün qədər tez ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki: - N nömrəli hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli təqdimatına əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi, xx.xx.N0-ci il tarixdən mayor İddiaçı başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdim olunur. - 706-cı motoatıcı briqadanın komandirinin 2-ci Ordu Korpusunun komandirinə ünvanladığı 0190 nömrəli məktubunda 706-cı motoatıcı briqadanın adları göstərilən hərbi qulluqçularının təqdimatına baxılıb, müvafiq qərar qəbul edilməsi üçün göndərilmiş siyahıda mayor İddiaçı adı qeyd edilmişdir. -X4 - X2 xx.xx.N2-ci il tarixli 069 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, aşağıda adları göstərilən zabitlər tutduqları vəzifələrdən azad edilsinlər və təyin olunsunlar: 4. Mayor İddiaçı, 706-cı Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi - 708-ci Mexanikləşdirilmiş briqadanın (N nömrəli hərbi hissə) maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 208 nömrəli əmrindən çıxarışa əsasən mayor İddiaçı, maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidmət rəisi, N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 069 nömrəli əmri ilə, 708-ci mexanikləşdirilmiş briqadanın maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidmət rəisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N iyul N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün nov təminatlardan çıxarılsın və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Əsas: N nömrəli hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 069 nömrəli əmrindən çıxarış. -N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 215 nömrəli əmrindən çıxarışa əsasən mayor İddiaçı, Müdafiə Nazirinin X1 xx.xx.N2-ci il tarixli 069 nömrəli əmri ilə, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin (Q4) avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, Veysəlli kəndi, N nömrəli hərbi hissədən gəlmiş hesab edilsin, 22 iyul N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilsin və vəzifəsinin qəbuluna və icrasına başlasın. Vəzifə maaşı ştata əsasən təyin edilsin. Əsas: N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 521 nömrəli təyinat vərəqəsi. -Maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi mayor İddiaçı Madditexniki təminat bölməsinin rəisinə ünvanladığı daxil olma nömrəsi 8422 olan xx.xx.N2-ci il tarixli raportda onun “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Madditexniki təminat bölməsinin rəisi N nömrəli hərbi hissənin komandirinə ünvanladığı raportda mayor İddiaçı raportuna əsasən qarşısında vəsatət qaldırdığını bildirmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 248 nömrəli əmrindən çıxarışa əsasən mayor İddiaçı oğiu, hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul N2-cı il tarixli 0620 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxıldığına görə iş və vəzifəsini təhvil vermiş hesab edilsin, 65 (altmış beş) təqvim günü məzuniyyət verilməklə 26 oktyabr N2ci il tarixindən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı N2-ci il yanvar-sentyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmində ödənilsin. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. Mayor İddiaçı N2-ci ilin məzuniyyət və maddi yardım ödənilsin. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul N2-ci il tarixli 0620 nömrəli əmrindən çıxarış. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul N2-ci il tarixli 0620 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. İddiaçı qeyd edilən əmrin ləğv edilməsini və onun N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmağı ilə bağlı əmr verilməsini mübahisələndirir. Məhkəmə hazırkı iddia tələbində iddiaçının hüquqi marağının ehtiyata buraxılması əsası ilə bağlı deyil, ehtiyata buraxıldığı xidmət yeri və vəzifə ilə bağlı olduğunu nəzərə alaraq hazırkı iddianı mübahisələndirmə haqqında iddia növü kimi qəbul edir. İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçının xx.xx.N2-i il tarixdə iddia qaldırdıqdan sonra barəsində ehtiyata buraxılma barədə 29 iyul N2-ci il tarixli əmr verildiyini və məhkəmə icraatı gedişində iddiaçının iddianın predmetini dəyişdirdiyini nəzərə alaraq mübahisələndirilən əmrə dair 30 günlük iddia müddətini ötürülmədiyi nəticəsinə gəlir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia tələbi mahiyyəti üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçının sözügedən xx.xx.N2-ci il tarixli əmrin ləğvini o əsasla mübahisələndirir ki, iddiaçının xidmətdən tərxis olunması ilə bağlı əvvəlcədən müracətləri olmasına baxmayaraq, cavabdeh xidmət yerini dəyişdirdikdən sonra onunla söhbətləşmə aparmadan, hərbi həkim komissiyasından keçirmədən N saylı hərbi hissədən ordu sıralarından tərxis etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının qeyd etdiyi dəlillərini mübahisələndirilən ərmin ləğvinə əsas vermədiyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: -72-ci maddəsinə əsasən hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa, hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri qadağandır. a) hərbi qulluqçuların vəzifələri — həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müvafiq heyətinə aid olan şəxslərlə komplektləşdirilir. b) vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda (toplanışlarda) yenidən hazırlıq keçməlidirlər; - 77-ci maddəsinə əsasən hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; - 78-ci maddəsinə görə hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. -156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. -162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İşin hallarından müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 246 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmiş, daha sonra iddiaçı xx.xx.N1-ci il tarixli raportla N nömrəli hərbi hissənin komandirinə müraciət edərək “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq ehtiyata buraxılmasını xahiş etmişdir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmağı ilə bağlı birincisi xx.xx.N1-ci il tarixli olmaqla iki dəfə söhbət aparılmışdır. Daha sonra iddiaçı hərbi xidmətdəykən barəsində xidmət etdiyi hərbi hissə komandiri tərəfindən xx.xx.N2-ci il tarixli başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdimat verilmişdir. Qeyd edilən təqdimata uyğun olaraq iddiaçı barəsində X4 - X2 xx.xx.N2-ci il tarixli 069 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsindən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi təyin edilməsi barədə əmr verilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 208 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 215 nömrəli əmri ilə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək N nömrəli hərbi hissədə vəzifəsinin qəbul edilmişdir. İddiaçı N saylı hərbi hissəyə gəldikdən sonra xx.xx.N2-ci il tarixli raportla müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 29 iyul N2-ci il tarixli 0620 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 248 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi iddiaçı birinci dəfə N saylı hərbi hissədə xidmətdə olarkən hələ mart N1-ci ildə ehtiyata buraxılma barədə raporta müraciət etsə də ehtiyata buraxılmamış, raportuna vaxtında baxılmaması və ya ehtiyata buraxılmaması ilə bağlı hərəkətsizlik göstərilməsindən şikayət etməmiş, keçən 1 ildən çox müddətdə məhkəmədə müvafiq iddia qaldırmamışdır. İddiaçının ehtiyata buraxılma barədə məhkəmədə iddia qaldırdığı tarix xx.xx.N2-ci ildir. İddiaçı hələ hərbi xidmətdə olduğu dövrdə barəsində təqdimat verildiyinə görə X2 xx.xx.N2-ci il tarixli əmri ilə N saylı hərbi hissəyə eyni vəzifəyə təyin edilmişdir. İddiaçı yeni hərbi hissəyə gəldikdən sonra da təyin olunduğu N saylı hərbi hissə komandirinə müraciət edərək ehtiyata buraxılmağını xahiş etmişdir. Bundan sonra cavabdehin xx.xx.N2-ci il tarixli əmri ilə iddiaçı sonuncu xidmət etdiyi N saylı hərbi hissədəki vəzifəsindən ehtiyata buraxılmışdır. İddiaçı xidmət yerinin dəyişdirilməsi barədə xx.xx.N2-ci il tarixli əmri məhkəmədə mübahisələndirmək imkanı olduğu halda, xx.xx.N2-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, iddiaçı artıq xidmət yeri dəyişdirildikdən sonra xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissədən ehtiyata buxarılması barədə hazırkı iddianı məhkəməyə təqdim etmişdir. Ən əsası iddiaçı xidmət yeri dəyişdirilərək yeni hərbi hissəyə gəldikdən sonra maddi texniki təminat bölməsi rəhbərliyinə ehtiyata buraxılması barədə raportla müraciət etmişdir. İddiaçı sonuncu raportunda N saylı hərbi hissədən tərxis ediləcəyi ilə bağlı hər hansı narazılıq və ya tələbini irəli sürməmişdir. Məhkəmə hazırkı tələbə hüquqi qiymət verərəkən onu da nəzərə alır ki, iddiaçının hələ ehtiyata buraxılmadığı, yəni hərbi qulluqçu olduğu vaxtda hərbi xidmətə ehtiyac olduğu və müvafiq komandanlığın bu ehtiyacı dəyərləndirərək hərbi qulluqçunun hansı hərbi hissədə xidmətə göndərilməsi barədə qiymətləndirmə azadlığına malik olduğundan iddiaçının xidmət yerinin dəyişdirilməsi mümkün idi və bunu qadağan edən hər hansı norma qanunvericiliklə bilavasitə təsbit olunmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı ilə N saylı hərbi hissədə olarkən ehtiyata buraxılma ilə bağlı N1-ci ildə iki dəfə söhbət aparılmış və iddiaçı hər iki söhbətdə öz arzusu ilə ordu sıralarından tərxis edilməsini xahiş etmişdir. İddiaçının bütövlükdə hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı söhbətlər aparıldığından, onun yeni hərbi hissəyə gəldikdən sonra yenidən söhbət aparılmasına zərurət olmamışdır. Odur ki, tərxis edildiyi hərbi hissədə söhbətlərin aparılmaması ilə bağlı dəlil hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğvinə əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və ehtiyata buraxılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar