Məhkəmə qərarları › İş №e-2-1(112)-11022/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11022/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11022/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, X4 kаtibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X17 və X20) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə mənzilə dair əmlak hüquqları mövcud olmayan X2, X9 və X11 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “iddiaçı”) Bakı şəhəri, Gəncə prospektində yerləşən, ev № 39, 41 saylı mənzilin (bundan sonra “mənzil”) mülkiyyətçisidir və həmin ünvanda qeydiyyatdadır. Eyni zamanda, həmin ünvanda aşağıdakı şəxslər qeydiyyatdadır: onun oğlu 22 fevral 1977-ci il təvəllüdlü X18; oğlunun keçmiş həyat yoldaşı 21 iyul 1988-ci il təvəllüdlü X8; nəvəsi 23 iyul 2009-cu il təvəllüdlü X17; nəvəsi 04 oktyabr 2010-cu il təvəllüdlü X20. İddiaçının oğlu X19 19 may 2008-ci il tarixində X8 ilə rəsmi nikaha daxil olmuşdur və həmin nikahdan X17 və X20 dünyaya gəlmişdirlər. 25 fevral 2016-ci il tarixində iddiaçının oğlu ilə gəlini arasında olan nikah pozulmuşdur. Belə ki, həmin tarixdən etibarən iddiaçının gəlini X8, X17 və X20 mənzildən köçərək Xəlilova Pərvanənin valideynlərinə məxsus mənzildə yaşayırlar, iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxması üçün Xəlilova Pərvanəyə dəfələrlə etdiyi şifahi müraciətlərinə baxmayaraq, iddiaçının həmin müraciətləri cavabsız qalmışdır. İddiaçı mənzilin mülkiyyətçisi olaraq 10 iyun 2022-ci il tarixdə Xatai Rayon Polis İdarəsinə (bundan sonra “cavabdeh”) rəsmi müraciət edərək iddiaçının mülkiyyətçi hüquqlarını təmin etməklə aşağıdakı şəxslərin iddiaçıya məxsus mənzildən rəsmi qeydiyyatdan çıxarılmasını xahiş etmişdir: X8; X17; X20. Cavabdeh 12 iyul 2022-ci il tarixli 101-19921M cavab məktubunda iddiaçının tələbini əsaslandıran sənədlərin təqdim etməsini xahiş etməklə iddiaçının tələbini faktiki olaraq icra etməmişdir. İddiaçı onun qanuni tələbinin icrası ilə əlaqədar cavabdeh tərəfindən hər hansı əsaslandırıcı sənədin tələb etməsini və bununla onun tələbini icra etməməsini aşağıda müzakirə edilən əsaslara görə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olduğunu hesab edir. Cavabdeh tətbiq edilən qanunu səhv şərh etmişdir. İddiaçı cavabdehə yönəldiyi 10 iyun 2022-ci il tarixli ərizəsində mənzildə qeydiyyatda olan üç şəxsin həmin qeydiyyatının ləğvini xahiş etmişdir. Bunun üçün iddiaçı aşağıdakı dəlilləri gətirmişdir: iddiaçı mənzilin yeganə mülkiyyətçisidir; X8 iddiaçının oğlu ilə 2016-ci ildə nikahı ləğv etmişdir; X8, X17 və X20 2016-cı ildə mənzildən başqa yerə köçərək mənzildə faktiki olaraq yaşamırlar. Cavabdeh bu faktlara heç bir məhəl qoymadan öz 12 iyul 2022-ci il tarixli məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə istinad edərək orada nəzərdə gətirilən faktları təsdiq edən sənədlərin təqdim etməsini xahiş etmişdir. Cavabdehin 12 iyul 2022-ci il tarixli məktubunda gətirdiyi dəlillərdən onun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının mövcudluğu barədə məlumatlı olmadığını güman etmək mümkündür. Nəticədə, cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin müddəalarını düzgün tətbiq etməyərək və Qərarda mövcud olan normalara zidd şəkildə iddiaçının 10 iyun 2022-ci il tarixli ərizəsinə dair hərəkətsizliyə yol verərək onun qanuni mülkiyyətçi hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11022/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X8, X17 və X20 İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münabasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs X2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında bildirilmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, X8 ilə X15 19 aprel 2008-ci il tarixində nikaha girmişlər və bu nikahdan 23 iyul 2009-cu il təvəllüdlü X17 və 04 oktyabr 2010-cu il təvəllüdlü X20 doğulmuşdur. Ailə qurduqdan sonra P.X.Xəlilova sözügedən Bakı şəhəri, Gəncə prospekti, ev 39, mənzil 41-ə gəlin köçmüş və bu evdə yaşamağa başlamışdır. İş üzrə İddiaçı onun keçmiş ailə üzvü, yəni qaynanasıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və bundan sonra iddiaçı onu həmin mənzildən çıxartmağa çalışmışdır. Lakin onun və övladlarının qalmağa mənzilləri mövcud olmadığı iddiaçının diqqətinə çatdırılsa da iddiaçı buna əhəmiyyət verməmiş və hətta onu məcbur evdən çıxartmışdır. Bununla bağlı bir neçə dəfə müvafiq hüquq mühafizə orqanlarına tərəfindən müraciət olunsa da evə qayıda bilməmişdir. Odur ki, hal-hazırda atasına məxsus olan 1 otaqlı mənzildə övladlarını böyütməyə çalışır. Göründüyü kimi, hazırda sözügedən əmlaka dair onun və övladlarının istifadə hüququ mövcuddur. Bu halda iddiaçının iddiası ümumiyyətlə əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, onun və övladları Kubilay Məmmədli və Atilla Məmmədlinin Bakı şəhəri, Gəncə prospekti ev 39, 41 nömrəli mənzilə dair istifadə hüquqları mövcuddur və bu hüquqlardan istifadə edilməsinə iddiaçı tərəfindən mütəmadi maneələr törədilmişdir. Odur ki, hazırkı halda İddiaçı mənzildən qeydiyyatdan çıxarılmağa dair iddiası qanunsuz və əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı X8 və digərlərinin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair iddiası əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X8 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 39, 41 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 438/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X8 ilə cavabdeh X15 arasında 19 aprel 2008-ci il tarixdə 397 №-li akt qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X20 və 23 iyul 2009-cu il təvəllüdlü X1 Pərvanə Xudaverdi qızının himayəsində saxlanılmaları, cavabdeh X5 xx.xx.2010-cu il təvəllüdlü X11 və 23 iyul 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 (bir yüz on yeddi) manat, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq, X6 ödənilməsi, alimentin tutulması 08 oktyabr 2015-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 327802 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 332 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra ərə Məmmədov, arvada Xəlilova soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-29713 nömrəli məktubunda bildirilmişdir ki, X17 ünvan 1 ünvanına xx.xx.2016-cı il tarixində, X20 isə xx.xx.2016-cı il tarixində 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyata alındığından, həmin sənədlərin təqdim edilməsi imkan xaricindədir. Həmin məktubla göndərilmiş X2 adına sənədləşən fərdi uçot kartoçkasının surətindən görünür ki, X2 yaşayış yeri Gəncə prospekti, ev 39, mənzil 41 ünvanıdır. Qeydiyyata alınmasına əsas olan sənəd qismində xx.xx.2008-ci il tarixli, AZ-İ № 390156 saylı nikah haqqında şəhadətnamə göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-19786- 1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X8 xx.xx.2009-cu il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ünvanda qeydiyyatda olan xx.xx.2016-cı il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X20 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanı üzərində sorğuda sadalanan fiziki şəxslərin istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş mənzilə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 39, 41 nömrəli mənzil X12 xx.xx.1980-ci il tarixli 193927 nömrəli order əsasında 6 nəfər ailə tərkibində (özü, arvadı, qızı və 2 oğlu) verilmişdir. - xx.xx.2019-cu il tarixli qnaun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi İddiaçı Məmməd qızıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X12 verilmiş ********** qeydiyyat nöpmrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.32 kv.m olan 4 otaqlı mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 631 nömrəli arayışında qeyd olunmuşdur ki, Gəncə prospekti, ev 39, 41 nömrəli mənzildə xx.xx.2016-cı ildən qeydiyyatda 5 (beş) nəfərin olmasına baxmayaraq, qonşuların şahidliyi ilə bağlanan akta əsasən mənzildə 2 (iki) nəfər faktiki yaşayır: 1. İddiaçı, 2. X15. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 101-19921M nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyiniz halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin ərizəsi əsasında daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X3 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 39, 41 nömrəli mənzilin xx.xx.2019-cu il tarixdən mülkiyyətçisidir. Sözügedən mənzil xx.xx.1980-ci il tarixli 193927 nömrəli order əsasında X12 6 nəfər ailə tərkibində istifadəsinə verilmiş, mənzil xx.xx.2009-cu il tarixdə X10 adına özəlləşərək xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, daha sonra qanun üzrə vərəsəlik qaydasında 2019-cu ildə İddiaçı adına keçmişdir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X8 iddiaçının keçmiş gəlini olmaqla, oğlu X15 ilə X8 arasında 19 aprel 2008-ci il tarixdə qeydə alınmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-438/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. X8 mərhum X10 xüsusi mülkiyyətçi olduğu vaxtda onun razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmış, lakin hazırda həmin mənzildə yaşamır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxs X8 hazırda evin mülkiyyətçisi İddiaçı ilə faktiki olaraq birgə yaşamayan, sonuncunun övladı ilə ailə münasibətlərinə xitam verilmiş, mülkiyyətçinin ailə üzvü hesab edilməyən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eyni zamanda üçüncü şəxsin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından mənzilin mülkiyyətçisi İddiaçı onun sözügedən mənzil üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. -27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. -28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. -28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. -35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-438/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X8 ilə X7 birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X20 və 23 iyul 2009-cu il təvəllüdlü X1 Pərvanə Xudaverdi qızının himayəsinə verilmişdir. Belə olan halda uşağın yaşayış yeri himayəsinə verilmiş anası X2 faktiki yaşadığı yer sayılır. Bununla da müəyyən olunur ki, X20 və X17 faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatda qalmışlar. Beləliklə, iddiaçı onunla birgə yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1988-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X8, X17 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar