Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10853/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 41926.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 123413.64 manat borcuna görə 100000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 41926.84 manat ödənilməmiş borcu qalmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bildirişdən görünür ki, cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakların siyahıya alınması ilə əlaqədar xəbərdarlıq iddiaçı tərəfindən edilmişdir. Əmlakın siyahıya alınması haqqında qəradan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, vergi ödəyicisinin əmlakı siyahıya alınmışdır. Xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə siyahya alınmış əmlakın satılması ilə bağlı məhkəməyə iddia qaldırılacağı cavabdehə bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, müraciətə əlavə edilmiş çıxarışda göstərilən əmlak reyestrə əsasən Cavabdeh MMC-nin mülkiyyətindədir. Həmin əmlak üzərinə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3-21- 2-3/2-375127/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu əsasında qadağa qoyulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində müvafiq orqana ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul etmiş və cavabdehə məxsus, əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ix satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcud olmuş, həmin borcun şəxsi hesab vərəqəsindən silinməsi və ya həmin borcun hesablanmasına əsas olmuş mövcuddursa inzibati aktın mübahisələndirilməsinə dair şikayət instansiyası və inzibati məhkəmə icraatı qaydasında baxılan iş olmamışdır. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş borcunun olunması təkzib olunmaz haldı və iddiaya münasibət bildirilərək borcun olmadığının bildirilməsi istisna etmir. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin silinməsi, borc inzibati aktla hesablanmışdırsa həmin inzibati aktın cavabdeh tərəfindən ayrıca icraat qaydasında məhkəmədə və ya şikayət instansiyası qaydasında mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal hazırda qüvvədə olmasını və hazırki mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi üzərinə qanunla müəyyən edilmiş öhdəlikləri ödəmək vəzifəsi qoyulduğundan borcun ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi və sığorta borcları üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir və onun həmin öhdəliklərini tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borcun dəyərinə münasibətdə əmlakın dəyəri də məhkəmə hesab edir ki, iddianın təminini istisna etməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddia 41926,84 manat olan borcun ödənilməsi üçün dəyəri 100.000 manat kimi qiymətləndirilən daşınmaz əmlakın satılması ilə bağlıdır. Lakin, nəzərə alınmalıdır ki, borcun ödənilmədiyi halda qanunvericiliyin tələbi konkretdir, əmlakın siyahıya alınması satılmasına yönələn tədbirlərin görülməsi vergi orqanının səlahiyyətindədir və borcun ödənilməsinə yönələn məbləğdən əlavə qalan məbləğin vergi ödəyicisinə geri qaytarılması da göstərilmişdir ki, qeyd olunanlar nəzərə alınmaqla məhkəmə qeyd edir ki, daşınmaz əmlakın borca münasibətdə qiyməti iddianın təminini hər bir halda istisna etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin2-1(102)-2719/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 2.982,34 manat məbləğində borcu yaranmışdır. Cavabdeh vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixli protokol ilə onun əmlakı siyahıya alınmış və xx.xx.2022-ci il tarixdə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Vergi qanunvericiliyi ilə vergiləri ödəmək vergi ödəyicisinin üzərinə vəzifə kimi qoyulmuşdur və vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2999/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə MDSS üzrə 3336,90 manat əsas, 959,13 manat penya borcu vardır. “Vergi borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarların bir icraatda birləşdirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin əmlaklarının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş siyahıdan görünür ki, "xxxx" MMCnin borcuna görə 3500 manat dəyərində əmlakı (2500 manat dəyərində 1 ədəd ağ rəngli işlək vəziyyətdə Çin istehsalı “Woson” sterilizə aparatı, 1000 manat dəyərində 1 dəst ağ rəngli monitorlu avtomatik “Samsung” markalı diş həkimi stolu) siyahıya alınmışdır. Eyni zamanda əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə tam ödənilmədiyi halda siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda cavabdeh öhdəliklərini yerinə yetirməmiş, vergi borcu üzrə yaranmış borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməmişdir. Məhkəmə əlavə olaraq onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, əmlak üzərində məhdudiyyətin olması ilə bağlı məlumat mövcud olsa belə, nəzərə alınmalıdır ki, bu məhdudiyyətin qoyulmasına səbəb məhz iddiaçının məktubu çıxış edir. Belə olan halda Məhkəmə hesab edir ki, məhdudiyyətin qoyulmasına əsas olan məktub məhz siyahıya alınmış əmlakın satışını həyata keçirən iddiaçı tərəfin özü tərəfindən həyata keçirildiyindən, bu hal hazırki iddianın təminini istisna etmir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh MMC-nin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 41926.84 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 100000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti)) vasitəsilə satılsın. Göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10853/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10853/2025
22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver