Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10813/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra mətndə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi İddiaçı MMC-nin barəsində cavabdehin qəbul etdiyi xx.xx.2024-cü il tarixli **********289300 №-li qərarı ləğv edərək, İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılaraq icraata vitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixində **********142700 №-li qərar qəbul edərək, borc tələbini icraya yönəltmişdir. Bununla əlaqədar yuxarı vergi orqanlarına şikayət edilsə də şikayətləri nəticəsiz qalmışdır. Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN:**********) barəsində cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi xx.xx.2024-cü il tarixli **********289300№-li qərarla İddiaçı MMC riskli vergi ödəyicisi hesab edərək, riskli vergi ödəyiciləri siyahısına daxil etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ƏDV sub-uçot hesabi üzrə mədaxil-məxaric əməliyyatları, eqaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində hüquqişəxsin riskli vergi ödəyicisi heab edilməsi qərarına gəlmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə şəxsi hesab vərəqəsində olan dövlət büdcəsinə ümumilikdə 2105546,38 manat, saldo borcu hesablanmışdır. Cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi əməlliyatlar apardıqlaı şirkətin riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə verilmiş xx.xx.2024 və xx.xx.2023-cü il tarixli qərarlarla aparılmış əməliyyatların elektron-qaimə fakturaların əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsimləşdirdiyi sənədlər hesab olunduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsini əsas tutaraq verginin əvəzləşdirilməsinə əsas verilməməsi nəticəsinə gəlmişdir. Cavabdehin qəbul etdiyi qərar qanuna zidd olduğundan məhkəmə qaydasında ləğv edilməli və icraata xitam verilməlidir. xx.xx.2023 tarixli EBCO seriyalı 491233 nömrəli elektron-qaimə fakturaları əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan vergi əvəzləşdirilməsinə əsas verməmişdir. Belə ki, "xxxx" MMC (VÖEN:**********) ilə qeyd edilən tarixdə apardıqları əməliyyatlar, xx.xx.2023-cü il tarixində qəbul edilmiş **********215600 №-li Qərarla "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Eynilə xx.xx.2023-cü il tarixli **********223900 nömrəli Qərarla, "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilərək, sözü gedən şirkətlə apardıqları xx.xx.2023 tarixli EBCO seriyalı 491599 nömrəli elektron-qaimə fakturaların əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan vergi əvəzləşdirilməsinə əsas verməmişdir. Əlavə olaraq xx.xx.2024 tarixli **********299000 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC (VÖEN: **********) şirkəti ilə xx.xx.2023 tarixli EBDA seriyalı 826099 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 826284 nömrəli, xx.xx.2023 tarixli EBDA seriyalı 826152 nömrəli elektron-qaimə fakturaların əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsimləşdirdiyi sənədlər hesab olunduğundan vergi əvəzləşdirilməsinə əsas verməmişdir. xx.xx.2024 tarixində **********294500 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC-nin (VÖEN: **********) şirkəti ilə aparılan əməliyyatlar elektron-qaimə fakturaların əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsimləşdirdiyi sənədlər hesab olunduğundan vergi əvəzləşdirilməsinə əsas verməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli **********306300 nömrəli Qərarla riskli vergi ödəyicisi hesab edilən "xxxx"MMC-nin (VÖEN: **********) şirkəti ilə aparılan əməliyyatların elektronqaimə fakturaların əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsimləşdirdiyi sənədlər hesab olunduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-cimaddəsiniəsas tutaraq verginin əvəzləşdirilməsinə əsas verilməməsi nəticəsinə gəlmişdir. Hesab edirlər ki, cavabdehin mövqeyi əsassızdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-21-2-7/2-B-xxxx/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etiraz): İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə təqdim edilmişdir. Belə ki, müəssisənin riskli vergi ödəyicisi hesab edilməsilə bağlı Qərar 16 fevral 2024-cü il tarixdə müəssisənin elektron kabinetinə göndərilmişdir və vergi ödəyicisi tərəfindən elektron kabinetdə xx.xx.2024-cü il tarixdə oxunmuşdur (Oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilir). İddiaçı tərəfindən məhkəməyə müraciət tarixinə diqqət yetirdikdə aydın olur ki, iddia müddəti ötürülmüşdür. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd edilmişdir ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair AR Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Plenumunun Qərarına əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddiaçı MMC xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi və həmin tarixdən ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları” təsdiq edilmişdir. Meyarların 2.1.2-ci yarımbəndinə uyğun olaraq İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2024-cü il tarixli **********289300 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM,109.9 maddə). Bildiririk ki, İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə görə, vergidən yayınma sxemi dedikdə, vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. İddiaçı MMC barədə Vergi Məcəlləsinin 32.4.-cü maddəsinə uyğun olaraq keçirilmiş nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ştq, Südçülük sov. ev.südçülük sov m.1 ünvanında qeydiyyata qoyulmuş “anbar” adlı təsərrüfat subyektinin real olmadığı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı “Sabunçu rayonu, Ramana südçülük sovxozu” ünvanında kütləvi olaraq obyektlərin qeydiyyatlarında icarəyə verən olaraq göstərilmiş mülkiyyətçi X3 ilə əlaqə saxlanılmış, obyektini yalnız 2 vergi ödəyicisinə icarəyə verdiyini bildirmişdir. Qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020- ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci yarımbəndinə uyğun olaraq vergi ödəyicisi riskli hesab edilmiş və İddiaçı MMC xx.xx.2024-cü il tarixli **********289300 nömrəli Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı MMC tərəfindən özünün fəaliyyətlə məşğul olduğu görüntüsü yaratmaq üçün X1 anbar tipli obyekt icarəyə götürməsi barədə saxtalaşdırılmış icarə müqaviləsi tərtib etməklə vergi orqanında təsərrüfat subyektini uçota qoyduğu tam sübuta yetirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və xx.xx.2024-cü il tarixdə İddiaçı MMC “Elektron informasiya məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etdiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında tərəflərindən təqdim edilmiş iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, qeyd olunanların və mübahisələndirilən qərarın xx.xx.2024-cü il tarixə rəsmi qaydada iddiaçı tərəfindən oxunmasının nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № **********289300 saylı qərarının surətindən müəyyən olunur ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edildiyindən vergi ödəyicisi İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Elektron sənədə dair tələblər 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4. texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. ... Maddə 27. Elektron sənədin göndərilməsi və alınması ... 27.2. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. 27.3. Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 27.4. Tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. ... Maddə 28. Elektron sənədin göndərilmə və alınma vaxtı 28.1. Tərəflər arasında bağlanmış müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. 28.2. Tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. 28.3. Göndərilmə və alınma vaxtlarının mübahisəyə səbəb olacağı hallarda vaxt göstəricilərinin qeydiyyatı xidmətlərindən istifadə edilə bilər.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-nin normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun riskli vergi ödəyicisi hesab edilməsi barədə İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № **********289300 saylı qərarın ləğv edilməsinə yönəlmişdir. Belə ki iddia predmeti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № **********289300 saylı qərarıdır. Məhkəmə hesab edir ki, iddianın mahiyyətinə baxılmazdan əvvəl mübahisələndirmə növündə iddianın mümkünlüyü əsaslarının yoxlanılması ilə əlaqədar iddia müddətinin ötürülüb-ötürülməməsinin qiymətləndirilməsi ilə bağlı iddiaçının hüququnun pozulduğu gün müəyyən edilməlidir. Belə ki, mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № **********289300 nömrəli qərar xx.xx.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ən azından xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli qərar barədə artıq məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, № **********289300 nömrəli qərarın ləğv edilməsini xahiş edərkən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən xx.xx.2024-cü il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 3 aydan çox müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 145/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçının mübahisələndirdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərar xx.xx.2021- ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2021- ci il tarixdə, saat 13:22-də oxunmuşdur. İddiaçı həmin qərarın mübahisələndirilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə isə 02.06.22-ci il tarixdə müraciət etmişdir. Hazırkı qərarın 15-ci bəndində qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır” Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi eyni mövqeyidən çıxış edərək mübahisələndirmə haqqında iddia növündə iddiaçının mübahisələndirilən qərarın mövcudluğundan xəbərdar tutduğu müddəti vergi ödəyicisinin həmin qərarı oxuduğu müddətdən müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda nəzərə alınmalıdır ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.). Elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Cavabdeh inzibati orqanı mübahisə predmeti olan qərarın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanunun tələbləri baxımından elektron sənəd kimi elektron qaydada iddiaçıya təqdim edildiyini əsas gətirməklə iddiaçı tərəfindən həmin qərarın mübahisələndirməsi üçün iddia müddətinin ötürüldüyü nəticəsini məhkəmə əsaslı hesab edir. Belə ki, qərar həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilmişdir. Sözügedən qərar elektron üsulla iddiaçıya çatdırılmış, eyni zamanda qərar gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalandığından, həmçinin kriptoqrafik kod olduğundan, elektron üsulla iddiaçıya çatdırılmış qərarın həqiqiliyi müəyyən etmək mümkün olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 384.0.5-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiq edilməli olmaması əsası da aradan qalxır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 24-cü maddəsində göstərilmişdir: 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş iddiaçı, qeyd ounan (İPM-nin 24-cü maddəsində nəzərdə tutulmuş) hüququndan istifadə etməmiş və məhkəmə iclasına gəlməyərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qeyd olunanlara görə məhkəmə tərəfindən iddianın mümkünlük məsələsi iddiaçının nümayəndəsinin iştirakı olmadan araşdırılmış və sonuncuya İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımın göstərilməsi mümkün olmamışdır. İPM: Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev