Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10915/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********691300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə iddiaçıya 2022-ci ilin 4-cü rübü üzrə 55265,27 manat məbləğində ÖMV (ödəmə mənbəyində vergi) hesablanmışdır. Mübahisənin mahiyyəti bundan ibarətdir ki, iddiaçı qeyri-rezident şəxslərdən lisenziyalı proqram təminatlarının alqı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alqı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyəti ilə məşğuldur. İddiaçı qeyri-rezident şəxslərdən aldığı proqram təminatlarına görə etdiyi ödənişləri cavabdeh Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə istinad edərək ÖMV-yə cəlb etmişdir. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə görə, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyrirezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5 bu Məcəllənin 125.1.1-ci - 125.1.4-cü, 125.1.6-cı - 125.1.8-ci və 125.1-1ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən 10 faiz dərəcə ilə ÖMV tutulur. Qeyd olunan normanın tələbindən göründüyü kimi, gəlirin vergiyə cəlb edilməsi Azərbaycan mənbəyindən olması ilə şərtləndirilmişdir. Azərbaycan mənbəyindən gəlir anlayışı isə Vergi Məcəlləsinin 13.2.16-ci maddəsində əksini tapmışdır. Belə ki, həmin normaya nəzər yetirdikdə müəyyən olunur ki, qeyri-rezidentin o gəlirləri Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab olunur ki, onlar Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş olsun. Başqa sözlə desək, qeyri-rezident Azərbaycan ərazisində rezident şəxsə iş (xidmət) göstərmirsə, ödənişin Azərbaycandan həyata keçirilməsi həmin gəlirlərin ÖMV-yə cəlb edilməsinə əsas yaratmır. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən yuxarı vergi orqanına inzibati şikayət olunsa da, yuxarı vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin olunmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, kameral vergi yoxlaması nəticəsində aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ilin oktyabr - 2022-ci ilin dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) cəmi daxil olma dövriyyə məbləği 557316,37 manat göstərilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ÖMV bəyannaməsinin 1606-2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında royalti üzrə gəlirləri), 1607.2-ci (Qeyri-rezidentin Azərbaycan Respublikasında icarə üzrə gəlirləri), 1608.1-ci (Riskin sığortası və ya təkrar sığortası ilə bağlı sığorta ödənişləri), 1608.2-ci (Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üzrə ödənişlər) və 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərində cəmi 4663,67 manat qeyd edildiyi, bunun da kənarlaşmanın yaranmasına səbəb olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Cəmiyyətə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********555500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya müvafiq izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin 4-cü rübü üzrə ÖMV bəyannaməsinə 55 265,27 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli qərar qəbul olununmuş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyət tərəfindən kameral vergi yoxlaması ilə hesablamaya əsas olan halın dəqiqləşdirilməsi məqsədilə vergi qanunvericiliyinin tətbiqi barədə vergi orqanına xx.xx.2023- cü il tarixli **********333500 nömrəli məktubla sorğunun edildiyi, sorğuya xx.xx.2023-cü il tarixli **********064600 nömrəli məktubla cavab verildiyi müəyyən edildi. Cavab məktubunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.8-ci maddəsində hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmiş, bununla yanaşı Vergi Məcəlləsinin 13.2.11 -ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayıldığı, ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunduğu qeyd edilmişdir. Məktubda həmçinin Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən proqram təminatı qeyri-maddi aktivlərə və qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsinə aid edilmədiyi və Vergi Məcəlləsinin 13.2.11ci maddəsinə uyğun olaraq xidmət (iş) sayılmaqla ümumi qaydada ƏDV- yə cəlb olunduğu, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmadığı, qeyri-rezidentə müqavilə əsasında edilmiş ödənişlər qeyrirezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edildiyi, həmin ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli olduğu, qeyri-rezident hüquqi şəxsdən alınmış proqram təminatına görə ona edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğu qeyd edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən, 2022-ci ilin 4cü rübü ərzində qeyri-rezindent şəxslər tərəfindən Cəmiyyətə təqdim edilmək məqsədi ilə verilmiş istifadə hüququnun (proqram təminatı, lisenziya) Azərbaycan Resublikasında fəaliyyət göstərən şəxslərə elektron qaimə-fakturalarla təqdim olunduğunu, qeyrirezindentin əldə olunan gəlir məbləğinin inzibati araşdırma ilə Azərbaycan Respublikasından əldə olunan gəlir hesab edildiyini, bu gəlirlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi və həmin iş və xidmətlərin tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməli olduğunu, 2022-ci ilin oktyabr - dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində VM 169-cu maddəsinə əsasən qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar (306) sətri üzrə təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin 320 450,09 manat, ödənilmiş ümumi məbləğ isə 557 316,37 manat bəyan edilməsinə baxmayaraq 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.4-cü (Qeyri-rezidentin muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirində cəmi 4 663,67 manat bəyan edilərək 466.37 manat vergi məbləğinin hesablandığını nəzərə alaraq, Cəmiyyətin şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********691300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmalıdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdehin **********691300 nömrəli xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 4-cü rüb 2022-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi üzrə iddiaçıya 55.265,27 manat məbləğində vergi borcu hesablanmışdır.
8. Azərbaycan Respublikasının İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 may 2023-cü il tarixli **********264800 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********91300 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Ödəmə mənbəyindən tutulan vergi bəyannamələri, müqavilələr, spesifikasiyalar məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
15. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
17. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Məhkəmə ilk öncə qanunvericiliyin aşağıda sadalanan normalarına istinad etməyi zəruri hesab edir:
21. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.8. Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir; 13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər. 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1- 1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;
23. Beləliklə məhkəmə araşdırması zamanı işin faktiki hallarının qanunvericiliyin yuxarıda sadalanan normalarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçı qeyrirezident şəxslərdən lisenziyalı proqram təminatlarının alğı-satqısı və həmin proqram təminatları üzrə xidmətlərin göstərilməsi, həmçinin kompüterlərin, kompüter avadanlıqlarının alğı-satqısı və həmin avadanlıqlar üzrə xidmətlərin (təmir və s.) göstərilməsi fəaliyyət ilə məşğuldur. Cavabdehin qənaətinə görə iddiaçı qeyri-rezident şəxslərdən əldə etdiyi malları Azərbaycan Respublikasında olan şəxslərə təqdim etdiyindən (cavabdeh inzibati şikayət üzrə qəbul etdiyi qərarda da, buna istinad etməsinə baxmayaraq, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir) bu qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunmuş gəliri hesab olunaraq həmin gəlir ÖMV-yə cəlb edilməlidir. Məhkəmə hesab edir ki, hətta iddiaçı tərəfindən sözügedən mallar Azərbaycan Respublikasında şəxslərə təqdim edilsə belə, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərindən göründüyü kimi, qeyri-rezidentin gəliri o zaman Azərbaycan mənbətindən əldə olunmuş gəlir hesab olunur ki, o, həmin gəliri Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə etmiş olsun. Hazırki işin hallarına əsasən isə iddiaçının malları əldə etdiyi qeyrirezidentlər tərəfindən lisenziyalı proqram təminatları üzrə xidmətlər Azərbaycan Respublikası ərazisində göstərilən xidmət olmayıb, qeyri-rezidentin öz ölkəsindən göstərdiyi xidmət növüdür.
24. Bu halda məhkəmə belə bir qənaətə gəlir ki, cavabdehin iddiaçının qeyrirezidentlərdən əldə etdiyi malların Azərbaycan Respublikasında olan şəxslərə təqdim etməsi nəticəsində həmin gəlirin Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinin tələblərinə müvafiq olaraq qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində göstərilən iş (xidmət) nəticəsində əldə edilmiş gəliri kimi qiymətləndirərək nəticədə iddiaçıya Vergi Məcəlləsinin 125.1-ci və 12.1.5-ci maddəsinin tələblərinə müvafiq olaraq 2022-ci ilin 4cü rübü üzrə ödəmə mənbəyindən tutulan vergi məbləğinə cəlb etməsi qanunsuz və əsassız olmuşdur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
28. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 14 fevral 2023-cü il tarixli **********691300 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva