Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11054/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “əmrin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinə baxılmasını zəruri hesab etmişdir. İddiaçı, həmçinin vəsatətlə müraciət edərək iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçı eyni zaman iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə rədd edilməli, eyni zamanda müddətin bərpa edilməsi barədə ərizə və iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İlkin olaraq qeyd edilir ki, iddia müddətinin ötürülməmiş hesab edilməsi və iddia müddətinin bərpa edilməsi anlayışlarının fərqliliyi nəzərə alınmaqla hər iki ərizəyə ayrılıqda qiymət verilməlidir. Belə ki, hazırkı halda iddia müddətinin bərpa edilməsinə münasibətdə məhkəmə həmin ərizəyə ümumiyyətlə baxıla bilməməsini, mümkün sayılmaması məsələsinə aydınlıq gətirəcəkdir ki, iddia müddətinin ötürülməmiş hesab edilməsi isə fərqli qiymətləndirmə tələb etməklə iddianın mümkünlüyü institutu ilə birbaşa bağlıdır. Belə ki, iddia müddəti ötürülməmiş hesab edilərsə ümumiyyətlə iddia müddətinin bərpa edilməsindən, o cümlədən müddət əsası ilə iddianın mümkünlük əsaslarından söhbət gedə bilməz. Odur ki, hazırkı halda ilkin olaraq ümumiyyətlə iddia müddətinin ötürülməmiş hesab edilib-edilməməsi məsələsinə münasibət bildirilməlidir ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli əmrlə o, “Hərbi Xidmətkeçmə haqqında Əsasnməni”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq Əlahiddə helikopter eskadriyasının helikopter manqasında ekipaj komandiri vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. Məhkəmə qeyd etmək istəyir ki, iş materiallarında iddiaçıya sözügedən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:
1. Əmrin elan edilmə tarixi;
2. Hərbi biletdə olan qeydlərin olması;
3. N saylı hərbi hissənin kiçik zabit heyətinin şərəf məhkəməsində iştirak etməsidir. Məhkəmə ilkin olaraq birinci hala münasibətdə bildirir ki,əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar mövcuddur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.6. Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.
138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır ki, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür. Normaların məzmununa gəldikdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqla bağlı işin xüsusiyyətləri nəzərə alınmaqla hərbi qanunvericiliklə hərbi qulluqçularla bağlı əmrlərin onlara rəsmi qaydada təqdim edilməsi əvəzinə elan olunması ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir ki, nəinki vəzifə dəyişikliyi hətta yuxarıda göstərilən Əsasnamənin 165ci maddəsi ilə ehtiyata və ya istifadəyə buraxılma barədə əmrin də rəsmi qaydada yazılı formada təqdim edilməsi nəzərdə tutulmamış, elan edilməsi qaydası müəyyən edilmişdir ki, bu səlahiyyət müvafiq olaraq hərbi hissənin səlahiyyətli şəxsinə aid edilmişdir. Bununla bağlı məhkəmə xüsusi ilə yuxarı instansiya məhkəməsinin formalaşmış mövqeyini qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, “Qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur.” Göründüyü kimi həm qüvvədə olan qanunvericilik, həmçinin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə münasibətdə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur ki, bununla da həmin şəxslər əmrin mövcudluğundan xəbərdar olurlar. Beləliklə qeyd olunan bu hal, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan xx.xx.2019-ci il tarixdə, yəni əmrin elan edildiyi tarixdən xəbərdar olduğunu təsdiq edən dəlillərdən biridir. Məhkəmə ikinci əsasa münasibətdə bildirir ki, iddiaçı barəsində qəbul edilmiş əmr ilə bağlı məlumatlar hərbi biletinin 4-cü səhifəsində göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya hərbi biletin təqdim edilməsi, onun Səfərbərlik Xidmətinin aidiyyəti Şöbəsində qeydiyata alınması üçün əhəmiyyət kəsb edir ki, bununla da onun dolayısı yol ilə əmrdən xəbərdar olması təsdiq olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş 25 dekabr 2019-cu il tarixli əmr – hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Ayrı-ayrılıqda göstərilən hər bir hal üzrə aparılmış təhlil ona dəlalət edir ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (hərbi bilet) verilmişdi və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. İşin bu halında, yalnız inzibati aktın təqdim olunmaması və elan edilməməsinə istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Buna görə də məhkəmə əmrin dəyişdirilməsi tələbi üzrə iddianın mümkün sayılmaması barədə nəticəyə gəlir. Göründüyü kimi müddət ötürülmüşdür və iddia müddəti ötürüldüyündən mümkünlük şərtinin ödənilməməsi ilə bağlı əsas yaradır. Əlavə olaraq nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəməsinin təcrübəsinə görə hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması ilə bağlı yaranmış mübahisələrdə müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsi yoxlanarkən, təkcə mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə təqdim olunmasına qiymət verilmir, mühüm olaraq şəxsin əmrin mövcudluğundan xəbərdar olduğunu təsdiq edən mötəbər məlumat daşıyıcılarının olmasıda qiymətləndirilir. (2-1(102)1809/2020)) Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Son olaraq Məhkəmə diqqətə çatdırır ki, hətta iddiaçı mübahisələndirilən əmr qəbul edilməzdən əvvəl “Hərbi Xidmətkeçmə haqqında Əsasnməni”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyatına buraxılacağından məlumatlı olmuşdur. Belə ki, iş materiallarında olan N saylı hərbi hissənin kiçik zabit heyətinin şərəf məhkəməsini qərarından (çıxarışdan) görünür ki, 04 dekabr 2019-cu il tarixdə hərbi hissənin kiçik zabit heyəti hərbi qulluqçuların şərəf məhkəməsi keçirilmiş, kapitan İddiaçı kiçik zabit heyətinin şərəf məhkəməsinin iclasında dindirilmiş və nəticədə N saylı hərbi hissəsinin helikopter manqasında ekipaj komandiri vəzifəsində xidmət edən kapitan İddiaçı xidməti vəzifə borclarının icrasına məsuliyyətli yanaşmasına baxmayaraq, son vaxtlar vəzifəsininin öhdəsindən gələ bilmədiyi, uçuş işində zəif nəticələr göstəridiyinə, şəxsi peşə hazırlığı istiqamətində çalışmağına, nəzəri bilik və bacarığının aşağı olduğuna görə, öz raportuna əsasən hərbi xidmətə uyğunlaşa bilmədiyinə və verilmiş tapşırıqların icrasına səhlənkar münasibət bəslədiyinə görə, onun Daxili Qoşunların sıralarından Silahlı Qüvvələrə ehtiyata buraxılması barədə X3 müavini – X1rşısında vəsatət qaldırılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı şərəf məhkəməsinin iclasında onun barəsində ehtiyata buraxılma ilə bağlı X3 müavini– X1rşısında vəsatət qaldırılacağından məlumatlı olmuşdur ki, bu da onun yaxın müddət ərzində ehtiyata buraxılmasından xəbərdar olduğunun göstəricisidir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2019-ci il 187 №-li xidmətə uyğunsuzluqla ehtiyata buraxılma barədə əmrdən xx.xx.2019-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmrin dəyişdirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə, yəni 2 il 07 ay 08 gün keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Ümumiyyətlə iddiaçının əmrin mübahisələndirməməsi ilə bağlı gətirdiyi dəlilləridə məhkəmə ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, iddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları ölkə ərazisində pandemiya dövrünün olduğu ilə əlaqələndirsə də, məhkəmə həmin əsaslar müddətin ötürülməmiş hesab edilməsi əsasları qismində çıxış edə bilməz. Həmin əsaslar buraxılmış prosessual müddətin bərpası ilə bağlı nəzərə alına bilərdi ki, müddətin bərpası barədə ərizənin məhkəmədə həmin ərizənin də verilməli olan müddəti ötdüyünə görə baxıla bilməməsi həmin əsaslara qiymət verilməsini prosessual baxımından mümkünsüz edir. Doğrudur ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Koronavirus infeksiyası (COVİD-19) ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində 14 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi tətbiq edilmiş, xüsusi karantin rejiminin uzadılması həyata keçirilmiş və 2022-ci il 1 iyul saat 06:00-dək uzadılması qərara alınmışdır. Qeyd olunmalıdır ki, xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində bir çox sferalar üzrə fəaliyyət dayandırılsa da, hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyətləri dayandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 noyabr tarixli 443 nömrəli Qərarına 2 nömrəli əlavəsindən də göründüyü kimi, fəaliyyətinə icazə verilən sahələr üzrə birinci növbədə məhkəmə orqanlarının pandemiya dövründə fəaliyyəti nəzərdə tutulmudur. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq olunsada, xx.xx.2020-ci il tarixdən məhkəmələrin fəaliyyətinə rəsmi icazə verilmişdir. Başqa sözlə desək, bu müddət ərzində vətəndaşların məhkəmələrə poçt xidməti vasitəsi ilə sənədlərin təqdim edilməsi hüquqları məhdudlaşdırılmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq olunmasını əsas gətirsə də, göstərilən bu hal müddətin ötürülməmiş sayılması əsaslarını ehtiva etmir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, eyni zamanda iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizədən öncə iddiaçı müddətin bərpası barədə ərizə təqdim etmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qüvvədə olan qanunvericilikdə əks olunan normalarda nəzərdə tutulmuş müddət prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmr barədə o, ən azı 25 dekabr 2019-cu il tarixdə məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə əmrin mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, inzibati münasibətləri tənzimləyən İPM-nin müddəalarında prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyü ilə bağlı norma nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, necə ki yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin ərizənin mümkünlüyü ilə bağlı məsələlərdə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, yeni açılmış hallar ilə bağlı ərizəsi olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə müddət məhdudiyyət ilə bağlı ərizələrin qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunması şərti yerinə yetirilməmişdirsə, prosessual qənaət prinsipindən irəli gələrək həmin ərizənin mümkün sayılması qənaətinə gəlinməlidir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Prosessual müddətin ötürülməmiş hesab edilməsi ərizə (vəsatət) rədd edilsin. Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsənov Orxan