Məhkəmə qərarları › İş №e-2-1(112)-10795/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10795/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10795/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********632600 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********632600 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 1874,45 manat əlavə vergi məbləği hesablanmışdır. xx.xx.2024-cü il tarixində 2022-ci il üzrə Gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 11996,60 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədləri olmadığından ödənilməli gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasına əsasən hesablamışmışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və gəlir vergisini 2274,34 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı malların alınmasına dair xərclərinin olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa təqribən 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, xərclərə dair sənəd olmadığından 2022-ci il üzrə gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M = G : (100 + R) x R burada: M — vergi ödəyicinin mənfəəti; G — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: Mı = Gı : ( 100 + R) x R burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır (20%). 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 11996,60 : (100 + 20) * 20 = 1999,43 manat Gəlir vergisi: 1999,43 * 20% = 399,89 manat. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, xərclərə dair təsdiqedici sənədin olmaması satılan malların alışına hər hansı xərc çəkilmədiyini göstərmir. Lakin vergi orqanı malların təqdim edilməsindən əldə edilən gəlirin olduğunu qəbul etsə də, hər hansı əsas olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, ödəməli olduğum mənfəət vergisi 2022-ci il üzrə 399,89 manat ola biləcəyi halda, vergi orqanı tərəfindən əsassız olaraq əlavə 1874,45 manat vergi məbləği hesablanmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məlum olduğu kimi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3- cü və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********766000 nömrəli “Təqdim edilmiş Gəlir vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktub” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 1874.45 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********632600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın: bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 77.1 ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” (2022-ci il, Gəlir vergisi) xx.xx.2024-eü il tarixli **********632600 nömrəli qərarına əsasən Nümayəndə1 1874,45 manat əlavə vergi (və ya sığorta haqqı) (təqdim edilmiş bəyənnamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya siğorta haqqı 399,89 manat) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş **********136800 saylı xx.xx.2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərara əsasən Nümayəndə1 riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

İddiaçının 2022-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 11996,60 manat gəliri, 9997,17 manat gəlirdən çıxılan xərc olduğu, 399,89 manat gəlir vergisi müəyyən edilir. Mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi orqanı vergi ödəyicisi tərəfindən əldə edilmiş malların xərc sənədlərinin olmasını müəyyən etməmişdir. İddiaçı ödəməli olduğu mənfəət vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq çəkilmiş xərclərə dair təsdiqedici sənədlər təqdim edə bilmədiyindən vergi orqanına təqdim etdyi dəqiqləşdirilmiş bəyənnamədə mənfəətini 20 faiz şərti rentabellik norması tətbiqi ilə hesablamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********632600 qərarında göstərilmişdir: “Aparılmış araşdırma nəticəsində tərəfinizdən 2022-ci il ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, tərəfinizdən 2022-ci il mənfəət (gəlir) bəyənnaməsinin (hesabatının) vergi orqanına göstəriciləri azaldılaraq təqdim edildiyi müəyyən olunmuşdur”. Vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmədən cavabdeh qurum hesab edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi;

67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 95. Vergi ödəyiciləri Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 105. Verginin dərəcələri 105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. İddiaçının 2022-ci il ərzində müəyyən edilmiş gəliri (təqdim etdiyi bəyannaməyə əsasən) 11996,60 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 11996,60 manat : (100+20) x 20 = 1999,43 Gəlir vergisi - 1999,43 x 20% = 399,89 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********632600 nömrəli qərara əsasən iddiaçının 2022-ci il ərzində müəyyən edilmiş) 11996,60 manat gəlirinə münasibətdə kameral vergi yoxlaması ilə 2274,34 manat vergi hesablanmışdır (iddiaçının 399,89 manat vergi hesabladığını nəzərə alaraq, vergi orqanı tərəfindən əlavə hesablanmış (yayındırılmış) vergi məbləğinin 1874,45 manat olduğu müəyyən edilmişdir). Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli **********632600 qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar