Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10961/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 və digərlərinin Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs: Bakı şəhəri Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “kompensasiya” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra - iddiaçılar) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ”V” yaşayış sahəsi, bina 16, blok 2-də yerləşən 35 nömrəli mənzilə istilik mövsümü ərzində fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilməməsi, dövlət standartlarına, normativlərinə uyğun istilik enerjisinin verilməməsi nəticəsində iddiaçılara vurulmuş ziyana görə 10 000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 3-cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar təxminən 1988-ci il tarixdən (37 il) Yeni Günəşli qəsəbəsinin “V” massivində yerləşən 16-cı binanın, 2-ci bloku, mənzil 35-də yaşayırlar və həmin tarixdən mənzillərində istilik sistemləri quraşdırılmışıdır. Lakin, bu müddət ərzində hər il payız-qış mövsümündə onlar istilik enerji təchizatından əziyyət çəkmişlər və hazırda da çəkirlər. Belə ki, bu 37 il ərzində demək olar ki, hər payız-qış mövsümündə normal istilik enerjisindən məhrum olmuşlar. Son 25 il ərzində isə istilik enerjisinin verilişi demək olar ki, olmayıb, olubsa da yalnız həmin sistemlərdə isti su deyil, soyuq su dövr edib, yəni, iddiaçılar dövlətin istilik enerjisindən yararlana bilməmişlər və bu müddət ərzində hər payız-qış mövsümundə mənzillərdə istilik sistemləri olmasına baxmayaraq, mənzillərini əlavə elektrik-istilik qızdırıcılarından istifadə etməklə isitmişlər ki, bununla da əlavə xərclərə (hər mövsüm 5 ay müddətində mənzildə yalnız elektrik qızıdırıcılarına (tok peçinə) görə hər ay təxminən 80-100 manat olmaqla) məruz qalmaqla, əsassız maddi itkilər ilə üz-üzə qalmışlar və hazırda da qalırlar. Halbuki cavabdeh mənzilləri istilik enerjisi ilə təmin etsəydi bu məbləğ qat-qat aşağı olardı və eyni zamanda mənzildəki bütün otaqlarda təhlükəsiz isitilik olardı. Bununla bağlı əvvəlki illərdə dəfələrlə cavabdehin “V” Y/S-də yerləşən 2 saylı İSİS müraciət edərək, məsələdən xəbərdar olduqlarını bildirsələr də, heç bir tədbir görməmişlər. Halbuki qanunvericilikdə istilik enerjisinin ötürülməsi, paylanması, istehlakında dövlət nəzarətini aparmaq onların vəzifəsidir və bu nəzarətin həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Bundan əlavə Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə yaşayış binalarının daxili kommunikasiya xətlərinin, həmçinin binadaxili istilik xətlərinin saxlanılması, təmiri və bərpası hansı normativ hüquqi sənədlərə əsasən tənzimlənməsinə dair 17 yanvar 2023-cü il tarixli 13- 12/2-47/2023 nömrəli məktubla müraciət olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 fevral 2023-cü il tarixli 3-21/2- 1692/2023 nömrəli cavab məktubu ilə binadaxili kommunikasiya xətlərinin saxlanılması, təmiri və bərpası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən tənzimləndiyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçılara və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ki, Bakı İnzibati Məhkəməsinin icraatında hazırki mübahisə üzrə iştirak edən eyni tərəflər, eyni əsaslar, amma fərqli iddia predmeti (öhdəliklərin icrası) ilə bağlı iddia mümkünsüz sayılmış və həmin qərardaddan verdikləri apelyasiya şikayətinə baxılmış və bu gün Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməmişdir. Bu səbəbdən hazırki iddianın mümkünsüz hesab edilməsi, əks halda BAM-ın xx.xx.2025-ci il tarixli qərardadından verəcəkləri kassasiya şikayəti üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırkı məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçıların və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçılar yaşadıqları mənzilin fasiləsiz olaraq istilik və isti su xidmətləri ilə təchiz edilməməsi və həmin mənzilə normativlərə uyğun istilik enerjisinin verilməməsi nəticəsində onlara maddi ziyan dəydiyini bildirərək həmin ziyana görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edirlər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edibetmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Qərarın yuxarıda qeyd edilən müddəalarından görünür ki, təbii inhisar subyektinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən irəli gələn iddialara inzibati, gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar hazırkı iddialarında yaşadıqları mənzilə istilik enerjisinin verilməməsi nəticəsində onlara dəymiş ziyanın ödənilməsini tələb edir ki, bu cavabdehin gündəlik təsərrüfat fəaliyyəti nəticəsində meydana gələn mübahisədir ki, həmin mübahisəyə inzibati qaydada deyil, mülki qaydada baxılmalıdır. Yuxarıda qeyd edilən Plenum Qərarında həmçinin göstərilir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1.). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2.). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya həmin tələblə mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı1 və digərlərinin Cavabdeh ASC-yə qarşı “kompensasiya” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-10961/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-10961/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver