Məhkəmə qərarları › İş №e-2-1(112)-10992/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10992/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10992/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-105598/2023 nömrəli məktubla bildirmişdir ki, ona sonuncu xidmət keçdiyi orqan tərəfindən 12 sentyabr 2001-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 600,70 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi - 250,32 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 350,38 manat. Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 31 mart 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 44069,42 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Nəticədə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına uyğun olaraq əmək pensiyasının məbləği 1 aprel 2022-ci il tarixindən 709,37 manat müəyyən edilmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də, topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 769,44 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 882,55 manata artırılaraq ödənilir. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş gizir rütbəli ehtiyatda olan hərbi qulluqçusudur. 2000-ci ildə Ədliyyə Nazirliyinin müvafiq əmrinə əsasən (xəstəliklə) ehtiyyata buraxılmışdır. Xidmət ili güzəştlə birlikdə 27 il 7 ay 23 gündür və həmin ildən də ona pensiya təyin olunmuşdur. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışır. 2023-cü ilədək DSMF-yə hər ay əmək haqqından ödənişlər həyata keçirilmişdir. Hazırda şəxsi sığorta hesabında 53162,39 manat pensiya kapitalı yığılmışdır. Cavabdeh inzibati orqana ərizə ilə rəsmi qaydada müraciət edərək ona əmək pensiyası təyin edildikdən sonra işlədəiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətinə imtina vermişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan iddia ərizəsi təmin edilməli, pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli məlumat vərəqindən görünür ki, İddiaçı təqvim illəri üzrə stajı 19 il 11 ay 07 gün, güzəştli xidmət illəri 07 il 00 ay 17 gün olmaqla, cəmi xidmət müddəti 26 il 11 ay 24 gün müəyyən edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdə yaşa görə ehtiyata buraxılmışdır. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 245,00 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 142.00 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, rütbə maaşı 110,00 manat, usta məharət dərəcəsinə görə əlavə 25% olmaqla 61,25 manat, cəmi 622,25 manat təşkil etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2001-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının surəti və sığortaolunanın hesabından görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən etibarən “Azneft” İstehsalat Birliyində işləmişdir. İş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, onun pensiyaya çıxdıqdan sonra işlədiyi dövr ərzində yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********4 saylı qərarından görünür ki, həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 250.32 manat, qulluq stajına görə əlavənin məbləği 350.38 manat olmaqla cəmi pensiya məbləği 600.70 manat olmuş, iddiaçının müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanmış, sığorta hissəsi 709.37 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər azaldılmış, 0,00 manata endirilmiş, nəticədə xx.xx.2022-ci il tarixdən pensiyanın məbləği 709.37 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmır və cavabdehin bu qərarının ləğv edilməklə ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını, lakin bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı bu tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Lakin cavabdeh inzibati orqanın 2022-ci il 05 dekabr tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablansa da, onun pensiyası sığorta hissəsinin artımı qədər azaldılmış, yəni iddiaçının vəziyyətində yaxşılaşma baş verməmişdir. Bu zaman o da qeyd edilməlidir ki, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasını mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarda göstərilən qaydada hesablayarkən istinad etdiyi Qanunun 29.2-ci maddəsi (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627- VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, məhkəmə qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə həmin normanın ləğv edilməsinin iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi akt olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını irəli sürmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022 il tarixli, **********4 saylı qərarı ləğv edilsin. İddiaçı müraciət etdiyi tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar