Məhkəmə qərarları › İş №e-2-1(112)-10885/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10885/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10885/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X6 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 5 saylı sərancamına uyğun olaraq qulluq keçdiyi SMPDK ləğv olunaraq yenidən təşkil olunan Antiinhisar xidmətinə verildi və iddiaçı xx.xx.2018-ci ildən DİM-də ehtiyat kadırlar siyahısına daxil edildi. Dövlət Qulluqu haqqında qanunun, Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar. 21.1.6. dövlət orqanı ləğv edilərsə və ştatları ixtisara düşərsə vəzifə maşına və ixtisasa uyğun işə düzəlmədə üstunlük və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük və bu halları tənzimləyən Prezindentin 464nömrəli fərmana uyqun olaraq cavabdehə, yəni prezidentə xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etdi və ərizəni aydiyyatı üzrə Dim-ə (dim-də ehtiyat kadırda olduğu dövürdə) göndərildi. Vakant vəzifəyə təyinatı ilə bağlı məsələyə baxılması məqsədilə barəsində məlumatlar 2019-cu il 11 dekabr tarixli 01/xx-xx/4492 nömrəli məktubla aydiyyatı üzrə İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir. İqtisadiyyat Nazirliyinin xx.xx.2020-ci il tarixli İN- X/O-16234/2019 nömrəli DİM-ə yazdığı cavab məktubunda işçilərin say həddi və ştat cədvəlləri təsdiq olunduqdan sonra ehtiyat kadr məsələsinə baxılacağını qeyd etmişdir. xx.xx.2019-cu il tarixli 845 saylı Prezidentin fərmanına uyğun olaraq Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. 835 saylı fərmanın 3 və 5 maddələrində göstərilir ki, müəyyən olunsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsinlər. DİM-ə cavab məktubundan aydın olur ki, İqdisadiyyat Nazirliyinin rəsmisi xx.xx.2019-cu il tarixli 845 saylı prezidentin sərəncamından xəbərsizdir və ya məqsədli şəkildə Prezidentə və DİM-ə yalan məlumat vermişdir ki, hər iki halda hüquqa ziddir. İddiaçının DİM-də ehtiyyat kadırlarda olan şəxsi məlumatları İqdisadiyyat Nazirliyinə göndərildiyi tarixdə 2019-cu il 11 dekabr tarixli 01/xx-xx/4492 nömrəli məktubla) İqdiasadiyyat Nazirliyi və onun strukturuna daxil olan qurumlar Prezidentin 845 saylı fərmanına uyğun mövcud olduqları əsasnamə üzrə faliyyətlərini davam etdirməlidirlər. İqdisadiyyat nazirliyinin qanuna zidd hərəkətindən iddiaçıya ağır və bərpaedilməz maddi və mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən ona, iddiaçıya dəymiş maddi və mənəvi ziyanın cabavdeh tərəfindən ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edildiyini, onun səlahiyyətlərinin mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verildiyini, xx.xx.2018-ci ildən DİM-də ehtiyat kadrlar siyahısına daxil edildiyini bildirmişdir. Həmçinin iddia ərizəsində iddiaçı vəzifəyə təyinatla bağlı xx.xx.2019-cu il tarixində ərizə ilə Prezidentə müraciət etdiyini, ərizənin aidiyyəti üzrə DİM-ə göndərildiyini, DİM-in 2019-cu il 11 dekabr tarixli 01/xx-xx/4492 nömrəli məktubu ilə müraciətin aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə təqdim edildiyini qeyd etmişdir. İqtisadiyyat Nazirliyinin müvafiq cavab məktubunda işçilərin say həddi və ştat cədvəlləri təsdiq olunduqdan sonra ehtiyyat kadr məsələsinə baxılacağı qeyd edilmişdir. İddiaçı isə cavab məktubunu mübahisələndirərək ona dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və X2 birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır. Müvafiq Sərəncamla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğuh qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 9/1043 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsi qüvvəyə minənədək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin öz fəaliyyətini davam etdirməsi tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Həmin Fərmanın 5-ci hissəsində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirmələri tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin” Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 1 iyul 2011-ci il tarixli 464 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində X4 ehtiyat kadr kimi saxlanılır. İddiaçı Mikayılov X1 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə çalışdığı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə əlaqədar 18 may 2018-ci il tarixdən DİM-in ehtiyat kadrlar siyahısına daxil edilmiş və 2019-cu ilin noyabr ayında vəzifəyə təyinatla bağlı DİM-ə müraciət etmişdir və müraciəti aidiyyəti üzrə DİM tərəfindən İqtisadiyyat Nazirliyinə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilmişdir. Lakin həmin dövrdə Prezidentin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsə də, onun Əsasnaməsi və strukturu, ştat cədvəli hələ təsdiq edilməmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən DİM-ə ünvanlanmış xx.xx.2019-cu il tarixli İN-X/O- 16234/2019 nömrəli cavab məktubunda İqtisadiyyat Nazirliyinin və onun strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri, strukturları, işçilərinin say həddi və ştat cədvəlləri təsdiq edildikdən sonra ehtiyat kadrların təyinat məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2019-cu ilin 23 oktyabr tarixdən 2020-ci ilin 12 may tarixədək olan müddət ərzində öz fəaliyyətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi statusunda davam etdirmişdir və daxil olan müraciətlərə Agentlik tərəfindən baxılmış və cavablandırılmışdır. İddiaçı X5 ehtiyat kadrlar siyahısında olma müddəti isə 2020-ci ilin 18 may tarixində başa çatmışdır və onun İqtisadiyyat Nazirliyi tərəfindən ehtiyat kadrlar siyahısından müvafiq vakant vəzifəyə təyin edilməsi qanunvericiliyə uyğun olaraq mümkünsüz olmuşdur. Vətəndaş C. Mikayılov tərəfindən İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətləri İqtisadiyyat Nazirliyinin müvafiq məktubları ilə cavablandırılmış (surətləri əlavə edilir) və vətəndaşa onun ehtiyatda olma müddətinin başa çatması, dövlət qulluğuna qəbulun “Dövlət Qulluğu haqqında” Qanunla tənzimləndiyi və dövlət qulluğuna qəbul üçün müvafiq vakant vəzifələr üzrə elan edilən müsabiqə və müsahibələrdə iştirak hüququ izah edilmişdir. Vətəndaş C. Mikayılov eyni məzmunlu şikayətlə xx.xx.2025-ci il tarixdə yenidən İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli 190 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldığı nəzərə alınaraq, vətəndaşın müraciəti qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilmiş və bu barədə vətəndaş C. Mikayılova İqtisadiyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-21/2-M-2827-1/2025/4540 nömrəli məktubu ilə məlumat verilmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı C. Mikayılov tərəfindən ona dəyən maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddia qaldırılsa da, İqtisadiyyat Nazirliyi tərəfindən ona hansı səbəblər nəticəsində və hansı həcmdə maddi və mənəvi zərər dəyməsi əsaslandırılmamış, zərərin nədən ibarət olması göstərilməmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri göstərilən tələblə müraciət edilmədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

12. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə təyin olunmuş məhkəmə iclasında iştirak edən iddiaçıya cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamış, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmədiyini bildirmiş, cavabdeh tərəfindən həmin hal təsdiq olunmuşdur. Bu baxımdan hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

13. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

14. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.

15. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar