Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10925/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “A2” korpusunun 16-cı mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m təşkil edən mənzil üzərində iddiaçının – İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “A2” korpusunun 16-cı mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 133.3 kv.m təşkil edən şərti olaraq 31 nömrəli mənzil üzərində İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia olunan mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını arzulayır və bu halı onunla əsaslandırır ki, onun iddia olunan mənzilə dair hüquqları alqı-satqı müqaviləsinin bağlanması ilə yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyərini satıcıya ödəmiş və bununla da mənzil onun istifadəsinə verilmişdir. İddiaçı hazırki tələb ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Məlumat üçün bildiririk ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzilin sənəd üzrə sahəsi 145.11, faktiki sahəsi isə 133.3 kv.m təşkil edir. Bu səbəbdən ərizənin icrası idarənin tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********68 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında “A2” korpusunun 16-cı mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m olan mənzili tikib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə qiyməti 31.200 AZN müəyyən edilmişdir. Binəqədi-21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışına əsasən iddiaçının mənzil üzrə borcu yoxdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X1 prospeki, məhəllə 3078 A yaşayış binasının istismarına 19 mart 2020-ci il tarixdə 350 nömrəli icazə verilmişdir (istismara icazə sənədi). Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MMC göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC ilə iddiaçı arasında imzalanmış müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 3078 məhəlləsində inşa edilmiş yeni yaşayış binasında “A2” korpusunun 16-cı mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m olan mənzili tikib İddiaçı təhvil verilməsini, iddiaçı isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdəsini götürmüşdür. Maliyyə arayışına əsasən iddiaçı həmin mənzilə görə mənzilin dəyərini ödəmiş, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtina məktubunda və yazılı etirazda göstərdiyi əsaslara nəzər yetirdikdə məlum olur ki, cavabdeh imtina üçün iki əsas gətirir: - İstismara icazə sənədində tikinti obyektinin sahibi kimi "xxxx" MMC-nin göstərilməsi; - Mənzilin faktiki ölçüsünün müqavilədə göstərilən ölçüdən az olmasıdır. Məhkəmə tərəfindən iddiaçının mübahisə predmetini təşkil edən mənzil üzərində mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, həmçinin mübahisəli mənzilin yerləşdiyi yaşayış binasına dair istismara icazə sənədinin olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqakooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən əmlakın dəyərini tam ödənilməsi vəzifəsini, MMC isə həmin sahənin müəyyən olunmuş müddətdə payçıya təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, üzv tərəfindən əmlakın dəyərinin tam ödənilməsi, ona sahənin təhvil verilməsi iddiaçının dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri-mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 8.0.9 və 8.0.9.2-cı maddələrinə əsasən isə Azərbaycan Respublikaısnın Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-topqa sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmıış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeyriyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüququ əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci - maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeydolunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Normanın məzmunundan göründüyü kimi mülki qanunverici kooperativ üzvünün əmlakına münasibətdə onun üzərində mülkiyyət hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoyması maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinə əsasən iddiaçının iddia etdiyi yaşayış sahəsinə (mənzilə) münasibətdə mülkiyyət hüquqlarının yaranması təsdiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının "xxxx" MMC ilə imzaladığı müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, tərəflər üçün hüqüqi qüvvəyə malik olmaqla yanaşı hazırki işdə mötəbər sübut qismində qiymətləndirilir. Cavabdehin etirazda göstərdiyi imtina əsaslardan biri odur ki, qeyd olunan ünvanda inşa edilmiş istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MMC göstərilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Faktiki iş üzrə üzərində mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilən müvafiq mənzilin yerləşdiyi binanın tikinti obyektinin istismara icazə sənədinin hansı şəxsin adına rəsmiləşdirilməsi iddiaçının iradə və imkanlarının təsirindən kənarda qalan haldır. Tikinti obyektinin istismara icazə sənədində "xxxx" MMC-nın adının qeyd olunması sifarişçi ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin mötəbərliliyini şübhə altına almaq üçün əsas deyildir və bu hal iddiaçının mənzil üzərində olan hüquqlarının məhdudlaşdırılması üçün əsas vermir. Belə ki, Mənzil Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.6-cı maddəsinə əsasən, sifarişçi tikintiyə texniki və müəllif nəzarətinin həyata keçirilməsini təmin edir, tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, reklam qurğusunun tikintisi başa çatdıqdan sonra onun istismarına icazə ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət edir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Sadalanan qanunvericiliyin müddəalarından irəli çıxarıq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismara icazə” sənədinin hansı şəxsin adına verilməsi, iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Cavabdehin irəli sürdüyü digər imtina əsası ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh etiraz ərizəsində mənzilin faktiki ölçüsünün 133,3 kv.m olduğunu qeyd etsə də, bu hal hazırki iddia tələbinin həllində əhəmiyyət daşımır. Çünki, mənzilə dair bağlanmış müqavilədə əmlakın ölçüləri 145,11 kv.m göstərilmişdir ki, bu da mənzil ilə bağlı hər hansı artımların olmadığını, əksinə mənzili faktiki ölçülərinin sənəd ilə müqayisə də az olduğunu göstərir. Məhkəmə diqqətə çatdırır ki, məhkəmə araşdırılmasından, o cümlədən iddiaçının izahatından və cavabdehin etirazından burada mənzil təhvil verildikdən sonra iddiaçı tərəfindən hər hansı yenidən qurma işi aparılmamış, mənzil mövcud vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının özü də məhz mənzilin 133,3 kv.m hissəsinə mülkiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, bu səbəbdən cavabdehin imtina əsası kimi göstərdiyi həmin dəlil iddiaçının mənzilə mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Eyni zamanda Məhkəmə, müqavilədə iddiaçıya ayrılmış mənzilin fərdiləşmə nömrəsinin göstərilməməsi ilə bağlı diqqətə çatdırmağı zəruri hesab edir ki, doğrudur ki, əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olması zəruridir. Lakin, nəzərə alınmalıdır ki, müqavilə münasibətləri zənnində iddiaçıya satılmış əmlakın rekvizit məlumatlarının olmaması onun iradə ifadəsindən asılı olan hal deyil. Belə ki, iddiaçı iddia etdiyi mənzilə görə müqavilədə nəzərdə tutulmuş dəyəri ödəmişdir ki, bununla da o, qarşı tərəfə, yəni "xxxx" MMC-yə münasibətdə müqavilə üzrə öhdəliklərini icra etmişdir. Müqavilədə mənzilə dair rekvizit məlumatlarının göstərilməməsi iddiaçının daşınmaz əmlak üzərində gözlənilən mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası üçün formal xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilin yerləşdiyi binanın tikintisini həyata keçərən qurumun təşkilatı hüququ forması, həmçinin mənzilin nömrəsinin olmaması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulmuş məbləğdə mənzilin dəyəri ödənildiyindən, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti 3078 A ünvanında olan yaşayış binasının “A2” korpusunun 16-cı mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 133.3 kv.m təşkil edən şərti olaraq 31 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsı öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10925/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10925/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver