Məhkəmə qərarları › İş №e-2-1(112)-10878/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10878/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10878/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 3 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Azərelektroterm” Bağçılıq Yoldaşlığı üzvlərinin 09 yanvar 1998-ci il tarixli protokolundan çıxarışa əsasən, İddiaçı (bundan sonra – iddiaçı) Bağçılıq Yoldaşlığının üzvü qəbul edilmiş və cəmiyyətin bağ sahələrindən 44 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. T.V. X1 üzvlüyündən çıxarılmışdır. “Azərelektroterm” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib edilərək iddiaçıya təqdim olunmuş 10 yanvar 1998-ci il tarixli, 101 nömrəli arayışa əsasən, iddiaçının yoldaşlığın üzvü olması və ona 44 nömrəli bağ sahəsinin ayrılması təsdiq edilmişdir. 150 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, iddiaçı 10 yanvar 1998-ci il tarixdə “Azərelektroterm” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan 44 saylı bağ sahəsi xx.xx.1998-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçı 44 saylı bağ sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq daşınmaz əmlakın hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd etmişdir ki, “...idarəyə təqdim edilmiş "Azərelektroterm" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır.” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 500 kv.m sahədən ibarət 44 saylı torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna müvafiq çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektroterm” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən təqdim olunmuş arayış və üzvlük kitabçasından görünür ki, nümayəndəsi olduğu şəxs İddiaçı xx.xx.1998-ci il tarixində sözügedən cəmiyyətə üzv qəbul edilmişdir (protokol, arayış və üzvlük kitabçasının notarial təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə edilir). “Azərelektroterm” bağçılıq-yoldaşlıq cəmiyyətinin idarə heyətinin iclasının xx.xx.1998-ci il tarixli protokolundan çıxarışdan da göründüyü kimi, Suraxanı rayonunun Hövsan bağ massivində yerləşən bağçılıq-yoldaşlıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 500 kv.m. sahəsi olan, B44 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə nümayəndəsi olduğu şəxsə ayrılmışdır. Həmin torpaq sahəsi İddiaçıçə ayrıldıqdan sonra onun istifadəsinə verilmiş və həmin vaxtdan etibarən o, ona məxsus sözügedən torpaq sahəsindən istifadə etmişdir. Məhz bu xüsusatlara əsasən, qanuni əsaslarla İddiaçıçə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivindəyerləşən 500 kv.m sahədən ibarət B44 saylı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna müvafiq çıxarışın verilməsi üçün cavabdeh orqana (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə) dəfələrlə rəsmi qaydada müraciət edilmişdir. Həmin İdarə tərəfindən müraciətə baxılmış, lakin, müraciətin təmin olunmasından imtina edilmişdir (inzibati orqanın cavab məktublarının surətləri iddia ərizəsinə əlavə olunur, cavab məktubunda “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında nümayəndəsi olduğum şəxsin adının aşkar olunmaması qeyd olunmuşdur). Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, “Azərelektroterm” Bağçılıq Yoldaşlığı üzvlərinin 09 yanvar 1998-ci il tarixli protokolundan çıxarışa əsasən iddiaçı Bağçılıq Yoldaşlığın üzvü qəbul edilmiş və cəmiyyətin bağ sahələrindən 44 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçıya “Azərelektroterm” Bağçılıq Birliyinin üzvü olmasına dair üzvlük kitabçası verilmişdir. “Azərelektroterm” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib edilərək iddiaçıya təqdim olunmuş 10 yanvar 1998-ci il tarixli, 101 nömrəli arayışa əsasən, iddiaçının yoldaşlığın üzvü olması və ona 44 nömrəli bağ sahəsinin ayrılması təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi bağçılığın üzvlük kitabçasını, protokoldan çıxarışı və bağçılıq yoldaşlıq birliyinin arayışını təqdim edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərəkən o hala istinad edir ki, idarənin arxiv məlumatlarına əsasən "Azərelektroterm" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, iş materiallarında mövcud olan və iddiaçı tərəfindən təqdim edilmiş bağçılıq üzvlük kitabçası, protokoldan çıxarış və Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş arayışa əsasən iddiaçı 10 yanvar 1998-ci il tarixində bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş, imtina və etirazın əsası kimi istinad olunan 13 sentyabr 1985-ci il tarixli, 28 nömrəli bağçılıq yoldaşlığı üzvlərinin siyahısından göründüyü kimi, həmin siyahı xx.xx.1985-ci il tarixində tərtib edilmişdir. Bu isə iddiaçının üzvlüyə qəbul edilməsindən 13 il əvvəl olmuşdur. Belə olan halda məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hal əsassız hesab edilir, çünki iddiaçı həmin tarixdə bağçılıq yoldaşlığının üzvü olmadığına görə onun adının siyahıda yer almaması təbiidir və hüquqi baxımdan heç bir mənfi nəticə doğura bilməz. Bağçılığın yenilənmiş siyahısının cavabdeh İdarəyə təhvil verilməməsi iddiaçının təqsiri deyil və onun məsuliyyət sferasına aid deyildir. Cavabdeh İdarə tərəfindən torpaq sahəsinin yerləşməsini müəyyən edən koordinatlar və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı təqdim edilmişdir. İdarənin arxiv məlumatlarında “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının düzgün tərtib edilməməsi iddiaçının təqsiri deyil və mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas təşkil etmir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 500 kv.m sahədən ibarət 44 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar