Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10964/2025 31.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 31 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür və xx.xx.2002-ci il tarixindən xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmış və yığılmış pensiya kapitalı əsasında iddiaçının pensiyası bir neçə dəfə yenidən hesablanmışdır. İddiaçı 1.02.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, 2002-ci ildən pensiya yığılan 12710,90 manat pensiya kapitalında yığılmış pulu peniyasına əlavə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4011/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 866,99 manatdan 912,67 manata artırılmış, yenidən hesablamanın səbəbi “37.3.2-1)” qeyd edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5194/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği dəyişdirilməmiş, yenidən hesablamanın səbəbi “37.3.2-1)” qeyd edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, Sizə əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğunuz 20 aprel 2020-ci il tarixinədək işlədiyiniz müddət ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalınız 5144,48 manat (2020-ci il tarixinə indeksləşdirilməklə) təşkil edib. Həmin 5144,48 manat pensiya sığorta kapitalınız Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 158 aya bölünməklə (5144,48:158 ay (64 il 6 ay-57 il 4 ay=86 ay+72 ay (144 ay- 72 ay)=32,56 manat) 1 fevral 2021-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyiniz 1 fevral 2024-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanızın (617,95 manat) üzərinə əlavə edilərək əmək pensiyanız həmin tarixdən 650,51 (617,95+32,56) manat məbləğində hesablanıb. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən 715,56 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 820,75 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 912,67 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, sizə keçmiş üç il müddət üçün hesablanmış ümumilikdə 1417,91 manat fərq məbləği cari ilin aprel ayından etibarən hissə-hissə pensiyanızın (912,67 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabınıza köçürülür. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazı və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hazırda ödənilən 986,60 manat pensiyasının üstünə pensiya sığorta kapitalına fərdi şəxsi hesabında yığılmış 17313,89 manat ödənilməmiş pensiyası 72 aya bölünməklə hesablanaraq hər aya 240,47 manat əlavə edilməklə 986,60 manatın pensiyasının üstünə hesablanaraq hər ay 1227,47 manatın hesablanması və ödənilməmiş əvvəlki 3 illik artımların birdəfəlik cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mən 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983-cü ildən 1989-cu ilə kimi Bakı Dövlət Universitetində hüquq fakultəsində qiyabi aqla 1986-cı ildən 2002-ci ilə kimi Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə (polis nəfəri, sahə müvəkkili, müstəntiq, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, cinayət axtarış şöbəsinin rəisi) çalışmışdır. 2002-ci ildən qulluq stayına görə (25 ildən artıq) X2 təqaüdə çıxmışdır. 2004cü ildən 2018-ci ilə kimi “Bakı Biznes Universiteti”ndə müəllim, "xxxx" MMC-də hüquqşünas və 2018-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür, “ALFA” Vəkil unun müdiridir, hüquq elmləri üzrə fəlsəfə doktorudur. xx.xx.2025-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdehə pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə müraciət etsə də, ona süni bəhanələrlə imtina verilmişdir. Baxmayaraq ki, özlərinin də etdiyi kimi pensiya sığorta kapitalına fərdi şəxsi hesabında 17313,89 manat ödənilməmiş pensiya kapitalı toplanmışdır. Bunu özlərinin təqdim etdiyi iş da təsdiq etmişdir və ərizəsində də, həmin məbləği göstərərək 72 aya bölünməklə əvvəlki üç ilə müdəti də hesablanaraq birdəfəlik ödənilməsini xahiş etsə belə nəzərə almamışlar. Hesab edir ki, nazirlik tərəfindən pensiya sığorta kapitalıma fərdi şəxsi hesabında 17313,89 manat “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Əmək pensiyaları haqqında” Qanun) 32.1-1-ci maddəsinə istinad edilməklə, ona əvvəlki üç il üçün ödənilməmiş hissəsi sablanaraq birdəfəlik ödəməklə və sonrakı artımlar nəzərə alınmaqla pensiyasına artımlar edilməlidir. Hazırda aprel ayında ona 986,60 manat pensiya ödənilmişdir. Həmin pensiyanın üstünə pensiya sığorta kapitalına fərdi şəxsi hesabında 17313,89 manat ödənilməmiş pensiya kapitalı 72 aya bölünməklə hesablandıqda hər aya 240,47 manat əlavə edilməlidir və bu da ,60 manatın üstünə hesabladıqda 1227,07 manat təşkil edir. Hər ay ona sonrakı artımlar nəzərə alınmaqla 1227,30 manat pensiya ödənilməlidir. Cavabdeh iddia tələbinə yazılı ərizə təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən İddiaçı barəsində əmək pensiyasının yenidən hesablanması ilə bağlı aşağıdakı qərarlar qəbul edilmişdir: xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4011/2024 nömrəli qərar ilə iddiaçının əmək pensiyası 866,99 manatdan 912,67 manata artırılmışdır; xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5194/2024 nömrəli qərar ilə iddiaçının əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır; xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-12008/2025 nömrəli qərar ilə iddiaçının əmək pensiyası 986,60 manatdan 1057,09 manata artırılmışdır. Qeyd edilən müraciətlə əlaqədar qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası keçmiş üç il müddət üçün aşağıdakı qaydada hesablanmışdır: İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 20 aprel 2020-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 5144,48 manat (2020-ci il tarixinə indeksləşdirilməklə) təşkil etmişdir. Həmin 5144,48 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 158 aya bölünməklə (5144,48:158 ay (64 il 6 ay-57 il 4 ay=86 ay+72 ay (144 ay-72 ay)=32,56 manat) 1 fevral 2021-ci il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 1 fevral 2024-cü il tarixindən üç il geriyə) mövcud olmuş pensiyasının (617,95 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 650,51 (617,95+32,56) manat məbləğində hesablanmışdır. Eyni zamanda Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 715,56 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 820,75 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilmə nəticəsində 912,67 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya keçmiş üç il müddət üçün hesablanmış ümumilikdə 1417,91 manat fərq məbləği cari ilin aprel ayından etibarən hissə-hissə pensiyasının (912,67 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirirlər ki, Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində İddiaçı 1057,09 manat aylıq pensiya məbləği və 130,31 manat keçmiş dövr üzrə ödənilməmiş məbləğ olmaqla, ümumilikdə 1187,40 manat ödəniş edilmişdir (pensiya altsistemindən çıxarışlar qoşmaya əlavə edilir). Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın onun pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləğinin azalmasını və nəticədə subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanun: 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanun (xx.xx.2023-dən qüvvəyə minmişdir): 1.13. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.”. Məhkəmənin mövqeyi: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2002-ci il tarixdən Daxili İşlər Nazirliyinin əməkdaşı kimi xidmət illərinə görə güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçı pensiyaya çıxdıqdan sonra əmək faəliyyətini davam etdirərək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı yığılmışdır. İddiaçı fərdi hesabın sığorta hissəsində yığılmış pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4011/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 866,99 manatdan 912,67 manata artırılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5194/2024 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, lakin pensiya məbləğində hər hansı dəyişiklik olmamışdır. İddiaçının pensiyası xx.xx.2025-ci il tarixdə indekssasiya edilərək 912,67 manatdan 986,60 manata artırılmışdır. İddiaçı ona hazırda ödənilən 986.60 manat pensiyasının üstünə pensiya sığorta kapitalına fərdi şəxsi hesabında yığılmış 17313,89 manat ödənilməmiş pensiyası 72 aya bölünməklə hesablanaraq hər aya 240,47 manat əlavə edilməklə 986,60 manatın pensiyasının üstünə hesablanaraq hər ay 1227,47 manatın hesablanması və ödənilməmiş əvvəlki 3 illik artımların birdəfəlik cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, yığılmış pensiya kapitalı 72-yə bölünərək pensiya məbləğinə əlavə edilməlidir. Məhkəmə icraatı dövründə cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-12008/2025 nömrəli qərar ilə iddiaçının əmək pensiyası 986,60 manatdan 1057,09 manata artırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş Pensiya altsistemində olan məlumatlara əsasən müəyyən edilir ki, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində iddiaçıya 1057,09 manat aylıq pensiya məbləği və 130,31 manat keçmiş dövr üzrə ödənilməmiş məbləğ olmaqla, ümumilikdə 1187,40 manat ödəniş edilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı cavabdehin sonuncu hesablaması ilə də razı olmadığını, yığılmış pensiya kapitalının 72-yə bölünərək pensiyasının yenidən hesablanmasını xahiş etdi. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, iddiaçıın fərdi heasbın sığorta hissəsində yığılmış pensiya kapitalı 72-yə deyil, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 158 aya bölünməklə (64 il 6 ay-57 il 4 ay=86 ay+72 ay (144 ay-72 ay) hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız, cavabdehin mövqeyi isə əsalsıdır. Belə ki, Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait - pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyasının hesablanma qaydası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən edilir. Həmin maddəyə əsasən, yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi və yığım hissəsinin məbləği ilə müəyyən edilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği isə sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının pensiya ödənişi müddətinin aylarının sayına bölünməsi ilə müəyyən edilir. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə dəyişməz olmuş, 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Qanunverici xx.xx.2022-ci il tarixdən 45-ci maddənin ikinci cümləsini "Əmək pensiyaları haqqında” Qanundan çıxarsa da, xx.xx.2023-cü il tarixdən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxslərə münasibətdə yenidən əlavə etmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçının 2024-cü ilin yanvar ayında müraciətinə əsasən, pensiyası toplanmış pensiya kapitalına əsasən hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən həmin vaxt qüvvədə olan qanuna əsasən yenidən hesablanmışdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 45-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 - 72 ay) həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı (86 ay) qədər artırılmışdır və pensiya kapitalı 158-ə bölünmüşdür. (64 il 6 ay-57 il 4 ay=86 ay+72 ay (144 ay-72 ay) "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, iddiaçının adıçəkilən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması hüququ 2024-cü ilin yanvar ayında müraciətinə əsasən xx.xx.2024-cü il tarixdən yaranmışdır, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçının "pensiyanın yenidən hesablanması” tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-10964/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10964/2025
31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver