Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10976/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X2 İdarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmaqla, etibarlı dövlət qulluğu münasibətləri kimi müəyyən edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən iddiaçı – xx.xx.1959-cu il təvəlüdlü İddiaçı Azərbaycan Respublikası Mədəniyyət nazirinin 458-k №li 21 sentyabr 2022-ci il tarixli əmri ilə təyin edildiyi və 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və Azərbaycan Respublikası Mədəniyyət nazirinin 3-24/3-1-k-475/2023 №li 03 iyul 2023-ci il tarixli əmri ilə keçirildiyi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək işlədiyi X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələrinin inzibati vəzifələr üzrə iş stajı kimi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini (dəqiqləşmiş) onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmiş, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Lakin onunla 22 aprel 2024-cü il tarixdə əmək münasibətlərinə xitam verildikdən sonra, ona məlum olmuşdur ki, onun 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək çalışdığı X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələri inzibati vəzifələr üzrə iş stajı olaraq dövlət qulluğu kimi müəyyən olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 14 avqust 2024-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddia ərizəsində məhkəmədən müvafiq dovr üzrə dövlət qulluğu münasibətlərinin müəyyən edilməsi xahiş edilsə də, iddia ərizəsinin məzmunundan onun əslində mübahisələndirmə haqqında iddia olduğu görünür. Sözügedən hal iddiaçının məhkəmə aidiyyəti qaydalarına zidd olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsindən və həmin məhkəmənin iş üzrə icraata xitam verilməsi haqqında 20 iyun 2024-cü il tarixli e-2(009)-1308/2024 nömrəli qərardadından da görünür. Belə olan halda, hazırki iddia ilə cavabdehin xx.xx.2021-ci il tarixli, K-629 nömrəli əmri mübahısələndirilir ki, bu da onun müəyyən etmə haqqında iddia kimi xarakterizə edilməsinə imkan vermir. Lakin iddiaçının məhkəmədən huquq münasibətinin müəyyən edilməsini xahiş etdiyini, iddia ərizəsinin isə məzmun etibarilə inzibati aktın mübahisələndirilməsinə yönəldiyini, məhkəmənin buna uyğun hüquqi yardımına əsasən iddianın dəyişdirilmə ehtimalını nəzərə alaraq, iddia ərizəsinə müəyyən etmə haqqında iddia baxımından münasibət bildirərək, onun qanunvericiliyin tələbləri baxımından əsassız olduğunu aşağıdakılara əsasən qeyd edirlər. İPM-nin 36.1ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı huquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-ın 36.4-cu maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidıar xarakter daşıyır. Bu növ iddia onunla xarakterizə olunur ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bır iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır ("T.idrisovun şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, müəyyən etmə haqqında iddia subsidıar xarakter daşımaqla, əslində digər fakt və sübutlarla təsdiq olunmayan məlumatların məhkəmə tərəfindən müəyyən edilməsinə yönəlmişdir. Bu baxımdan həmin iddia növü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərlə bənzərlik təşkil edir. Hazırki iddia isə heç də müəyyən etmə haqqında iddia ilə bağlı şərtləri ödəmir. Əvvəla burada qeyri-müəyyənlik mövcud deyildir, bütun sübutlar və faktlar müəyyəndir. Həmin faktlar - iddiaçının tutduğu vəzifədən azad olunması barədə ərizə ilə müraciət etməsi, müraciətinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 629-k nömrəli əmri əsasında onun dövlət qulluğuna xitam verilməsi elə iddiaçının özü tərəfindən iddia ərizəsində göstərilmişdir. Eyni zamanda, iddiaçı əgər bu münasibətlərin dövlət qulluğu münasibətləri olduğunu, lakin ona əmək pensiyası təyin edilərkən bu halın nəzərə alınmadığını iddia edirsə, onda hazırkı iddia üzrə iddiaçının cavabdeh Mədəniyyət Nazirliyinə qarşı hər-hansı subyektiv hüququ yaranmır. Bu halda iddiaya cavab verməli qurum qismində Dövlət Sosial Müdafiə Fondu çıxış etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd olunmasına dair qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izhat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasında aparılmış qeydlərə əsasən: - xx.xx.2013-cü il - İ dərəcə Dövlət qulluqçusu Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri təyin edilmişdir. - xx.xx.2015-ci il - “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 16.2.6-cı və “Yerli İcra hakimiyyətləri haqında Əsasnamə”nin 16-cı maddəsinə əsasən Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. - xx.xx.2016-cı il - Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi ləğv edildiyi üçün Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, Kiçik Dövlət müşaviri 2016-cı il 01 noyabr tarixdən dövlət qulluğuna xita verilmişdir. - xx.xx.2016-cı il - Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsi ləğv edildiyi üçün 01 noyabr 2016-cı il tarixdən iki ay müddətinə ləğv edilmə komissiyasının sədri təyin edilmişdir. - xx.xx.2017-ci il - X2 və Turizm İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. - xx.xx.2017-ci il - X2 və Turizm İdarəsinin rəis müavini xx.xx.2017-ci il tarixdən müvəqqəti 03 (üç) ay müddətinə X2 və Turizm İdarəsinin rəisi vəzifəsinin səlahiyytlərini icra etməsi həvalə edilmişdir. - xx.xx.2017-ci il - 13 fevral 2017-ci il tarixdən X2 və Turizm İdarəsinin rəisi vəzifəsinin icrasını dayandırsın və X2 və Turizm İdarəsinin rəis müavini vzifəsinin icrasını davam etdirsin. - xx.xx.2018-ci il - X2 və Turizm İdarəsinin rəis müavini vəzifəsindən X2 İdarəsinin rəis müavini vəzifəsinə keçirilsin. - xx.xx.2021-ci il - X2 İdarəsinin rəis müavini vəzifəsindən 13 yanvar 2022-ci il tarixdən dövlət qulluğuna xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 23 dekabr 2021-ci il tarixli, 629-k nömrəli əmri nəzərə alınsın. - xx.xx.2022-ci il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq, X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. - xx.xx.2023-cü il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq, X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndə) vəzifəsinə keçirilmişdir. - xx.xx.2024-cü il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə uyğun olaraq çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 10 oktyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı göstərilən (21 sentyabr 2022-ci il tarixdən 15 aprel 2024-cü il tarixədək) dövrlərdə dövlət qulluqçusu olmaması səbəbindən ona mükafat və vəzifə maaşına əlavələr ödənilməmişdir. Qeyd olunan məktubla İddiaçı 21 sentyabr 2022-ci il tarixdən 15 aprel 2024-cü il tarixədək X2 İdarəsində (indiki X1 İdarəsi) işlədiyi dövr üçün əmək haqqı və sair məlumatları (işə daxil və işdən azad olunma əmrləri) məhkəməyə təqdim olunmuşdur. Təqdim olunan məlumatlardan müəyyən olunur ki, İddiaçı 2022-ci ilin 4 (sentyabr, oktyabr, noyabr və dekabr) ayları, 2023-cü ilin 12 ayı, 2024-cü ilin isə 3 (fevral, mart, aprel) ayları üzrə vəzifə maaşı və 20 % yüksəkliyə görə əlavə əmək haqqı ödənişi olunmuşdur - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə daxil edilmiş məlumatlara əsasən İddiaçı dövlət qulluğunda qulluq stajı daxil olmaqla əmək fəaliyyəti haqqında məlumatlardan müəyyən olunur ki, onun ümumi iş stajı 38 il 4 ay 15 gün, Dövlət qulluq stajı 28 il 11 ay 30 gün təşkil edir ki, o cümlədən cavabdeh inzibati orqanın struktur bölmələrində əmək fəaliyyəti aşağıda göstərilən müddətlərdə olmuşdur: Qəbul tarixi Çıxma tarixi Dövlət qulluğu 03.07. 2023-cü il xx.xx.2024-cü il yox xx.xx.2022-ci il xx.xx.2023-cü il yox xx.xx.2018-ci il xx.xx.2022-ci il hə xx.xx.2017-ci il xx.xx.2018-ci il hə xx.xx.2016-cı il xx.xx.2016-cı il yox xx.xx.2013-cü il xx.xx.2016-cı il hə Tətbiq edilən hüquq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununu. Maddə 1. Əsas anlayışlar. 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; ... 1.1.6. dövlət məvacibi – dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən aylıq haqq; 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; ... 1.1.15. dövlət orqanının struktur bölməsi – dövlət orqanının rəhbərinin qərarı ilə yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanının struktur vahidi; 1.1.16. rotasiya – inzibati vəzifə tutan dövlət qulluqçularının bu Qanunun 31-1-ci maddəsinə uyğun olaraq bir vəzifədən başqa vəzifəyə keçirilməsi; Maddə 2. Qanunun tətbiq dairəsi. 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Maddə 15-3. Dövlət qulluqçularının reyestri] 15-3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır. 15-3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 15-3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə32-1.Dövlət qulluğunda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir. 3.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.[193] ... 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 5-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır. 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının hüquqi marağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeçiliyində olmuş strukturlarda işlədiyi müəyyən dövrlərin adı çəkilən nazirliklə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsindən ibarət olmuşdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli dövrlərdə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. xx.xx.1959-cu il təvəlüdlü İddiaçı Azərbaycan Respublikası Mədəniyyət nazirinin 458-k №li 21 sentyabr 2022-ci il tarixli əmri ilə təyin edildiyi və 05 oktyabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək çalışdığı X2 İdarəsinin baş məsləhətçisi – Gədəbəy rayonu üzrə nümayəndəsi və Azərbaycan Respublikası Mədəniyyət nazirinin 3-24/3-1-k- 475/2023 №li 03 iyul 2023-ci il tarixli əmri ilə keçirildiyi və 03 iyul 2023-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək işlədiyi X1 İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi (Gədəbəy rayonu üzrə nümayəndəsi) vəzifələrinin inzibati vəzifələr üzrə iş stajı kimi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev