Məhkəmə qərarları › İş №e-2-1(112)-10922/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10922/2025

28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10922/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “elektron qaimələrin sistemdən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 1.01.2020-ci il-xx.xx.2024-cü illər arasındakı dövr ərzində təqdim edilmiş və hazırda da formal olaraq aktiv görünməkdə olan elektron qaimələrin sistemdən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, "xxxx" QSC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 1 yanvar tarixindən 2022-ci il 2 fevral tarixinə qədər cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 1.670.057,17 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.626 manat olmaqla, ümumilikdə 1.671.683,17 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 avqust tarixli e-2-2(113)-2411/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-77/2024 saylı yekun qərarı ilə qüvvədə qalmışdır. Qərar əlavə edilir. Lakin buna baxmayaraq 2021-ci ilin aprel ayından etibarən cəmiyyətimizə "xxxx" QSC tərəfindən təqdim edilmiş elektron qaimələr hələ də ləğv edilməmiş, sistem tərəfindən təsdiqlənmiş formada qaimələr aktiv şəkildə hələ də görünməkdədir. Hansı ki, hüquqi müəyyənlik prinsipi baxımından həmin elektron qaimələrin hüquqi əsası qanuni qüvvəsini almış, dövlətin adından çıxarılan qərarlarla aradan qaldırılmışdır. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Münasibət məktubu onunla əsaslandırılmışdır ki, elektron qaimə-fakturanın ləğvi cəmiyyətin səlahiyyətləri daxilindədir və vergi orqanlarının səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçının nümayəndəsi və vəkili ona izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini göstərmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə- fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları” Bənd 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Bənd 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür, qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. Bənd 3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Bənd 3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir. İddiaçı iddia tələbində ləğvini xahiş etdiyi elektron qaimələrdən görünür ki, həmin qaimələr "xxxx" QSC tərəfindən iddiaçı MMC-yə 2021-2022-ci illər ərzində xidmətlərin göstərilməsi ilə bağlı tərtib edilmişdir. Yuxarıda istinad edilən Qaydaların tələbinə görə, elektron qaimə fakturaların ləğv edilməsini elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir. Yəni elektron qaimlə fakturanı ləğv etmək, düzəliş etmək və s. kimi əməliyyatları həmin qaiməni göndərən və qəbul edən müqavilə tərəfləri həyata keçirir. Program təminatı yalnız müqavilə tərəflərinin müqavilənin tərəflərinin hərəkətləri təsdilənir. Belə olan halda, iddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən tərtib edilmiş elektron qaimələrin ləğvi tələbi də, müqavilənin digər tərəfi olan "xxxx" QSCyə yönəlməlidir və hazırlə iş üzrə inzibati orqan hazırkı iddiaya cavab verməli olan qurum olmaqmaqla, mübahisə də inzibatyi mübahisə deyil. Məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya izah edir ki, iddiaçı həmin qaimələrin ləğv olunması ilə bağlı "xxxx" QSC-yə müraciət edə bilər və bununla bağlı yaranacaq mübahisələr inzibati mühakimə icraatı qaydasında deyil, mülki mühakimə icraatı qaydasında həll olumalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar