Məhkəmə qərarları › İş №e-2-1(112)-10779/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10779/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10779/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1444/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanmasından imtina edilməsinin qanunsuz hesab edilməsi, hesablanmış təqaüdün “Əmək pensiyaları haqqında” Qanuna 2023-cü ilin yanvar ayının 1-də edilmiş dəyişikliklər nəzərə alınmaqla təkrar hesablanması, cavabdehə xx.xx.2023-cü il tarixdə birinci dəfə pensiyasının təkrar hesablanması ilə bağlı müraciəti nəzərə alınmaqla həmin tarixdən ödənilməyən pensiya məbləğinin əlavə olaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxx 1960-cı il təvəllüdlü İddiaçı ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, ünvan 1 ünvanında faktiki olaraq yaşayır. 20 avqust 2005-ci il tarixdən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1228,50 manat təyin edilmişdi. 2023-cü ildən pensiyanın indeksasiyası nəticəsində həmin məbləğ 1351,30 manat müəyyən edilmişdir. Pensiyada olsa da, 2005-ci ildən hazıradək əmək fəaliyyəti ilə məşğuldu və 2023-cü ilə pensiya kapitalı 60.036,27 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Daha sonra adıçəkilən qanuna müvafiq dəyişiklər edilmiş və 1 yanvar 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi çıxarılmışdır. Qeyd olunan qanuna dəyişikliklərlə əlaqədar xx.xx.2023-cü il tarixdə birinci dəfə pensiyasının təkrar hesablanması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Cavabdeh) müraciət etmişdir. Qəbul zamanı pensiyanın təkrar hesablanması ilə bağlı müraciət etdiyini, müvafiq hesablamanın aparıldığı və artıq pensiyanın sonuncu hesablamadan yalnız 6 il keçdikdən sonra avtomatlaşdırılmış qaydada yenidən hesablanmasının mümkün olması barədə məlumat verildi. Bildirmək istəyir ki, qəbul zamanı da qeyd etmişdir ki, o, həmin günə qədər ümumiyyətlə pensiyanın təkrar hesablanması ilə bağlı Cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etməmişdir. Orada bir ərizə göstərilsə də, həmin ərizə və mahiyyəti ilə birinci dəfə orda tanış oldu. Eyni zamanda qeyd edilən ərizəyə göndərilmiş cavab məktubunun elektron variantı da ona göstərildi. Ərizədəki imzanın tamamilə onun imzası ilə əlaqəsinin olmadığını və ona məxsus olmadığını orada bildirdi və təkidlə bu məsələnin araşdırılmasını tələb etdi. Rəsmi qaydada müraciət etməyini tövsiyə edildi. Məktuba və ərizəyə nəzər yetirən zaman məlum olmuşdur ki, ərizədə və məktubda ünvan olaraq faktiki yaşadığı ünvan deyil, qeydiyyatda olduğu ünvan 2rilmişdir. Eyni zamanda qeydiyyatda olduğu ünvanda kiminsə yaşaması mümkün deyildir, çünki ünvanda evlər sökülmüşdür. Məsələ orasındadır ki, əgər o, müraciət etmiş olsaydı ərizədə cavab məktubunun faktiki yaşadığı ünvana göndərilməsi üçün həmin ünvanı qeyd edərdi. Bundan əlavə, müraciət hər hansı formada ona məxsus elektron və ya asan imza ilə təsdiq edilməmişdir. Bu səbəbdən göstərilənlər nəzərə alınmaqla onun pensiyası qanunvericiliyə edilmiş son dəyişikliklər nəzərə alınmaqla təkrar hesablanması barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etdi. Müraciətinə cavab olaraq göndərilən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-94104/2023 nömrəli məktubda guya onun xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablandığı bildirilmiş və bu səbəbdən də pensiyasının “Əmək Pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən yenidən hesablanmasının mümkün olmadığı göstərilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun təqdim edilərək bildirilmişdir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən 20 avqust 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib.Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1228,45 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavə - 985,15 manat. İddiaçı "xxxx" MMC vasitəsilə Mərkəzi Filiala əmək pensiyanın yenidən hesablanması ilə bağlı 29 dekabr 2022-ci il tarixində daxil olmuş müraciəti və ona əlavə olunmuş sənədə (şəxsiyyət vəsiqəsin surəti) əsas götürülməklə əmək pensiyanın sığorta hissəsi pensiya təyin edildikdən sonra toplanmış pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 49182,81 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə hazırda əmək pensiyasının sığorta hissəsi 926,39 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 302,06 manat təşkil edir. Göründüyü kimi, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciət əsasında istifadə olunmuşdur. Buna görə də, toplanmış pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023- cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək iddiaçının pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1dən ödənildiyi qeyd olunub. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixinədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktikiproqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtinada bildirilmişdir: “Bildiririk ki, sizə sonuncu xidmət keçdiyiniz orqan tərəfindən 20 avqust 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1228,45 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 985,15 manat. "xxxx" MMC vasitəsilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 29 dekabr 2022-ci il tarixində daxil olmuş müraciətiniz və ona əlavə olunmuş sənədiniz (şəxsiyyət vəsiqənizin surəti) əsas götürülməklə əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığınız pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 49182,81 manat pensiya sığorta kapitalı əsasında "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə hazırda əmək pensiyanızın sığorta hissəsi 926,39 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 302,06 manat təşkil edir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub. Buna görə də, topladığınız pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. X3 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən əmək pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyanızın müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olduğunuz təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 1351.30 manata, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1549.94 manata artırılaraq ödənilir.”

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1444/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və iddiaçı X2 yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması” kimi dəyişdirilmişdir.

6. İddiaçı pensiyaya çıxdıqdan sonra hal-hazıradək işləyir.

7. Məhkəmənin sorğusuna əsasən iddiaçını pensiya işinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin xx.xx.2016-cı il tarixli əmək pensiyasının hesablanması haqqında qərara əsasən iddiaçıya xx.xx.2016-cı ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 941,16 manat hesablanmışdır.

9. İddiaçı hərbi qulluqçu kimi xx.xx.2005-ci il tarixdən 23 il 11 ay 07 gün xidmət illəri ilə hərbi xidmətdən tərxis olunmuşdur. Əmək kitabçasından görünür ki, hərbi xidmətdən tərxis olunduqdan sonra hazırkı tarixədək əmək müqaviləsi əsasında işləmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, vəkili təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdilər.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır.

13. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1444/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarlara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1228,45 manat (əmək pensiyasının sığorta hissəsi 243,30 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 985,15 manatdan ibarət olmaqla), hesablamadan sonra isə 1228,45 manat (əmək pensiyasının sığorta hissəsi 926,39 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 302,06 manatdan ibarət olmaqla) məbləğində müəyyən olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, yenidən hesablama nəticəsində pensiya məbləği dəyişməsə də, həmin qərara əsasən, pensiyanın hesablanması iddiaçının hüquqi marağına uyğun olmayan fərqli qaydada, yəni pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla hesablandığından, nəticədə onun marağına uyğun olmadığından iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

15. İddianın növü qərarın ləğvi hissəsində mübahisələndirmə, pensiyanın yenidən hesablanması hissəsində öhdəliyin icrasına dair iddiadır.

16. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);..

17. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

18. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

19. İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. İddia mümkündür. Belə ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

21. İddia tələbi "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.

22. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: - hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

24. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə: - 29.2-ci maddə ləğv edilmiş; - 29.1-ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra“, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmiş; - 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.

25. Həmin Qanunun keçid müddəalarına əsasən müəyyən edilmişdir ki: 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi 2023-cü il yanvarın 1-dək həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə də tətbiq edilir. 2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsi həmin Qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin əmək pensiyalarının 2023-cü il yanvarın 1-dək olan dövr üçün yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

26. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 29.2-ci maddəsinin redaksiyasına əsasən Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir. Beləliklə, müvafiq dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin redaksiyası aşağıdakı kimidir: - 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.1ci maddə aşağıdakı yeni redaksiyada verilmişdir: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Əvvəlki redaksiyada deyilirdi: 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;

27. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.2005-ci il tarixdən ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin tarixdən hal-hazıradək əmək fəaliyyətini davam etdirir.

28. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 49182,81 manat pensiya sığorta kapitalı qeydə alınmışdır.

29. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

30. Cavabdehin qurumun etirazı onunla əsaslandırılmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçının 1228,45 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-985,15 manat. İddiaçının 49182,81 manat pensiya sığorta kapitalı əsasında "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə hazırda əmək pensiyanızın sığorta hissəsi 926,39 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 302,06 manat təşkil edir.

31. Cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1444/2023 nömrəli qərarla isə 1228,45 təşkil etmişdir.

32. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş Qanunun keçid müddəalarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilsə də, keçid müddəalarında (2.3-cü maddə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiqini (yəni qanunun retroaktiv olaraq tətbiqini) istisna etmişdir. Odur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddəyə edilmiş dəyişiklik qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək olan redaksiyası, eləcə də 37.3.1 və 45-ci maddələrinin (xx.xx.2019-cu il redaksiyasına uyğun olaraq) müddəalarına müvafiq olaraq pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanan sığorta kapitalı əsasında yenidən hesablanmalıdır.

33. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” qanunun (hazırda qüvvədən düşmüş) 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır.

34. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 32, 33, 34, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1444/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar