Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10879/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, istefada olan polkovnik İddiaçı 01 avqust 1970-ci il tarixdən 02 fevral 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 02 fevral 1992ci il tarixdən 16 iyun 1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. Azərbaycan Respublikası Müdafiə nazirinin 16 iyun 1995ci il tarixliəmrinə əsasən “Hərbi xidmət haqqında” Qanunun 18-cimaddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) ehtiyatla buraxılmışdır. O, ərizə və hərbi xidmətimi təsdiq edən sənədlərlə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan dövrdə Bakı Birləşmiş Komandanlıq məktəbinin rəisinin 04 dekabr 1993-cü il tarixli 24 nömrəli əmri ilə döyüş əməliyyatları aparılan rayona ezam olunmağının döyüş tapşırığı olmaması barədə qeydin olmadığı göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Çünki, iddiaçının döyüş bölgəsinə döyüş tapşırığının icrası ilə əlaqədar ezam olunması öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan dövürdə Bakı Birləşmiş Komandanlıq məktəbinin rəsinin xx.xx.1993cü il tarixli 24 nömrəli əmri ilə döyüş əməliyyatları aparılan rayona iddiaçının ezam olunmasına dair əmrdə döyüş tapşırığının icrası ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsaslan baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bəhs edilən normalardan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: -döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: -1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular. İşin mübahisəsiz hallarından məlumdur ki, İddiaçı xx.xx.1970-ci ildən xx.xx.1992-ci ilədək SSRİ SQ-də, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və xx.xx.1995-ci il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş bölgəsinə ezam olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmrin, eyni zamanda qanuni əsaslar ilə hərbi xidmətdən tərxis olunması barədə əmrin mövcudluğuna istinad edərək, müharibə veteranı statusunun qazandığını iddia edir. Cavabdeh isə bunun tam əksi, iddiaçının döyüş bölgəsinə ezam olunması barədə əmr olduğu halda, onun ezamının bilavasitə döyüş tapşırığı ilə əlaqədar olmamasına əsaslaraq, iddiaçının müharibə veteranı adının qazanmadığını hesab etmişdir. Məhkəmə bununla bağlı diqqətə çatdırır ki, iddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmri ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş bölgəsinə ezam olunmuşdur. Doğrudur ki, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin əmrində iddiaçının konkret olaraq döyüş bölgəsinə döyüş təminatı ilə bağlı və ya döyüş tapşırıqlarının icrası ilə bağlı göndərilməsi göstərilməmişdir. Lakin bu hal hazırki mərhələdə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının döyüş bölgəsinə ezam olunması barədə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmrinin kökündə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1992-ci il tarixli, 766 №-li Sərəncamı dayanır. Həmin Sərəncam Azərbaycan Respublikası Müdafiə Nazirliyində aşkar olunmasa da, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin əmri mövcud olmuş, iddiaçının döyüş bölgəsinə ezam olunması, döyüş bölgəsində iştirak olunması təsdiq olunmuşdur. Cavabdeh, bu barədə əks arqumentini də təsdiq edə bilməmişdir. Belə ki, əgər hərbi qulluqçu döyüş bölgəsinə ezam edilmişdirsə və onun ezam olunması döyüş təminatı ilə bağlı və ya döyüş tapşırıqlarının icrası ilə bağlı deyildirsə, həmin şəxsin hansı səbəblərdən döyüş bölgəsinə ezam edilməsi barədə heç bir məlumat cavabdeh tərəfindən təqdim edilə bilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı döyüş bölgəsinə ezam olunan dövrdə madi təminat üzrə rəis müavini vəzifəsində olmuşdur. Ümumiyyətlə onun hərbi xidməti əşya təminatı, təsərrüfat bölməsi ilə bağlı olmuşdur ki, bu hallar onun ən azından döyüş təminatı ilə bağlı tapşırıqların icrasına cəlb edildiyini təsdiq edir. Lakin, diqqətəlayiq məqamlardan biri odur ki, Bakı şəhəri Yasamal rayon Hərbi Komissarının arayışına əsasən iddiaçının xx.xx.1993-cü ildən döyüş bölgələrinə ezamiyyətdə olması əsası ilə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak etdiyi təsdiq olunmuşdur. Eyni zamanda, iş materiallarından da görünür ki, iddiaçının xəstəliyə görə ehtiyata buraxılmasına əsas olmuş xəstəlik döyüş bölgəsində aldığı xəsarətlə bağlı olmuşdur. Beləliklə, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Məhkəmə, həmçinin iddiaçının ezam müddətinin 04 fevral 1993-cü il tarixdən 07 fevral 1993-cü il tarixə, 3 gün olmasına münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, ezam müddətinin qısa və uzun müddət olması hazırkı halda iddianın təmininə münasibətdə hər hansı əhəmiyyət daşımır. Belə ki, iddiaçının hansı müddətdə ezam olunması onun xidmət etdiyi inzibati orqanın səlahiyyətinə aid məsələdir və qanunvericilikdə ezam müddətinin uzun və qısalığı səbəbindən veteran statusunun verilməsinə münasibətdə hər hansı fərqli qiymətləndirmənin aparılması nəzərdə tutulmamışdır. Ezam müddəti 1 gün, 3 gün, 10 gün, 1 ay, 1 il və s olmasından asılı olmayaraq əgər şəxs ezam olunduğu döyüş bölgəsinə ezam edilmişdirsə və bu ezam döyüş tapşırığı və döyüş təminatı ilə bağlıdırsa həmin şəxsin veteran statusunun verilməsinə münasibətdə hər hansı fərqləndirmə aparılması yol verilməzdir. Belə ki, həmin şəxs ezam olunduğu 3 gün müddətində şəhid olduğu və ya yaralanması səbəbindən əlilliyi müəyyən olunacağı halda da həmin şəxslə digər eyni statusda olan şəxs arasında hər hansı fərqləndirmə müddətdən asılı ola bilməz. Odur ki, şəhid və əlilliyi müəyyən edilmiş şəxslə bağlı hər hansı müddət məhdudiyyətinin tətbiq edilməməsi kimi məntiqi əsas veteranlara münasibətdə də öz qüvvəsini saxlamalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ümumiyyətlə cavabdehin iddianın təminini istisna edən faktiki şərtdən də müəyyən edilir ki, cavabdeh iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrinin olmadığına istinad edir. Mövcud inzibati məhkəmə praktikası doğrudur ki, belə formalaşmışdır ki, hərbi qulluqçularla bağlı hərbi xidmətdən ehtiyata buraxılma barədə sənədlərin olması zəruridir. Hazırki iş üzrə iddiaçının qanuni əsaslar ilə hərbi xidmətdən ehtiyata buraxılması da təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1408 /2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçı da xx.xx.1992-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.” Ali Məhkəmənin № 2-1(102)-230/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, , iddiaçı ezamiyyətdə olarkən döyüş əməliyyatları bölgəsində tərcüməçi fəaliyyəti ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Qeyd edilənlər işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmaması ilə bağlı məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi əmrlərdə iddiaçının döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi açıq-aşkar qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tərcüməçi xidməti göstərmək məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, hərbi hissə komandirinin əmrinə əsasən iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə tərcüməçi xidməti üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-677/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir.” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, tibbi yardım məqsədi ilə hərbi hissəyə göndərilmiş şəxslərin funksiyası bir başa döyüş tapşırığı kimi qiymətləndirildiyindən onların müharibə veteranı adı və vəsiqəsini tələb etmək hüquqları yaranır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki iddiadan fərqli olaraq yuxarı instansiya məhkəmələri tərəfindən baxılan iddialarda iddiaçı qismində çıxış edən vətəndaşlar döyüş bölgəsinə ezam olunması yolu ilə göndərilmişdirlər. Doğrudur ki, ezamiyyətə göndərilməsi anlayışı bilavasitə işçisinin və işəgötürənin arasında olan münasibətlərdən irəli gələn bir məsəlidir. Lakin nəzərə alınmalıdır ki, yuxarı instansiyada baxılan işlər üzrə olduğu kimi hazırki mübahisədə də iddiaçının döyüş bölgəsinə göndərilməsinin əsası tibbi yardımın göstərilməsi təşkil edir. Eyni zamanda həmin işlərə oxşar olaraq müəyyən müddət üçün həmin işlərin görülməsi tapşırılır ki, iddiaçı da konkret əvvəlcədən müəyyən edilmiş müddət ərzində tibbi yardımın göstərilməsi üçün təyinatlandırılmışdır. Göründüyü kimi, digər vətəndaşlardan fərqli olaraq iddiaçı Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1993-cü il tarixli, 24 nömrəli əmrinə əsaən döyüş bölgəsinə ezam olunmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10879/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10879/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver