Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1096/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının qanuni təmsilçisi, direktoru Qanuni nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********029800 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, müxtəlif vaxtlarda sərəncamlarla iddiaçının bank hesabından silinmiş pul vəsaitlərinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********029800 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli, **********029800 nömrəli qərarı ilə iddiaçıya 180 manat məbləğində sığorta haqqı məbləği hesablanmışdır. Qərardan xx.xx.2023-cü il tarixdə şikayət verilsə də, qərar dəyişdirilmədən saxlanılmışdır. Aşağıda qeyd olunan hüquqi əsaslara görə, cavabdehin qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Belə ki, Vergi Xidmətinin məktubunda sadaladığı sənədlərin heç birinin təqdim olunması mümkün deyil, çünki əlavə sosial sığorta haqqı məbləği hesablanan hüquqi şəxsin əmək müqaviləsi üzrə işləyən hər hansı bir işçisi yoxdur. Qanunun tələblərinə görə nə əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən hüquqi şəxsin icra orqanının rəhbəri (direktor, idarə heyətinin sədri və s.), nə də ki, hüquqi şəxsin özü məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilməmişdir. Bundan başqa, hüquqi şəxsin qanuni təmsilçi funksiyasına malik olan direktorun hüquqi statusuna nəzər salmaqla işin düzgün həll olunmasına nail ola bilər. Belə ki, hüquqi şəxs təsis edilərkən onu qanuni əsaslarla təmsil edəcək şəxs də təyin edilməlidir. Bu halda təsisçi ilə direktor arasında yaranan hüquq münasibətləri əmək qanunvericiliyinin müddəaları ilə deyil, mülki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 91ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91-2.1-ci maddəsində isə təsbit edilib ki, cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Bundan başqa, hüquqi şəxslər dövlət qeydiyyatına alınarkən də Cəmiyyətin icra orqanının rəhbəri ilə əmək müqaviləsinin mütləq şəkildə bağlanılmalı olduğu qanunla nəzərdə tutulmamışdır. Belə bir tələb mövcud olmadığı halda direktor əmək münasibətlərinin iştirakçısı olmadan da fəaliyyət göstərə bilər və Cəmiyyətin ali idarəetmə orqanı olan Ümumi Yığıncaq və ya təkbaşına təsisçi olan şəxs istənilən vaxt və Əmək Məcəlləsində göstərilən əsaslar olmadan səbəbsiz şəkildə direktoru tutduğu vəzifədən azad etməklə yerinə başqasını təyin edə bilər. Bütün bunlara baxmayaraq Vergi Xidməti “əgər hüquqi şəxs fəaliyyət göstərib gəlir əldə edirsə deməli onun əmək müqaviləsi üzrə çalışan işçisi olmalıdır” prezumpsiyasından çıxış edərək qanunvericilik normalarına deyil məntiqə əsaslanıb əsassız olaraq əlavə sığorta haqqı məbləği hesablamışdır. İddiaçı sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia ərizəsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında" və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqqları və işsizlikdən sığorta haqqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Vergi orqanına həvalə edilmişdir. Uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2022-ci ilin oktyabr ayı ərzində 6800,0 manat dəyərində, 2022-ci ilin dekabr ayı ərzində isə 500,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Əlavə olaraq vergi ödəyicisi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edərək işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 44866,36 manat mənfəət əldə etdiyini bəyan etmişdir. Eyni zamanda bildiririk ki, Əmək Məcəlləsinin müddəalarına əsasən hüquqi şəxslə onun rəhbəri arasında qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsi bağlanmalı, ona müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş və dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı ödənilməlidir. Hüquqi şəxsin rəhbəri olan şəxslə həmin hüquqi şəxs arasında əmək müqaviləsinin bağlanmasını istisna edən hər hansı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 2-ci maddəsinə əsasən qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Cəmiyyətin nizamnaməsinin 7.5-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Baş direktor qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə təsisçinin və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən səlahiyyətləri həyata keçirir, həmçinin bu Nizamnaməyə uyğun olaraq Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından bu Nizamnaməyə və qanunvericiliyə zidd olmayan əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini təsisçinin yazılı razılığı ilə vəzifəyə təyin edir, başqa işə keçirir və vəzifədən azad edir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Təsadüfi deyildir ki, 2018-ci il № 1448-VQD nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanuna əsasən Əmək Məcəlləsinin 7-ci maddəsinə aşağıdakı məzmun əlavə edilmişdir: 1-2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X2 məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Hansı ki, X2 Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı prosesi üzrə istifadəçi təlimatında da nəzərdə tutulmuşdur ki, istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını sistemə daxil edir. Ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir. Yuxarıda qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi İddiaçı MMC-nin hüquqi şəxs olduğu üçün maddi məsul şəxsləri fəaliyyəti ücün məsuliyyət daşıyırlar və ən azı 1 (bir) nəfər işçinin (direktor,rəhbər) olması zəruridir. Beləliklə, uçotbaza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci ilin oktyabr, dekabr ayları ərzində fəaliyyət göstərdiyi və hüquqi şəxs olduğu nəzərə alınaraq tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) həmin ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə tərəflərindən xx.xx.2023-cü il tarixli **********330300 nömrəli “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə” bildiriş göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2022-ci ilin 4-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 180,0 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********029800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin **********029800 saylı xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarından görünür ki, iddiaçıya 2022-ci ilin 4-cü rübü 180 manat məbləğində sığorta haqqı hesablanmışdır. - İddiaçının cavabdehə xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, iddiaçı işçi heyəti olmadığı səbəbdən əmək haqqı olmadığını və hesabatın boş göndərilməsinin nəzərə alınmasını xahiş etmişdir. - İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq cavabdehin məktubu ilə bildirilmişdir ki, “Sizin 2022-ci ilin 4-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” ilə bağlı müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********263300 nömrəli) Bakı şəhəri X4 üzrə Baş İdarədə baxılmışdır. Bildiririk ki, araşdırma zamanı 2022-ci ilin 4-cü rübü üzrə iqtisadi göstəricilərinizin olmasına baxmayaraq , müvafiq dövr üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuş və uyğunsuzluğun aradan qaldırılması üçün Sizə xx.xx.2023-cü il tarixli **********330300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” bildiriş göndərilmişdir. Tərəfinizdən məktubda qeyd edilən müddətdə uyğunsuzluğun aradan qaldırılması ilə əlaqədar zəruri olan sənədlər (məlumatlar) və ya dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatı) təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 2022-ci ilin 4-cü rübü üzrə 180,00 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmış və bu barədə Sizə xx.xx.2023-cü il tarixli **********029800 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Müraciətinizdə qeyd edilənlərlə əlaqədar müvafiq dövr üzrə əmək haqqı cədvəllərinin, işçilərə əmək haqqının ödənilməməsini təsdiq edən sənədlərin, əmək müqaviləsi xitam verilməsinə dair bildirişlərinin, işçilərin ödənişsiz məzuniyyəti barədə əmrlərinin, bank hesabından çıxarışların, müvafiq dövr üzrə vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri, hesablamanın azaldılması üçün zəruri hesab etdiyiniz digər təsdiqedici sənədlərin vergi orqanına təqdim edildikdən sonra müraciətinizə yenidən baxıla bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.” - İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair barədə bildirişdən görünür ki, iddiaçıdan 5 (beş) gün ərzində yaranmış borcun ödənilməsi tələb olunmuşdur. Kənarlaşma üzrə işçi sayı və (və ya) əmək haqqı məbləği göstərilməklə müvafiq bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi bildirilmiş, eyni zamanda cari (dəqiqləşdirilmiş) vergi bəyannaməsi və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubu göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçıya vergi öhdəliklərini yenidən hesablamaq hüququnun oldugu izah edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-48021/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X2 məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.3-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X2 məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Bununla əlaqədar olaraq bildiririk ki, hüquqi şəxs ilə həmin hüquqi şəxsə təyin edilmiş direktor arasında olan münasibətlər əmək münasibətidir və əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.” - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/2-913/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Göründüyü kimi, qanunvericiliyin tələblərində hüquqi şəxsin mülkiyyətçisi, onun təyin etdiyi müəssisənin rəhbəri və ya səlahiyyətli orqanı işəgötürən hesab edilir və bu Məcəllənin bəzi maddələrində mülkiyyətçi ilə işəgötürən arasında əmək münasibətlərinin olması və əmək müqaviləsinin bağlanılması müəyyən olunur. Belə ki, Məcəllənin 63-cü maddəsinin 2-ci hissəsində yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam vermək və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtlərini dəyişdirmək hüququ təsbit edilmişdir. Eyni zamanda Məcəllənin 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bundan başqa Məcəllənin işəgötürənlə mülkiyyətçi arasındakı maddi məsuliyyəti tənzimləyən 193-cü maddəsinin birinci hissəsində “mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən” ifadəsi işlədilir. Qeyd olunanlara əsasən bildiririk ki, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin mülkiyyətçisi və ya səlahiyyətli orqanı (hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı) ilə həmin hüquqi şəxsin işəgötürəni (direktor, baş direktor, müəssisənin rəhbəri və s.) arasında əmək müqaviləsinin bağlanması və əmək fəaliyyətinin əmək müqaviləsi əsasında həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğundur.” - Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsinin xx.xx.2024-cü il tarixli 1-6/05-1/2-5/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, direktorun təyin edilməsi və bu təyinatdan sonra onun fəaliyyətinin tənzimlənməsi baxımından məsələ kifayət qədər aktuallıq kəsb edir. Lakin ölkədə formalaşmış hüquq tətbiqetmə təcrübəsində hüquqi şəxsin direktorunun fəaliyyətinin əmək münasibətləri çərçivəsində tənzimlənməsinə üstünlük verilir. Bunlarla yanaşı, məsələyə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinə uyğun olaraq baxıla bilər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********443400 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs kimi anlayış verilmişdir. Həmin maddənin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmçinin Əmək Məcəlləsinin 6-cı maddəsində Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərin dairəsi müəyyən edilmişdir ki, hüquqi şəxsin rəhbəri bu kateqoriya şəxslərə aid deyildir. Belə ki, maddədə Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərə hərbi qulluqçular, məhkəmə hakimləri, Milli Məclisin deputatları və bələdiyyələrə seçilmiş şəxslər, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilər, eləcə də podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslər aid edilmişdir. Hüquqi şəxsin rəhbərinin mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə aid edilmədiyi Məcəllənin 7-ci maddəsinə əsasən müəyyən edilir. Belə ki, Məcəllənin 7-ci maddəsinin 2-3-cü hissəsində tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar sadalanmışdır. Həmin maddənin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Hesab edirik ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü və 2-3.4-cü hissələrinin tələbləri baxımından aşağıda qeyd olunanlar nəzərə alınmaqla rəhbərin müəssisə ilə münasibətləri əmək münasibətləri hesab edilir və bu münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir: - tərəflər arasında münasibətlər müvafiq vəzifəyə qəbul (təyin) edilmə ilə bağlı yaranır. Belə ki, Mülki Məcəllənin 91.3.2-ci maddəsinə müvafiq olaraq cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Bu maddəyə əsasən direktor cəmiyyətin ümumi yığıncağının (təsisçinin) qərarı ilə vəzifəyə təyin edilir; - tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranır. Belə ki, hüquqi şəxsin yeganə işçisi direktor olduğu halda onun əsas fəaliyyət sahəsinə aid işlər direktor tərəfindən yerinə yetirilir. Əlavə olaraq bildiririk ki, mülki və əmək münasibətlərinin fərqləri və əmək müqaviləsinin bağlanmasının məcburiliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarında təfsilatlı şəkildə əsaslandırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. “Sosial sığorta haqqında” Qanun: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi olan iddiaçının 2022-ci ilin oktyabr, dekabr ayları ərzində fəaliyyət göstərdiyi və hüquqi şəxs olduğu nəzərə alınaraq tərəfindən 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsində (hesabatında) həmin ayları üçün işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********330300 nömrəli “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə yaranmış kənarlaşmalar barədə” bildiriş göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə 2022-ci ilin 4-cü rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə iddiaçı barəsində xx.xx.2023-cü il tarixli **********029800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilərək 180,0 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. İddiaçı hazırki iddia tələbində həmin qərarı mübahisələndirir. İddiaçının dəlillərinə görə təsisçi ilə direktor arasında yaranan hüquq münasibətləri əmək qanunvericiliyinin müddəaları ilə deyil, mülki qanunvericiliyin müddəaları ilə tənzimləndiyi üçün və hüquqi şəxsin başqa işçisi də olmadığı üçün sosial sığorta haqqı ödənilməməlidir. Buna görə də cavabdeh tərəfindən qəbul edilmiş qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmışdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülkihüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenyumu belə nəticəə gəlmişdir ki, Konstitusiyanın əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs kimi anlayış verilmişdir. Həmin maddənin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmçinin Əmək Məcəlləsinin 6-cı maddəsində Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərin dairəsi müəyyən edilmişdir ki, hüquqi şəxsin rəhbəri bu kateqoriya şəxslərə aid deyildir. Belə ki, maddədə Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərə hərbi qulluqçular, məhkəmə hakimləri, Milli Məclisin deputatları və bələdiyyələrə seçilmiş şəxslər, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilər, eləcə də podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslər aid edilmişdir. Hüquqi şəxsin rəhbərinin mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə aid edilmədiyi Məcəllənin 7-ci maddəsinə əsasən müəyyən edilir. Belə ki, Məcəllənin 7-ci maddəsinin 2-3-cü hissəsində tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar sadalanmışdır. Həmin maddənin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü və 2-3.4-cü hissələrinin tələbləri baxımından aşağıda qeyd olunanlar nəzərə alınmaqla rəhbərin müəssisə ilə münasibətləri əmək münasibətləri hesab edilir və bu münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir: - tərəflər arasında münasibətlər müvafiq vəzifəyə qəbul (təyin) edilmə ilə bağlı yaranır. Belə ki, Mülki Məcəllənin 91.3.2-ci maddəsinə müvafiq olaraq cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Bu maddəyə əsasən direktor cəmiyyətin ümumi yığıncağının (təsisçinin) qərarı ilə vəzifəyə təyin edilir; - tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranır. Belə ki, hüquqi şəxsin yeganə işçisi direktor olduğu halda onun əsas fəaliyyət sahəsinə aid işlər direktor tərəfindən yerinə yetirilir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsində yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam vermək və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtlərini dəyişdirmək hüququ təsbit edilmişdir. Həmin Məcəllənin 186-cı maddəsinin 4-cü hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin işəgötürənlə mülkiyyətçi arasındakı maddi məsuliyyəti tənzimləyən 193-cü maddəsinin birinci hissəsində “mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən” ifadəsi işlədilir. Hazırki işin hallarından göründüyü kimi vergi orqanlarında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən göstərilmiş xidmətlərə (görülmüş işlərə) görə 2022-ci ilin oktyabr ayı ərzində 6800,0 manat dəyərində, 2022-ci ilin dekabr ayı ərzində isə 500,0 manat dəyərində elektron qaimə-fakturaların təqdim olunduğu müəyyən edilmişdir. Əlavə olaraq vergi ödəyicisi 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edərək işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 44866,36 manat mənfəət əldə etdiyini bəyan etmişdir. Belə olan halda məhkəmə cavabdeh orqanın qəbul etdiyi qərarın əsaslandırması ilə razılaşır ki, Əmək Məcəlləsinin müddəalarına əsasən hüquqi şəxslə onun rəhbəri arasında qanunvericiliklə müəyyən olunmuş qaydada əmək müqaviləsi bağlanmalı, ona müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş və dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı ödənilməlidir. Qeyd olunmalıdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Cəmiyyətin nizamnaməsinin 7.5-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin icraedici orqanı və qanuni təmsilçilik funksiyasına malik olan Baş direktor tərəfindən həyata keçirilir. Baş direktor qanunvericiliklə və Cəmiyyətin Nizamnaməsi ilə təsisçinin və digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən səlahiyyətləri həyata keçirir, həmçinin bu Nizamnaməyə uyğun olaraq Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə cəmiyyəti təmsil edir, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, Cəmiyyətin adından bu Nizamnaməyə və qanunvericiliyə zidd olmayan əqdlər bağlayır, rəsmi sənədləri imzalayır, Cəmiyyətin işçilərini təsisçinin yazılı razılığı ilə vəzifəyə təyin edir, başqa işə keçirir və vəzifədən azad edir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə də razılaşır ki, 2018-ci il 1448-VQD nömrəli Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanuna əsasən Əmək Məcəlləsinin 7-ci maddəsinə aşağıdakı məzmun əlavə edilmişdir: 1-2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq X2 məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Hansı ki, X2 Məsuliyyətli Cəmiyyətlərin onlayn dövlət qeydiyyatı prosesi üzrə istifadəçi təlimatında da nəzərdə tutulmuşdur ki, istifadəçi işçilərlə bağladığı əmək müqavilələrinin məlumatlarını sistemə daxil edir. Ən azı bir müqavilə-təmsilçinin (rəhbərin) müqaviləsi daxil edilməlidir. Yuxarıda qeyd edilənlərlə əlaqədar cavabdeh haqlı olaraq hesab etmişdir ki, vergi ödəyicisi İddiaçı MMC-nin hüquqi şəxs olduğu üçün maddi məsul şəxsləri fəaliyyəti üçün məsuliyyət daşıyırlar və ən azı 1 (bir) nəfər işçinin (direktor, rəhbər) olması zəruridir.
Məhkəmə tərəfindən aparılan araşdırma zamanı Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən alınmış müvafiq rəylərdə də göstərilmişdir ki, hüquqi şəxslə direktor arasında yaranan münasibətlər əmək münasibətləridir və əmək müqaviləsi ilə tənzimlənməldir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin mülkiyyətçisi və ya səlahiyyətli orqanı (hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağı) ilə həmin hüquqi şəxsin işəgötürəni (direktor, baş direktor, müəssisənin rəhbəri və s.) arasında əmək müqaviləsinin bağlanması və əmək fəaliyyətinin əmək müqaviləsi əsasında həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə də məhkəmə hesab edir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) qərarın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelllyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva