Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10755/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 19) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi, ev 23 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 384 kv.m. torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə vahid əmlak olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 23 dekabr 2024-cü il tarixli Alqı-satqı müqaviləsinə əsasən iddiaçın mülkiyyətinə keçmiş və mülkiyyət hüquqları 26 dekabr 2024-cü il tarixli, 24190547 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi əks olunmamışdır. Daha sonra sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək məqsədilə müxtəlif dövlət orqanlarına sorğu verilmiş və məlum olmuşdur ki, evin yerləşdiyi torpaq sahəsində əvvəllər “Günel” kafesi olmuş, sonra isə müvafiq qaydada “Dövlət əmlakının özələşdirilməsi” proqramı çərçivəsində özəlləşdirililərək fərdi yaşayış kimi xüsusi mülkiyyətə alınmış, əvvəlki mülkiyyətçilər tərəfindən özgəninkiləşdirilmiş və yekunda iddiaçının mülkiyyətinə keçmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli qərarı ilə “Günel” kafesinin qurulması ilə bağlı torpaq sahəsi ayrılmış və “Günel” kafesi yaradılmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən sorğuya cavab olaraq, təqdim edilmiş sənədlərdən məlumdur ki, “Günel” kafesinin əmlakı “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq hərraca çıxarılmış və xx.xx.1998-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən və əmək kollektivinin yeganə üzvü X1. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli Sərəncamına eyni zamanda Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2000-ci il tarixli Ayrıc Aktına əsasən 767 kv.m. torpaq sahəsi “Günel” kafesinə ayrılmışdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 273 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Günel” kafesinin yenidən qurulması haqqında xx.xx.1999-cu il tarixli, 1210 saylı Sərəncamını, torpaq sahəsinin ayrılmasında dair 09.2000-ci il tarixli 10952 saylı İnşaat pasportunu, eyni zamanda həmin dövrdə mülkiyyətçi tərəfindən təqdim edilən alqısatqı müqaviləsini əsas götürərək “Günel” kafesi sökülərək hər biri 384 kv.m torpaq sahəsi olmaqla olmaqla hər iki mülkiyyətçiyə fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2025-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, imtina məktubunda “sözügedən torpaq sahəsinə dair “Daşınmaz mlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və AR Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında göstərilmiş hüquqmüəyyənedici sənədlərin, eyni zamanda yerləşmə cizgisinin təqdim edilməməsi" əsas gətirilərək ərizənin icrasından imtina edilmişdir. Müvafiq torpaq sahəsi yuxarıda qeyd olunan məlumatlardan da görünür ki, torpaq sahəsinin qanunvericiliyə uyğun ayrılması ilə əlaqədar bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, təqdim olunmuş Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi ünvanında yerləşən “Günel” kafesinin sökülərək, yerində 384 kv.m hissədə X6 və 384 kv.m hissədə X14 fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi ilə bağlıdır. Bundan başqa, idarəyə müraciət zamanı təqdim olunan ərizəyə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2- 1421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi ünvanında yerləşən keçmiş Binəqədi rayon Ticarət və İctimai İaşə İdarəsinin balansında olan “Günel” kafesinin “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq 27 mart 1998-ci il tarixində hərraca çıxarılaraq digər şəxs tərəfindən özəlləşdirildiyi və bu barədə ona “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamənin verildiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - - Kirov rayon X20 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 18/454 nömrəli qərarından görünür ki, Rəşid Behbudov küçəsində kafe-çayxananın təşkili üçün pavilyonun quraşdırılmasına icazə verilmişdir. -Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1210 nömrəli sərəncamından görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, xxxx/3958 saylı məktubunu nəzərə alaraq R.Behbudov küçəsində yerləşən X10 məxsus olan “Günel” kafe-çayxananın (10.04.98-ci il tarixli MY seriyalı, 009973 saylı şəhadətnamə) yenidən qurulmasına (433 kv.m), layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. - Bir tərəfdən Əsasnamə əsasında fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, onun sədri X18 şəxsində bundan sonra “satıcı” adlandırılacaq, digər tərəfdən “Alıcı” adlandırılacaq Bakı şəhətri Binəqədi rayon Tİİİ-nin “Günel” kafesinin işçisi X13 arasında bağlanmış xx.xx.1998-ci il tarixli, 10484 nömrəli müəssisənin alqı-satqı müqaviləsindən görünür ki, alıcı müqavilədə göstərilmiş şərtlərlə Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində yerləşən Bakı şhəəri Binəqədi rayon Tİİİ-nin “Günel” kafesini auksiondan satyış qiyməti ilə ******* manata satın almışdır. -Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında ******* saylı şəhadətnamədən görünür ki, “Günel” kafesinin əmlakı X8 mülkiyyətinə verilmişdir. - AN-İ ******* saylı qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, R.behbudov küçəsi, “Günel” kafesini X2. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 273 nömrəli sərəncamdan görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 1210 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə R.Behbudov küçəsində, 767 kv.m torpaq sahəsində yenidən qurulmasına icazə verilmiş “Günel” kafesinin sökülüb, yerində 384 kv.m hissəsində vətəndaş X6 və digər 384 kv.m hissəsində isə X14 fərdi yaşayış evlərinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 129 nömrəli sərəncamından çıxarışdan görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 273 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində ayrılmış 384,0 kv.m torpaq sahəsində təqdim edilən layihə əsasında inşası başa çatdırılmış fərdi yaşayış evinə Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3848 nömrəli, xx.xx.2005-ci il tarixli məktubuna əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behdubov küçəsi, ev № 23 ünvanı təyin edildiyini, Bakı Şəhər Ekspertiza Mərkəzinin D-1/1-827 nömrəli, xx.xx.2005-ci il tarixli rəyini nəzərə alaraq, həmin fərdi yaşayış evinin A.İ.Abdullayevin xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınması qərara alınmışdır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X4 vərəsəsi arvadi- X5r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasıp, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində yerləşən 23 saylı evdən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ş.Rustaveli küçəsində yerləşən 3/7 saylı evdən və Bakı şəhəri, Mərədəkan qəsəbəsində yerləşən 758 saylı bağdan ibarətdir. -xx.xx.2006-cı il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində yerləşən 23 saylı evi X11 mülkiyyətinə vermişdir. -xx.xx.2013-cü il tarixli evin bağışlanma müqaviləsindən görünür ki, X15 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsində istifadədə olan 0,0387 ha torpaq sahəsi üzərindəona məxsus ümumi sahəsi 443,77 kv.metr olan 23 saylı fərdi yaşayış evini X12na bağışlamışdır. -- X3 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 188.5 kv.m olan fərdi yaşayış evini alıcının mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 5 (yeni qaydalarla: AZ 1113, ünvan 6 ünvanında yerləşən 393,70 kv.metr sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyətində, evin yerləşdiyi 0,0173 ha torpaq sahəsi isə onun istifadəsindədir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əlavə olunmuşdur. Fərdi yaşayış evidi. Üç tərəfdən fərdi yaşayış evi ilə qonşudur, bir tərəfdən dalan yoludur. Faktiki torpaq sahəsi 431 kv.metrdir. İddiaçı hazırda istifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmaqla çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Mülki Məcəllənin 135.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə). Qanunvericiliyin tələbindən görünür ki, əvvəl mənzil olmuş daşınmaz əmlak sonradan sökülərək fərdi yaşayış evinə çevrilirsə, evin yerləşdiyi torpaq sahəsi qərar və ya layihədə göstərilən ölçüdə şəxsin mülkiyyətinə verilir, əgər həmin sənədlərdə belə bir ölçü göstərilməmişsə, onda evin altındakı torpaq sahəsinin ölçüsü əsas götürülür. İşdən görünür ki, iddiaçının hazırda hüququnun qeydə alınmasını xahiş etdiyi torpaq sahəsində mənzil deyil, qeyri-yaşayış sahəsi olmuş, onun söküntüsü əsasında fərdi yaşayış evinin inşasına icazə verilmişdir. Məhkəmə hesab edir ki, bu hal iddiaçının tələbindən imtina üçün əsas deyil. Belə ki, birincisi, məhkəmə hesab edir ki, bu hal qanunvericilikdəki boşluqdur və analogiya üzrə 2.8-ci bəndin tətbiqi mümkün hesab edilməlidir. Çünki burada qanunvericinin məqsədi sökülən obyektin növünü məhdudlaşdırmaq deyil, söküntü nəticəsində qanuni yolla yaranmış yeni yaşayış evinin, onun yerləşdiyi torpaq sahəsinin sənədləşdirməsini təmin etməkdir. Bu səbəbdən 2.8-ci bənd analogiya yolu ilə tətbiq olunmalıdır. İkincisi, əks yanaşma, bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər. Çünki dövlət, hazırkı halda Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xx.xx.2004cü il tarixdə daşınmaz əmlakın təyinatının dəyişdirilməsini razılaşdırmış, bununla şəxsin həmin yanaşmaya etimad hüququ yaranmışdır. Üçüncüsü, 2.8-ci bəndin hərfi mənada (yalnız mənzil üçün) tətbiqi məhdudlaşdırıcı şərhdir, hansı ki, bu da qanunvericinin əsl iradəsinə (uzun müddət istifadədə olan daşınmaz əmlaklara münasibətdə mülkiyyət hüququnun qeydiyyatının asanlaşdırılması, amnistiyası) ziddir. Beləliklə, qeyd edilənləri nəzərə alan məhkəmə, Mülki Məcəllənin 135.4-cü maddəsinin tələbini də əsas götürərək hesab edir ki, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamında göstərilən 384 kv.metr ölçüdə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. ünvan 5 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 384 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə vahid əmlak olmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-10755/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10755/2025
08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver