Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1093/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə ərizələri verərək iddia tələbinin “cavabdehin “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4404/2024 saylı qərarın ləğv edilməsi və 52 yaşdan təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “cavabdehin “Əmək Pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********8 saylı Qərarının, “Əmək Pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********6 saylı Qərarının, “Əmək Pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4404/2024 saylı Qərarının ləğv edilməsi və 52 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fasiləsiz olaraq xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Xəzərneftlatda Koroğlu gəmisinə (kran gəmisi) mexaniki şagird kimi qəbul olaraq işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ə.Sadıxov adına kran gəmisində 2-ci dərəcəli motorçu, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək MSK-7 gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Çıyaxçay gəmisinə 1-ci dərəcəli motorçu, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Təchizat yedək gəmisi olan Nefte-qaz-9 gəmisində baş motorçu, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək 4-cü dərəcəli mexanik vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 2-ci dərəcəli mexanik vəzifəsində, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədə T.Xəlilbəyli gəmisində 3-cü dərəcəli mexanik, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X1 (BUE) Baş mexanik vəzifəsində, xx.xx.2001-ci il arixdən xx.xx.2002-ci il tarixədək X4 Donanma idarəsinə və İ.Xəlilbəyli gəmisində böyük mexanik, xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək BYUİ Kaspi şirkətinin gəmilərində baş mexanik, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək “Caspian Marini Services Limited” Araz sərnişin gəmisinin 1-ci heyyətində Baş mexanik, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər neft Donanmasının Şüvəlan gəmisində böyük mexanik, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “Caspian Marini Services Limited” şirkətinin Türkan gəmisində Baş mexanik, 6.02.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin X8 Donanmasında Böyük mexanik vəzifəsində işləmişdir. İddiaçı hesab edir ki, cavabdehin heç bir əsası olmadan iddiaçının pensiya təyin edilməsi ilə bağlı 2009-cu il tarixli qərarı ləğv edilmədən yenidən hesablanması və ona 57 yaşdan yəni 2014-cü ildən təyin edilməsi barədə yeni qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, 52 yaşdan təyin edilmiş pensiya bərpa edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraza əsasən, İddiaçı təyin edilmiş əmək pensiyasının qanunauyğunluğunun araşdırılması məqsədilə pensiya işi və uçot vərəqi Fonddan və Fondun keçmiş Bakı şəhəri Səbail rayon şöbəsindən tələb edilsə də yalnız uçot vərəqi təqdim edilmişdir. Qeyd olunmalıdır ki, Fondun tabeli orqanları tərəfindən təyin edilmiş pensiya işlərinin arxivləşdirilməsinin həyata keçirilməsi prosesində İddiaçı pensiya işinin həmin dövrdə şöbə tərəfindən Fondun arxivinə ümumiyyətlə təhvil verilmədiyi aşkar edilmiş, axtarışlara baxmayaraq hal-hazıradək pensiya işinin tapılması mümkün olmamışdır. Qeyd olunanlarla yanaşı, Fondun və onun yerli qurumlarının vaxtilə istifadə etdiyi əvvəlki pensiya proqramı olan və xx.xx.2018-ci il tarixindən istifadəsi dayandırılmış FoxPro proqramında, həmçinin şöbə tərəfindən İddiaçı adına açılmış uçot vərəqində yazılan məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, vətəndaşa şöbənin xx.xx.2009-cu il tarixli 332/0814 №-li qərarı ilə 35 il iş stajı və 744,45 manat orta aylıq əməkhaqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə 52 yaşından 1 №-li siyahıya istinad edilməklə xx.xx.2009-cu il tarixdən 1054,25 manat məbləğində (baza 75,0 + 979,25 sığorta hissə) əmək pensiyası təyinatı aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı təyin edilmiş pensiya işi üzrə onun adına açılmış “Pensiyaçının uçot vərəqi”nin üzərindəki və iç hissəsinin 1-2-ci sətrindəki pensiyanın dövrlər üzrə aylıq məbləğləri barədə əlyazma qaydada edilən qeydləri bilavasitə həmin dövrdə şöbənin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləmiş X5 aparmışdır. İddiaçı adına açılmış uçot vərəqi şöbənin möhürü, müdiri, Pensiya təyinatı sektorunun müdiri, Maliyyə-uçot sektorunun müdiri-baş mühasibinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı 813059 №-li pensiya işinin tapılmaması ilə belə nəticəyə gəlinir ki, ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı saxtalaşdırıldığı ehtimal olunan və ya düzgünlüyü təhrif olunmuş sənədlər əsasında aparılmış, həmin sənədlər sonradan məqsədli şəkildə gizlədilmiş və ya təyin olunaraq ödənişi aparılan əsassız pensiyanın yüksək məbləği yoxlama və nəzarət funksiyalarını həyata keçirən qurumların diqqətini cəlb etməməsi və ya ödənişin davam etdirilməsi məqsədi ilə saxtalaşdırıldığı ehtimal olunan sənədlərin və cinayət məsuliyyəti yaradan maddi sübutların şöbənin işçiləri və ya bu işdə maraqlı olan şəxslər tərəfindən məhv edilməsi üstün tutulmuşdur. Araşdırmanın gedişində iddiaçı telefon vasitəsilə Nazirliyə dəvət edilmiş, hal-hazıradək işləmiş olduğu idarə-müəssisələr üzrə sənədlərini, o cümlədən xx.xx.2006-cı il tarixinədək ona yüksək məbləğdə hesablanmış və ödənilmiş əməkhaqları arayışlarının, əmək kitabçasının, hərbi biletin, diplom və ya attestatın, arayışların əsli və ya notarial qaydada təsdiq olunmuş surətlərinin Nazirliyə təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Nazirliyə gəlmiş vətəndaş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin, NT seriyalı 763019 №-li diplomun, NZ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş, əmək kitabçalarının surətlərini, iş yerindən arxiv arayışları və yazılı izahatını təqdim etmişdir. NZ seriyalı ******* №-li hərbi biletin surətində mövcud olan məlumatlardan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci il dövr ərzində hərbi xidmətdə olmuş, LV seriyalı 019154 №-li diplomun surətində qeyd olunanlardan müəyyən edilmişdir ki, iddiaçı 1979- 1985-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. Diplomda qeyd olunan təhsil müddətinə görə (5 il 10 ay) ehtimal olunur ki, o, institutda ali təhsilini əyani deyil, qiyabi şəkildə almışdır. Araşdırmanın gedişində İddiaçı Nazirliyə dəvət edilmiş, lakin o, işi ilə əlaqədar gələ bilmədiyini bildirmişdir. Oğlu İlham, atası İddiaçı tərəfindən ona verilmiş etibarnaməni, eləcə də "xxxx" ASC X8 Donanmasının verdiyi xx.xx.2021-ci il tarixli arayışı, X8 Donanması/BYUİ Kaspian Alyansının xx.xx.2009-cu il tarixli arayışı digər zəruri sənədləri təqdim etməklə yazılı izahat təqdim etmişdir. O, izahatında atasının X8 Donanmasında açıq dənizdə üzən gəmilərdə baş mexanik vəzifəsində işlədiyini, 2009-cu ilin aprel ayında Fondun Səbail rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə 1054,25 manat məbləğində əmək pensiyasının təyin edildiyini, təyinatı həmin şöbədə işləmiş X3 apardığını qeyd etmişdir. İlham Vəliyev xx.xx.2021-ci il tarixli izahatında qeyd edərək bildirmişdir ki, atasına pensiya təyin olunduqdan sonra şöbə tərəfindən onun adına sifariş olunaraq hazırlanmış pensiya plastik kartı 3 (üç) il ərzində Vüsal Əliyevdə olmuş və həmin karta köçürülmüş pensiya məbləğlərini Vüsal Əliyev mənimsəmişdir. 3 ildən sonra atası plastik kartı ondan tələb etmiş, Vüsal Əliyev yalmz bu tələbdən sonra ona məxsus olan plastik kartı təhvil vermişdir. Plastik kartda olan məbləği bankomatda yoxlayarkən hesabında hər hansı məbləğin mövcud olmadığını aşkar etmişdir. Kartın təhvil alındığı tarixdən xx.xx.2020-ci il tarixədək pensiya hesabına köçürülən məbləğləri isə atasının aldığını vurğulamışdır. İ.Vəliyev, izahatında həmçinin 2009-2011 -ci illərdə plastik kart hesabına köçürülən cəmi məbləğdən heç bir məlumatının olmadığını bildirmişdir. İ.Vəliyevin 2009-2011 -ci il tarixləri arasındakı dövr ərzində Vüsal Əliyev tərəfindən atasının pensiyasının mənimsənilməsi faktı ilə bağlı qeyd etdiklərinin araşdırılması ilə məlum olmuşdur ki, əvvəlki pensiya proqramında (FoxPro) mövcud məlumatlara əsasən İddiaçı plastik kart hesabına xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində 27884,12 manat vəsait köçürülmüşdür. Qeyd edilməlidir ki, şöbə tərəfindən İddiaçı adına sifariş olunmuş plastik kartın hazırlanması, şöbəyə təhvil verilməsi və pul məbləğlərinin onun plastik kart hesabına köçürülməsi Azərbaycan Beynəlxalq Bankının Səbail filialı vasitəsilə həyata keçirilmişdir. Şöbənin müvafiq qərarı və V.Əliyevin iştirakı ilə İddiaçı xx.xx.2009-cu il tarixindən 1054.25 manat məbləğində təyin edilmiş pensiyanın aylıq məbləği müvafiq illər üzrə pensiyanın baza hissəsi artırılmaqla, istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə xx.xx.2010-cu il tarixindən 1058,94 manat, xx.xx.2010-cu il tarixindən 1078,94 manat, xx.xx.2011-ci il tarixindən 1135,59 manat, xx.xx.2012-ci il tarixindən 1218,59 manat, xx.xx.2013-cü il tarixindən 1231,06 manat, xx.xx.2013-cü il tarixindən 1246,06 manat, xx.xx.2014-cü il tarixindən 1273,57 manat, xx.xx.2015-ci il tarixindən 1290,0 manat, xx.xx.2016-cı il tarixindən 1337,60 manat, xx.xx.2016- cı il tarixindən 1347,60 manat, xx.xx.2017-ci il tarixindən 1501,06 manat müəyyən edilmiş və ödənilmişdir. Qeyd olunanlardan əlavə, xx.xx.2017-ci il tarixindən Qanunun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliklərdən istifadə edilərək və təyin olunduğu xx.xx.2009-cu il tarixindən 6 il və daha çox işləməsi nəzərə alınaraq vətəndaşın uçot vərəqinə tikilmiş və qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ərizəsi, xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı dövrlər üzrə xx.xx.2018-ci il tarixli 88/07/301-9667 №-li “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ına əsasən şöbənin tarixi qeyd edilməyən sərəncamı ilə İddiaçı pensiyası xx.xx.2018-ci il tarixindən yenidən hesablanmaqla 2365,78 manata çatdırılmış, sonrakı illər üzrə avtomatlaşdırılmış qaydada indeksləşdirmə aparılmaqla pensiyasının aylıq məbləği 01.01,2019-cu il tarixindən 2436,75 manat, xx.xx.2020-ci il tarixindən 2847.25 manat təşkil etmiş və ödənilmişdir. Yuxarıda qeyd olunan məbləğlərin bir hissəsi uçot vərəqinin səhifələrinin müvafiq qrafalarına işlənilmişdir. Bununla da saxtalaşdırıldığı ehtimal edilən sənədlərə əsasən 2009-cu il tarixində aparılmış təyinatla ödənişin başlanıldığı tarixdən xx.xx.2020-ci il tarixinədək iddiaçının plastik kart hesabına köçürülmüş cəmi vəsait 207322,28 manat təşkil etmişdir. Yuxarıda göstərildiyi kimi, İddiaçı pensiyasının ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, saxtalaşdırıldığı ehtimal edilən sənədlərə əsasən xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda saxtalaşdırıldığı ehtimal edilən sənədlər əsas götürülməklə orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Səbail rayon şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatına və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 170169,48 manat (207322,28-37152,80), həmçinin İddiaçı etibarından sui-istifadə edilməklə onun plastik kart hesabına köçürülmüş və X5 tərəfindən nağdlaşdırılaraq mənimsənildiyi ehtimal edilən cəmi vəsait isə 27884,12 manat təşkil etmişdir. Bunlardan əlavə, İddiaçı Nazirliyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli razılıq ərizəsi əsasında aylıq pensiya məbləği qanunvericiliyə uyğun olaraq hüququ olduğu tarixindən hesablanmaqla xx.xx.2021 -ci il tarixdən bərpa edilmiş, cəmi əsassız ödənilmiş 170169,48 manat məbləğin tutulması üçün qanunamüvafiq tədbirlər görülmüşdür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə icraatı zamanı təqdim olunmuş 813059 nömrəli pensiya işinin surətindən görünür ki: -Alyans XDND/BYUİ tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçı XDND/BYUİ Alyansının «Kaspian Briz» gəmisində baş mexanik vəzifəsinə təyin edilmişdir (28.10.00 və 27.01.05 tarixli Əmək Müqavilələrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 saylı Əlavə ilə təsdiq edilmiş siyahıya əsasən (bölmə 28.3, şrift 23003010-Dəniz və çay donanması) əmək şəraitinə görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. -X8 Donanması tərəfindən verilmiş arxiv arayışına əsasən iddiaçı xx.xx.1977-ci ildə X8 Donanmasının "Koroğlu” gəmisinə şagird motorçu peşəsinə (xx.xx.1977-ci il tarixli, 417-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1977-ci ildən Donanmanın “Ə.Sadıqov'',"MPK-7”, "Çiraqçay", “Nerca", "Vixr-12”,,‘Nefteqaz-9“, “T.Xəlilbəyli" gəmilərində 1-ci, 2-ci dərəcəli motorçu, böyük motorçu, 4-cü, 3-cü və 2-ci mexanik vəzifəlrində işləmişdir. xx.xx.2000-ci ildə “BİE Kaspian” firmasında işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ə. M-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2000-ci il tarixli, 207-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2001ci ildə "T.Xəlilbəyli" gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2001-ci il tarixli, 192-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2002-ci ildə İcarədə olan gəmilərə işləməyə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2002-ci il tarixli, 55-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə “Şüvəlan" gəmisinə böyük mexanik vəzifəsinə (xx.xx.2017-ci il tarixli 2397 -k nömrəli əmr) işə qəbul edilmişdir. Haı-hazırda "Türkan" gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı'nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 "b" yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 "1" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-ind: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərarına əsasən Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktubuna əsasən iddiaçının pensiyası dayandırılmışdır. -İddiaçının xx.xx.2021-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya hüququnu nəzərə alaraq pensiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanmasını, eyni zamanda qanunvericiliyinin tələblərinə zidd olaraq təyin olunmuş pensiyanın və ödənilməsi nəticəsində artıq ödənilmiş məbləği qanunvericiliklə təyin olunacaq pensiyanın məbləğindən aşağı faizlə tutulmaqla ödənişin dayandırıldığı tarixdən bərpa edilməsinə göstəriş verilməsi xahiş olunmuşdur” -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləği 3165,15 manat, yenidən hesablanmış pensiya məbləği isə 1.258,06 manat təşkil etmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4404/2024 nömrəli qərarına əsasən iddiaçının yenidən hesablanmış pensiya məbləği 2.394,34 manat təşkil etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, iddiaçının tələbindən göründüyü kimi, o, barəsində qəbul edilmiş xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsini və pensiya hüququnun 52 yaşından etibarən bərpa olunmasını tələb edir. İddiaçı hesab edir ki, adıçəkilən qərarlar bir-biri ilə bağlı olub, onun pensiya yaşının 57 yaş olaraq müəyyən edilməsinə əsas yaratmışdır. Buna görə də, onun 52 yaşından pensiya hüququnun bərpası üçün müvafiq qərarların ləğvi zəruridir. İddiaçının qənaətinə görə, cavabdeh yalnız ehtimallara əsaslanaraq, hər hansı hüquqi və faktiki sübut təqdim etmədən onun pensiya hüququnun 57 yaşdan yarandığını iddia etmişdir. Cavabdeh isə öz mövqeyini iddiaçının pensiya işinin mövcud olmaması faktına və 2021-ci ildə onun yazılı izahatına əsasən, təyin olunmuş pensiyanın qanunazidd olduğu qənaətinə gəldiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh haqlı olaraq iddiaçının pensiya hüququnun 52 yaşdan yox 57 yaşdan yarandığını iddia etmişdir. Belə ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ayını zərərli işlərdə çalışarsa; 2 nömrəli siyahı üzrə isə kişilər 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını zərərli işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə, hazırkı iddia çərçivəsində fiziki şəxsin etimad hüququnun qorunmasına istinad edilə bilməz. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada –“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. "Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. "Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan suiistifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.2-ci maddəsində (səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda) və 67.6.3-cü maddəsində (maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə) göstərilən halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının pensiya təyinatı ilə bağlı məsələdə mövcud olan hüquqi və faktiki hallar, habelə onun öz iradəsi ilə verdiyi yazılı izahat, mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixdə verdiyi yazılı izahat məhz onun pensiya təyinatının qanunsuz olmasını təsdiqləyən açıq dəlillərdən biridir. Bu izahatda iddiaçı, ona qanunsuz şəkildə pensiya təyin edildiyini qəbul etmiş, həmçinin artıqödəmə məbləğinin onun pensiya məbləğindən aşağı faizlə tutulmasını xahiş etmişdir. Bu hal, iddiaçının öz hüquqi məsuliyyətini dərk edərək, qanunsuz əldə olunmuş pensiya məbləğinin geri qaytarılması zərurətini anladığını göstərir. Hüquq qabiliyyətinə malik şəxs kimi, iddiaçı öz iradəsini sərbəst ifadə edərək, pensiya təyinatında qanunsuzluğa yol verildiyini bilavasitə etiraf etmişdir. Məhkəmə, iddiaçının bu izahatının, Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğuna dəlalət etdiyini vurğulayır. İddiaçının qanunsuz pensiya aldığını qəbul etməsi və artıqödəmə məbləğinin qaytarılması ilə bağlı xahişi, dolayısı ilə bu maddənin tələblərinə uyğun vəziyyətin mövcud olduğunu təsdiq edir. Bundan başqa nəzərə alınmalıdır ki, pensiya işinin mövcud olmaması və ya onun əsasını təşkil edən sənədlərin təqdim edilməməsi, iddiaçının 1 nömrəli siyahı üzrə pensiya hüququnun təmini ilə bağlı ciddi şəkildə şübhə altına alır. Eyni zamanda o da nəzərə alınır ki, ümumiyyətlə təqdim olunmuş güzəştli arayışlarda iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə uyğunluğuna istinad olunmuş, onun vəzifələr üzrə icra etdiyi əmək funksiyalarının 1 nömrəli siyahıya aid edildiyi müəyyən olunmamışdır. Bu isə, iddiaçının pensiya hüququnun 1 nömrəli siyahıya əsasən müəyyən edilməsinin hüquqi bazasının olmadığını sübut edir. Nəticə etibarı ilə, məhkəmə bütün halları məcmu şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin tələbləri baxımından etimadın qorunması hüququ istisna olunduğundan, mübahisələndirdiyi inzibati qərarların ləğv olunması və pensiyasının 52 yaşdan bərpası üçün heç bir hüquqi əsas olmamışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1093/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1093/2025
10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver