Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10727/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-151479/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-151479/2024 nömrəli qərara əsasən 2023-cü ilin gəlir vergisi üzrə 33539,65 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilir ki, iddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından (malları pərakəndə ticarət mərkəzlərindən kassa çeki əsasında aldığına görə) 2023-cü il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2023-cü il üzrə gəlirlərini 229 530 manat, xərclərini 23 726,75 manat, vergiyə cəlb olunan gəliri 205 803,25 manat, gəlir vergisini isə 41160,65 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2023-cü il üzrə Gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2023-cü il üzrə 7651 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 33 539,65 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi, xx.xx.2023-cü il tarixdən isə ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “Səhiyyə sahəsində sair fəaliyyət” olduğu, AZ 1014, ünvan 1 ünvanda “Tibb Müəssisəsi” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2018-ci il tarixdən (kod:**********-14001) və xx.xx.2022-ci il tarixdən isə NKA-nın uçota alındığı müəyyən edilmişdir. İddiaçı tərəfindən 2023-cü il üzrə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsi və xidmətlərin göstərilməsindən) əldə olunan ümumi gəlirin 229 530 manat, ümumi gəlirdən çıxılan xərclərin 191 425 manat, vergiyə cəlb olunan gəlirin 38 105 manat olduğu göstərilmiş və bu məbləğ üzrə 7 621 manat gəlir vergisi hesablanmışdır. Təqdim edilmiş bəyannamə məlumatlarında uyğunsuzluq, əsas bəyannamədə əks etdirilmiş 50 000 manat borca görə faiz xərci, 30 000 manat ezamiyyə xərci və 20 000 manat bank xərci üzrə baza məlumatlarının müəyyən edilməməsi, habelə aparılmış təhlil nəticəsində 67 869,23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin aşkar edilməsi ilə bağlı yaranmışdır. Bu səbəbdən Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********0600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, həmin məktubla müəyyən edilmiş müddətdə kənarlaşmanın aradan qaldırılması, dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. Həmin məktuba cavab olaraq iddiaçı, göndərilmiş dəqiqləşdirilmiş bəyannamədə əks etdirilən xərclərin sənədləşdirilməsinin tam şəkildə təmin edilməsinin mümkün olmadığını, lakin xərclərin faktiki olaraq çəkildiyini bildirərək, bu hal nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən hesablama aparılmasını vergi orqanından xahiş etmişdir. Beləliklə, iddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmamış, dəqiqləşmiş bəyannamə və zəruri sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması nəticəsində 2023-cü il gəlir vergisi bəyannaməsi üzrə 33 539,65 manat (41 160,65 – 7 621) əlavə vergi məbləği hesablanmışdır. Gəlirdən çıxılan xərclərin tanınması yalnız qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və təsdiqləyici sənədlər əsasında mümkündür. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda göstərilən müddət ərzində kənarlaşma aradan qaldırılmamış, əsaslandırılmış yazılı izahat və xərcləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilməməklə yanaşı vergi orqanına göndərdiyi cavab məktubunda xərc sənədlərinin olmadığını etiraf etmişdir. Vergi ödəyicisinin gəlirinin və ya xərclərinin müəyyən edilməsi mümkün olmadığı hallarda vergi orqanı öz diskresion səlahiyyətləri çərçivəsində gəliri şərti rentabellik normaları əsasında hesablaya bilər. Lakin iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə nəzər salındıqda, onun həm gəlirlərinin, həm də xərclərinin müəyyənləşdirilməsinin mümkün olduğu açıq şəkildə görünür. Belə ki, iddiaçının bəyan etdiyi xərclərin 23 726,77 manat hissəsi sənədlərlə öz təsdiqini tapsa da, 50 000 manat borca görə faiz xərci, 30 000 manat ezamiyyə xərci və 20 000 manat bank xərci, habelə 67 869,23 manat xərcini təsdiqləyən sənədlər cavabdehə təqdim edilməmişdir. Belə olan halda, vergi orqanı tərəfindən iddiaçı barəsində gəlir vergisi hesablanarkən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə əsasən şərti rentabellik normalarının tətbiqinə hüquqi zərurət qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən iddiaçının qəbul etdiyi xərclər yalnız, əmək haqqı, icarə haqqı və komunallarla bağlı xərclərdir. Lakin, mal alışı ilə bağlı əsas xərclər cavabdeh tərəfindən qəbul edilməyib. İddiaçının əslində xərcə dair sənədləri olmayıb. Bu səbəbdən vergi orqanından xahiş edilib ki, rentabellik norması tətbiq edilməklə vergi hesablansın. Lakin, cavabdeh bununla razılaşmayıb. Bu səbəbdən iddiaçının bütün gəlirinə vergi borcu hesablanıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçı xərclə bağlı sənəd təqdim etdmədiyi üçün onun bütün gəlirinə vergi hesablanıb. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə, hesabatda göstərilən səbəblərdən kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmiş və kameral vergi yoxlamasının başa çatdırılması üçün iddiaçıdan həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, təqdim edilmiş 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 50000,00 manat borca görə faiz xərci, 30000,00 manat ezamiyyə xərci və 20000,00 manat bank xərci məbləği ilə bağlı baza üzrə məlumat müəyyən edilmədiyindən kənarlaşma yaranmışdır. Təqdim edilən bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu) , "Nəqliyyat xərcləri" (1233-cü) , “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 68366.40 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (rislki e-qaiməfakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (497.17 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0.00 manat) cəmi məbləğindən ( 497.17 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0 manat) çıxılması nəticəsində yaranan (497.17 manat) məbləğin müqayisəsi nəticəsində 67869.23 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-151479/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2023-cü il gəlir vergisi bəyannaməsi üzrə 33 539,65 manat (41 160,65 – 7 621) əlavə vergi məbləği hesablanmışdır. Dəqiqləşdirilmiş (vergi ödəyicisi) gəlir vergisi bəyannaməsində ödənilməli olan gəlir vergisi 7621 manat olaraq göstərilmişdir. Dəqiqləşdirilmiş (kameral vergi yoxlaması) gəlir vergisi bəyannaməsində ödənilməli olan gəlir vergisi 41160.65 manat olaraq göstərilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-151479/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçının məhkəməyə müraciət etməsi üçün ötürdüyü prosessual müddət üzrlü hesab edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, yalnız qanunda nəzərdə tutulmuş vergitutma elementləri müəyyən edildikdə fiziki və hüquqi şəxslər barəsində vergi hesablana və onlar vergiyə cəlb edilə bilərlər. Vergitutma elementlərinin mövcud olmaması fiziki və ya hüquqi şəxslərin vergiyə cəlb edilməsini istisna edir. Vergi Məcəlləsində göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir (96.1.). Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir (97.1.). Gəlirlərə aiddir: muzdlu işlə əlaqədar əldə edilən gəlir; muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər (97.3.). Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir (98.1.). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: faiz gəliri; dividend; əmlakın icarəyə verilməsindən gəlir; royalti; vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar; mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat (99.3.). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, şəxsin gəlir vergisinə cəlb olunan gəlirlərinin konkret dairəsi müəyyən edilmişdir. Belə ki, şəxsin vergiyə cəlb edilən gəlirləri muzdlu işlə əlaqədar olan və olmayan gəlirlərdir. Muzdlu işlə əlaqədar olmayan gəlirlər isə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər olmaqla iki hissəyə ayrılır. Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (37.2- 1.). Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir (37.3.). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4.). İşdən görünür ki, iddiaçı kameral yoxlama zamanı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ilə ona 2023-cü il üzrə gəlir vergisi üzrə əlavə 33.539,65 manat vergi hesablanmasının qanunsuz olduğunu bildirərək həmin qərarın ləğv edilməsini xahiş edir. İddiaçı hesab edir ki, onun xərc sənədləri olmadığı üçün əldə etdiyi gəlirə müvafiq rentabellik norması tətbiq edilməklə vergi borcu hesablanmalı idi. Lakin, cavabdeh onun bütün gəlirinə vergi borcu hesablamışdır. İPM-də göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.2.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində gösətrilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı qərar iddiaçının 2023-cü il üçün hesabat dövrü ilə bağlı qəbul edildiyindən iddiaçıya Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilə bilər. Belə ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9-cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İşin müəyyən edilmiş hallarından göründüyü ki, iddiaçının 2023-cü il üzrə gəlirləri ilə bağlı sənədləri mövcud olsa da, xərc sənədləri mövcud olmamışdır. Bu səbəbdən iddiaçı şərti olaraq 2023-cü il mənfəət (gəlir) vergisi bəyannaməsində 50000 manat borca görə faiz xərci, 30000 manat ezamiyyə xərci və 20000 manat bank xərci və 23726,77 manat isə digər xərclər kimi bəyan etmişdir. Cavabdeh onun yalnız 23726,77 manat xərcini nəzərə almış, qalan hissədə olan xərcləri isə nəzərə almayaraq iddiaçının bütöv gəlirinə vergi hesablamışdır. Halbuki, həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmirsə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələri 2024-cü ilin yanvarın 1-dən Məcəllədən çıxarılsa da, yuxarıda qeyd edildiyi kimi iddiaçının Vergi borcu 2022-ci il üçün hesablandığından və həmin vaxt Məcəllənin qeyd edilən normaları qüvvədə olduğundan iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-151479/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-151479/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-10727/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10727/2025
12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver