Məhkəmə qərarları › İş №e-2-1(112)-11024/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11024/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11024/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçınun nümayəndəsi və vəkili Nümayəndə (ünvan 1 ünvanda qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Republikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 17 iyun 1968-ci il tarixdə Azərbaycan Respublikası ərazisində doğulmuşdur. X1, anası X4 hər ikisi Azərbaycan Respublikası vətəndaşıdırlar. 09 iyun 2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Dövlət Miqrasiya Xidmətinin 17 iyun 2022-ci il tarixli, ******* nömrəli Qərarı ilə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması 07 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması əsası ilə təmin edilməmişdir. Hesab edir ki, imtina əsassızdır. Çünki tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamədən də görünür ki, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası və anasının hər ikisi Azərbaycan Respublikası vətəndaşıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixdə ******* saylı qərar qəbul edilmişdir (qeyd olunan qərar şəxsə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir). Cavabdeh hesab edir ki, Dövlət Miqrasiya Xidməti iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1968-ci ildə Azərbaycan Respublikasında anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşıdır. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında’’ Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, iddiaçı adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olmuşdursa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 1985-ci il tarixədək Azərbaycanda yaşamış, orta təhsilini Bakıda başa vurmuş, sonradan Rusiya Federasiyasına köçmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı 1968-ci ildə Azərbaycan Respublikasında anadan olsa da, sonradan Rusiya Federasiyasına getmiş və hazırda da həmin ölkənin vətəndaşıdır. Ona görə iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər VVAQ İdarəsi tərəfindən verilmiş AЗ№1815316 saylı, 09 avqust 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 17 iyun 1968-ci il tarixdə Xaçmaz şəhərində doğulmuşdur. - Rusiya Federasiyası vətəndaşının xx.xx.2018-ci il tarixdə verilmiş ** ******* saylı pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Sankt-Peterburq şəhəri, Petroqrad rayonu, Pionerskaya küçəsi, ev 50 lit, mənzil 618 ünvanında yaşayır. - Rusiya Federasiyası vətəndaşının xx.xx.2018-ci il tarixdə verilmiş ** ******* saylı pasportunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya əvvəllər xx.xx.1994-cü il tarixdə XXİV-AK seriyalı, 588513 nömrəli; xx.xx.1998-ci il tarixdə 4097 seriyalı, 105558 nömrəli, 782-051 kod saylı; xx.xx.2005-ci il tarixdə 4005 seriyalı, 657456 nömrəli, 482-051 kod saylı; xx.xx.2013-cü il tarixdə 4012 seriyalı, 717411 nğmrəli, 780-050 kod saylı; xx.xx.2013-cü il tarixdə 4012 seriyalı, 717631 nömrəli, 780-050 kod saylı; xx.xx.2018-ci il tarixdə 4018 seriyalı, 133502 nömrəli, 780-027 kod saylı pasportlar verilmişdir. - “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 17 iyun 2022-ci il tarixli, ******* nömrəli Qərarının surətindən görünür ki, 17 iyun 1968-ci il təvəllüdlü İddiaçınun 09 iyun 2022-ci il tarixli sorğusuna baxılmış və təqdim edilən sənədlər araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatının olmadığı müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Həmin maddənin dördüncü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir (5-ci bənd). Göründüyü kimi, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsasən sözügedən Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün həmin Qanun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması şərtdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydalar»ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəaların tələbini hazırkı münasibətə tətbiq edərkən müəyyən edilir ki, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün hər hansı məhdudiyyət qoymadan əsas qaydanın şəxsin özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinin olmasını tələb edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda və bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Lakin iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman, həm də hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində iddiaçının qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Beləliklə, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı yuxarıda adıçəkilən Qaydaların 2.2.1-ci maddəsində göstərilən Azərbaycan SSR-in vətəndaşı kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi onu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) göstərilən əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar