Məhkəmə qərarları › İş №e-2-1(112)-10793/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10793/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10793/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Nümayəndə1 (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********012800 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********012800 nömrəli Qərara əsasən 2022-ci ilin gəlir vergisi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 133264,33 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və gəlir vergisini 26368,07 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa təqribən 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğu mənfəət vergisi 2022-ci il üzrə 4442,15 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 21925,92 manat vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin xərclər bölməsində qeyd edilən 109629,60 manat xərc məbləği vergi orqanında olan uçot-baza məlumatlarında sənədlərlə öz təsdiqini tapmadığından kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********377400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 21925,92 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, 4442,15 manat vergi məbləği bəyan edilmişdir. Vergi orqanı tərəfindən müvafiq bəyannamə üzrə kameral vergi yoxlaması aparılmış, xx.xx.2024-cü il tarixdə 21925,92 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsində bank xidməti üzrə xərclər 380 manat, ödənilmiş sığorta haqları üzrə xərclər 1044 manat, digər xərclər 109 629,60 manat qeyd edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin təqdim etdiyi bank xidməti üzrə və ödənilmiş sığorta haqları üzrə xərclər öz təsdiqini tapmış, digər xərclər sətrində qeyd edilmiş 109 629,60 manat məbləğ təsdiqini tapmamış, vergi ödəyicisinə uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən də müvafiq xərclərlə bağlı hər hansı sənəd vergi orqanına təqdim edilməmişdir. İddia ərizəsində iddiaçı tərəfindən xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesabladığı qeyd edilmişdir. Bu dəlilə münasibətdə qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Göründüyü kimi iddiaçı tərəfindən qeyd edilən normaların birbaşa pozulması öz təsdiqini tapmış, həmçinin iddiaçı xərcinin düzgün uçotunun aparmadığını, beləliklə, vergidən yayınmış olduğunu etiraf etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfinfən iddiaçıya ünvanlanan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023cü il tarixli məktubda göstərilmişdir ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və müvafiq izahat məktubunun təqdim olunması tələb edilmişdir. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfinfən iddiaçıya ünvanlanan Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024cü il tarixli məktubda göstərilmişdir ki, 13 mart 2024-cü il tarixdə təqdim olunmuş bəyannamə əsasında vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi və müvafiq izahat məktubunun təqdim olunması tələb edilmişdir. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının onun vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********012800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 26.368,07 manat vergi borcu hesablanmışdır. Həmin məbləğin 4.442,15 manat hissəsi təqdim edilmiş bəyannamə, hesabat üzrə, 21.925,92 manat hissəsi isə əlavə hesablanmış vergi məbləğidir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunan bəyannamənin “Xammal və materiallar” (1226.3-cü), “Malın dəyəri” (1226.4-cü), “Enerji xərcləri” (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri” (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri” (1226.11-ci), “Mühafizə xərcləri” (1226.12-ci), “Reklam xərcləri” (1226.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (1230-cu), Nəqliyyat xərcləri; (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (109629.60 manat), əvvəlki il üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (f) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 109629.60 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (96.1.). Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir (96.2). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1.). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı qaydada tutulur: vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi. İşdən göründüyü kimi iddiaçı 2022-ci il üçün gəlir vergisi bəyannaməsində gəlirini 133 264,33 manat göstərmiş, lakin xərclərində bir sıra uyğunsuzluqlar olmuşdur. İddiaçı bunu xərc sənədlərinin mövcud olmaması ilə əlaqələndirmişdir. Cavabdeh isə həmin məbləğdən yalnız gəlir vergisi bəyannaməsində göstərilmiş 380 manat bank xidmətlərinin göstərilməs ilə əlaqədar xərclər və 1044 manat istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərcləri çıxaraq vergiyə cəlb olunmalı gəliri qalan məbləğə 26368,07 manat gəlir vergisi hesablamışdır. İPM-də göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.2.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində gösətrilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı qərar iddiaçının 2022-ci il üçün hesabat dövrü ilə bağlı qəbul edildiyindən iddiaçıya Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilə bilər. Belə ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9-cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Göründüyü kimi cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmirsə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz. Cavabdehin etirazında Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələrinin 2024-cü ilin yanvarın 1-dən Məcəllədən çıxarıldığı qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının Vergi borcu 2022-ci il üçün hesablandığından və həmin vaxt Məcəllənin qeyd edilən normaları qüvvədə olduğundan iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********012800 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar