Məhkəmə qərarları › İş №e-2-1(112)-10786/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10786/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10786/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1963cü il təvəllüdlü iddiaçının pensiya hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2023-cü il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı xx xxxx 1963-cü ildə anadan olmuşdur. Hazırda 61 yaşı tamam olub. Əmək fəaliyyəti hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.1981-ci ildən hal-hazıradək olan illəri əhatə edir. Ümumilikdə iş stajı 33 il 10 gün təşkil edir. Bu məlumatlar əmək kitabçasında aydın şəkildə qeyd edilir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən pensiyanın təyin edilməsi xahiş olunmuşdur. Cavabdeh 14 may 2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, əmək kitabçasına əsasən qanunla müəyyən edilmiş həm ümumi 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. Hesab edir ki, idda tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-U- 112739 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin iddiaçıya dair 9 fevral 2024-cü il tarixli 17 nömrəli arayışında xx.xx.1994-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi qeyd edilib. Bununla əlaqədar, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı, işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin sözügedən arayışda istinad edilən yuxarıda göstərilən yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 18 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1/3-164973/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli güzəştli arayışda İddiaçı ümumilikdə 29 il, 19 gün güzəştli iş stajının olduğu qeyd olunsa da Mərkəzi Filial tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının çalışmış olduğu sahənin güzəştli iş stajına aid edilmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş arayışda onun qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsilə uyğun olduğu qeyd edilmişdir. X4 əməkdaşları tərəfindən iddaçı İddiaçı güzəştli iş stajının aidiyyəti üzrə yerində yoxlanılması zamanı "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli birgə aktı tərtib edilmiş və sözügedən aktda iddiaçının çalışdığı vəzifə (qəza-bərpa işləri üzrə çilingər) ilə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinin uyğun olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı güzəştli iş stajının olmadığı müəyyən edilmişdir Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmunua uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixinədək hərbi xidmət keçmişdir. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək Göyçay konserv zavodunda fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək həmin zavodda fəhlə, xx.xx.1985-ci ildən xx.xx.1994-cü il tarixədək müxtəlif sexlərdə operator, çilingər vəzifələrində işləmişdir. xx.xx.1994-cü il tarixdə Qəza xidməti sahəsinə qəza-bərpa işləri üzrə üçüncü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı ildə 4-cü dərəcəli, xx.xx.1996-cı ildə 5-ci dərəcəli, xx.xx.1998-ci ildə 6cı dərəcəli çilingər dərəcəsi təqdim edilmiş, xx.xx.2004-cü ildən Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv olunduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “q” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2004-cü ildən QXS-nə qəza-bərpa işləri üzrə çilingər vəzifəsinə təyin dilmişdir; xx.xx.2011-ci ildən ƏM-nin 70-ci maaddəsinin “a” bəndinə əsasn öz xahişi ilə işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2011-ci ildən – "xxxx" ASC X6 2 saylı qəza-bərpa və quraşdırma sahəsinin qəza xidmətinə 5-ci dəəcə qəza bərpa üzrə çilingər peşəsinə qəbul edilmişdir; xx.xx.2012-ci ildən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir; xx.xx.2012-ci ildən – "xxxx" ASC Bakı Sukanal İdarəsi Nərimanov Rayon Su Kanal Departamenti kanalizasiya şəbəkəsinin istismarı xidmətinə 5-ci dərəcə ilə qəza/bərpa işləri üzrə çilingər peşəsinə qəbul olunmuşdur; xx.xx.2013-cü ildən "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli 361 saylı əmrinə və Bakı Sukanal İdarəsinin xx.xx.2012-ci il tarixli 406 saylı əmrlərinə əsasən Nərimaov Rayon Sukanla Departamenti ASC-nin birbaşa tabeliyinə keçirilmidir. Bununla əlaqədar "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal Departamentinə işçilərin siyahı tərkibinə daxil edilmişdir. xx.xx.2013-cü ildə Kanalizasiya və yağış suyu şəbəkələrinin istismarı sahəsinə 5-ci dərəcəli qıza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir; xx.xx.2013-cü ildə "xxxx" ASC xx.xx.2013-cü il tarixli 131 nömrəli əmrinə və xx.xx.2013-cü il tarixində təsdiq edilmiş dəyişikliyə əsasən xx.xx.2014-cü il tarixindən 5-ci dərəcə ilə su kanalizasiya şəbələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingər peşəsinə təyin edilmişdir; xx.xx.2019-cu ildə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 6-cı dərəcə ilə su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə qəza-bərpa işləri üzrə çilingər peşəsinə keçirilmişdir; xx.xx.2022-ci ildən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Su və kanalizasiya şəbəkələrnin istismarı sahəsində Tullantı sularının axıdılması xidməti üzrə 6cı dərəcə ilə qəza-bərpa işləri üzrə çilingər peşəsinə keçirilmişdir. İşdə olan "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin 09 fevral tarixli 17 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixindən (əmr № 33/k, xx.xx.1994-cü il) hal-hazırkı tarixə qədər aşağıda göstərilən peşələrdə işləyir. Onun güzəştli əmək stajı aşağıdakı kimidir: xx.xx.1994-xx.xx.2004-cü ilədək Kanalizasiya şəbəkələrinin istismarı müəssisəsində Qəza xidməti sahəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 09 il 09 ay 12 gün (doqquz il doqquz ay on iki gün). Yuxarıda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. xx.xx.2004-xx.xx.2011-ci ilədək "xxxx" ASC-nin Bakı Kanalizasiya Xidməti idarəsi Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işlən üzrə çilingər peşəsində işləmişdir Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 06 ıl 05 ay 29 gün (altı il beş ay iyirmi doqquz gün). Yuxarıda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. 01 04.2011-xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Bakı Sukanal iİarəsində qəza-bərpa işləri üzrə çilingər peşəsində işləmişdir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 10 ay 01 gün (on ay bir gun) Yuxarıda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. xx.xx.2012-xx.xx.2024-ci ilədək "xxxx" ASC-nin Bakı Sukanal İdarəsində qəzabərpa işləri üzrə çilingər peşəsində işləmişdir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə əsasən güzəştli sayılır. Güzəştli əmək stajı ixtisasa əsasən 11 il 11 ay 09 gün (on bir il on bir ay doqquz gün). Yuxarıda qeyd olunmuş bu ixtisas yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş su təchizatı Xidməti” publik hüquqi şəxsinin Nərimanov Rayon Sukanal İdarəsinin 25 iyul 2024-cü il tarixli 13-16-5-5/2-01-3-59/2024-cü il tarixli məktubunda məhkəmə tərəfindən ünvanlanmış suallar üzrə cavablar aşağıdakı kimi verilmişdir:

1. Yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işləri üzrə çilingər vəzifəsinin xüsusiyyətləri (səlahiyyətləri və vəzifə funksiyası) nədən ibarətdir? - Vəzifə təlimatı məktuba əlavə olunur.

2. Qəza-bərpa işləri üzrə çilingər vəzifəsi ilə yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin üzrə çilingərləri vəzifəsi eyni vəzifədirmi? - Bəli.

3. İddiaçı qəza-bərpa işləri üzrə çilingər vəzifəsində iş stajı nə qədərdi? - 29 il 7 ay 3 gün

4. İddiaçı çalışmış olduğu qəza-bərpa işləri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01,2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında “fəhlələr” yarım bölməsinin “yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri” peşəsinə uyğundur, eyni zamanda həmin vəzifələri yerinə yetirərkən bilavasitə icra etdiyi funksiyaların “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” peşəsi ilə eynilik təşkil edir.

5. "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin xx.xx.1994-cü il tarixli 33k nömrəli əmrinin (arxiv nüsxəsinin) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilsin - "xxxx" ASC 2011-ci ildə yarandığı üçün tələb olunan sənəd arxivdə mövcud deyil. Həmin məktuba əlavə olunmuş “Nərimanov rayon Sukanal” İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərinin (tullantı suların axıdılması xidməti üzrə) peşə təlimatının 2-ci bəndindəki əsas peşə və funksiyasına əsasən, qəza-bərpa işləri üzrə çilingərin əsas peşəsi verilmiş xüsusi çəkidə taxta və metal silindrləri açmaqdan, şarlı və şotkalı lövbəri olan müxtəlif ştanqalarla kanalizasiya şəbəkələrində və kollektorlarda zibili kənar etməkdən, su azaldan vasitələrdən və səyyar kranlardan istifadə edərək işləyən kanalizasiya şəbəkələrində təmir işlərini aparmaqdan ibarətdir. Əsas peşəyə müvafiq olaraq qəza bərpa işləri üzrə çilingər qeyd olunan funksiyaları yerinə yetirir: 2.1. Kanalizasiya xətlərinini, baxıcı quyuları, yağış barmaqlıqları təmizləyir; 2.2. Diametri 900 mm-dən böyük, oval, kanal, dairəvi formada olan, dərinliyi 12 m-dən artıq olan kanalizasiya xətlərində baş vermiş tutulma hallarını və qəzaları aradan qaldırır; 2.3 Torpaq qazıntı işlərini görür. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: 2.1. Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensi-yası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);... AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, xx.xx.2022-ci il tarixdə kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: Şəxs siyahıda nəzərdə tutulan peşələrdə işləməli, bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Normanın tələbindən də göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2023-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzəştli iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, ona imtina cavabı verilmişdir. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2024-cü ilədək olan dövrlərdə güzəştli iş stajına dair arayışlarına əsasən iddiaçının xx.xx.1994-cü ildən xx.xx.2012-cü ilədək (09 il 09 ay 12 gün), xx.xx.2004-cü ildən xx.xx.2011-ci ilədək (06 il 05 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədən (10 ay 1 gün), xx.xx.2012-ci ildən xx.xx.2024-cü ilədək (11 il 11 ay 9 gün) işlədiyi qəza-bərpa işləri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" fəslinin “a” fəhlələr bəndinin “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri” yarımbəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə, vəzifələrə uyğundur. Həmçinin iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək çilingər vəzifəsində işləmişdir. Belə ki, məhkəmə tərəfindən iddiaçının işlədiyi "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda bu fakt öz əksini tapmış və qəza-bərpa işləri üzrə çilingər vəzifəsini ilə yeraltı kazalizasiya şəbəkələrində daim məşğul olan qəzabərpa işlrinin çilingərləri vəzifələrinin eyni vəzifə olduğu təsdiq edilmişdir. Həmçinin, Nərimanov rayon Sukanal İdarəsi tərəfindən su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin qəza-bərpa işləri üzrə çilingərinin peşə təlimatından müəyyən olunur ki, qəzabərpa işləri üzrə çilingərlərin funksiyaları kanalizasiya xətlərini, baxıcı quyuları və yağış barmaqları təmizləmək, diametri 900 mm-dən böyük, oval, kanal, dairəvi formada olan, dərinliyi 12 m-dən artıq olan kanalizasiya xətlərində baş vermiş tutulma hallarını və qəzaları aradan qaldırmaqdır. Odur ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi Siyahının qeyd olunan bölməsindəki sözügedən peşə ilə uyğunluq təşkil edir. Bundan əlavə məhkəmə diqqətə çatdırır ki, cavabdehin yazılı münasibətində (etiraz məktubu) İddiaçı güzəştli iş stajının olmadığı qeyd edilsə də, Nərimanov rayon Sukanal İdarəsi tərəfindən təqdim olunan arayışlardan və sorğuya cavab məktubundan sabit olunur ki, iddiaçının qəza-bərpa işləri üzrə çilingər vəzifəsində qanunla tələb olunan güzəştli iş stajına malikdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı, qəza-bərpa işlərində çilingər vəzifəsində iş stajı və pensiya yaşı mübahisələndirilməmişdir. Cavabdeh imtinasını yalnız həmin vəzifənin Siyahıda öz əksini tapmaması ilə əsaslandırmışdır. Beləliklə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı olmadığından hesab edir ki, iddiaçının tələb etdiyi tarixdən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbinin cavabdeh tərəfindən təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2023-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar