Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-10967/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin satınalma yolu ilə İddiaçı MMC-yə satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4277 kv.m torpaq sahəsinin 180 000 (yüz səksən min) manata satınalma yolu ilə İddiaçı MMC-nə satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 4277 kv.m torpaq sahəsi və onun üzərində olan 530 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMC-nin qanuni istifadə və mülkiyyətindədir. Bu barədə Əmlak Məsələlləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq Çıxarış verilmişdir. Çıxarış verilərkən yalnışlığa yol verilmiş və torpaq sahəsinin ölçüsü qrafasında səhvən 0,0604 ha göstərilmişdir. Hansı ki, 002835 saylı Texniki Pasportun Ərazinin ümumi torpaq sahəsi qrafasında torpaq sahəsi 4277.0 kv.m., o cümlədən ümumi tikili altı sahə 1725.0 kv.m əsas, 459.6 kv.m sahə isə digər sahə kimi göstərilmişdir. Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi, 000822 saylı, xx.xx.2002-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən iş həyəti, (əmlakın tərkibi Əlavədə göstərilməklə) Çənlibel kiçik müəssisənin mülkiyətinə verilmişdir. Bu barədə xx.xx.2002-ci il tarixdə rəsmi Arayış verilmişdir. Təqdim olunmuş sənədlərdən və Əmlakın İnventarlaşdırılması Bürosunun verdiyi, 002835 saylı, 03 sentyabr 2002-ci il tarixli Texniki Pasporta əsasən ünvan 3 ünvanda yerləşən 4277 kv.m torpaq sahəsi və ümumi tikinti sahəsi 1725.9 kv.m əsas, 459.6 kv.m köməkçi sahəsi olan qeyri-yaşayış sahəsinin 530 kv.m “Çənlibel” kiçik müəssisəsi tərəfindən 29 mart 2002-ci il tarixli, 147379 saylı Müqaviləyə əsasən X1. 11 aprel 2004-cü il tarixli, AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X6 tərəfindən həmin əmlak X2. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 12 avqust 2005-ci il tarixli, 005766 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1ndə yerləşən 530,0 kv.m qeyri yaşayış sahəsi Karagöz Pecepin mülkiyyətinə verilmişdir. Əmlak Məsələlləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin verdiyi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qanlı göl massivinin şimalı Ətraf dairəvi küçəsində yerləşən 530,0 kv.m qeyri yaşayış sahəsi İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması barədə 1991-ci il tarixli Sərəncamına və 92/08 saylı Ayrıc Aktına əsasən 4277 kv.m torpaq sahəsi İddiaçı MMC-nin qanuni istifadəsindədir və bu barədə Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 002835 saylı, 03 sentyabr 2002-ci il tarixli Texniki Pasport verilmişdir. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlləri Dövlət Xidmətinə müraciət edərək həmin torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Lakin müraciətinə hər-hansı bir cavab verilməmişdir ki, bu da onun hüquqlarının pozulmasına səbəb olur.
3. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan qabaq 29 May 2024-cü il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, ünvan 2 ünvanında mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 4277.0 kv.m torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər müraciətə əlavə edilmədiyindən, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 9894/2024 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab verilərək Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq adıçəkilən torpaq sahəsinə dair sənədlər tam şəkildə təqdim edildikdən sonra qeyd edilən məsələyə baxılacağı bildirilmişdir. Beləliklə, torpaq sahəsinin özəlləşdirilməsi üçün müəssisə və ya obyektin mülkiyyətçisindən torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi qanunvericiliklə tələb olunur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Eyni zamanda, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri özəlləşdirilərkən həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən Əsasnaməyə 6-1-ci hissə əlavə edilmiş və həmin 6-1-ci hissəyə əsasən, torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, torpaq sahəsinin normativ qiyməti bazar dəyərindən aşağı olduqda, onun qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göründüyü kimi torpaq sahəsinin satış dəyərinin müəyyən edilməsi səlahiyyəti qanunvericiliyə əsasən mülkiyyətçi olan satıcıya (Əmlak Məsələləri Dövlət Xidməti) aiddir. İddiaçı torpaq sahəsinin 180 000 manata ona satılmasını tələb etsə də, bu qiymətin hansı əsasla təyin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla alqı-satqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır.
4. ƏMDX DƏDKR X9 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 530 kv.m qeyri yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin ünvanın yerləşdiyi 0.0604 ha torpaq sahəsinə isə istifadə hüququ tanınmışdır.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
13. İddia tələbi ünvan 1 ünvanda yerləşən 4277 kv.m torpaq sahəsinin 180 000 (yüz səksən min) manata satınalma yolu ilə iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarədir.
14. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 530 kvadrat metr qeyriyaşayış sahəsinin mülkiyyətçisidir.
15. İşdə olan cavabdehin qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş texniki pasporta və çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsinin əsas tikili altında olan torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar olmaqla, Dövlətə məxsusdur.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin:
8. Torpaq sahələrinin normativ qiymətinin müəyyən edilməsi haqqında Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.
17. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.
18. İddiaçı sözügedən torpaq sahəsini cavabdeh tərəfindən satılması üçün 180 000 manat məbləğinin hansı əsasla müəyyən edilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi Dövlətin mülkiyyətindədir, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır.
19. Məhkəmə hesab edir ki, iddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva