Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11061/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyyəti Başçısının xx.xx.2001-ci il tarixli 602 saylı sərəncamı əsasında Kürdəxanı qəsəbəsi 5a saylı yerdə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, yerli icra hakimiyyətlərinin xx.xx.2001-ci il tarixdən vətəndaşlara fərdi yaşayış evinin tikilməsi üçün torpaq ayırmaq səlahiyyəti yoxdur. Lakin, Sabunçu RİH-nin 602 saylı, xx.xx.2001-ci il tarixli sərəncamı ilə əsassız olaraq 1200 kv.m torpaq sahəsi İddiaçı Əlilkərim oğluna ayrılmış və həmin torpaq sahəsinə yerləşmə sxemi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd edilən torpaq sahəsi qanunsuz ayrıldığından və qanunvericiliyin tələbinə zidd olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusunba cavab olaraq Azərbaycan Resspublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2025-ci il tarixli 3-48-2F/2-1246/2025 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2001-ci il tarixli 602 nömrəli “Vətəndaş İddiaçı Əlikram oğluna Kürdəxanı qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” Sərəncamına əsasən İddiaçı Kürdəxanı qəsəbəsində 5"a" saylı 1200,0 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılması; 2)Ayrılmış torpaq sahəsi vətəndaşa Azərbaycan Respublikası Torpaq məcəlləsinin 59-cu maddəsinin İ-ci bəndinin 2-ci abzasına uyğun olaraq verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş yerləşmə sxemindən görünür ki, vətəndaş İddiaçı Əlikram oğluna Kürdəxanı qəsəbəsində ayrılmış eskiz sxemi Cavabdeh Başçısının xx.xx.2001-ci il tarixli 602 saylı sərəncamı ilə təsdiq edilmişdir. Sxem Sabunçu Rayon İHB X1 Müdiri X.Mustafayev tərəfindən imzalanmış, icra hakimiyyətinə aid möhürlə təsdiq edilmiş, ayrılan torpaq sahəsinin nömrəsi 5A və ölçüsünün 1200.0 kv.m təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 5-18/2-K-76- 091/2024 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Cavabdeh başçısının xx.xx.2001ci il tarixli 602 saylı qərarı ilə Kürdəxanı qəsəbəsi, 5a saylı yerdə ayrılmış 1200,0 kv.m. torpaq sahəsinin yerləşmə sxeminin verilməsi ilə bağlı Cavabdehnə daxil olmuş 5-18/1- K-76-091/2024 saylı, xx.xx.2024-cü il tarixli müraciətinizə baxıldı. Bildiririk ki, yerləşmə sxeminini verilməsi ilə bağlı torpaq sahəsinə baxış keçirilərkən məlum olmuşdur ki, qeyd etdiyiniz torpaq sahəsi 2(iki) hissəyə bölünərək ayrı-ayrı vətəndaşlara paylanılmışdır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə torpaq sahəsinin döngə nöqtələrin koordinatlarının ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinizin təmin edilməsi imkan xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, Cavabdeh Başçısının xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmış, iddiaçı həmin torpaq sahəsinə yerləşmə sxeminin çəkilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilən torpaq sahəsinin 2 hissəyə bölünərək ayrı-ayrı vətəndaşlara paylanıldığı, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin, məlumatın olmadığı əsas gətirilərək müraciətin təminindən imtina edilmişdir. İddiaçı hazırkı iddia üzrə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyyəti Başçısının xx.xx.2001-ci il tarixli 602 saylı sərəncamı əsasında Kürdəxanı qəsəbəsi 5a saylı yerdə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin verilməsini mübahisələndirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək;(.....). Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Məhkəmə qeyd edir, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə Bakı Şəhər Cavabdeh xx.xx.2001-ci il tarixli 602 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmiş yerləşmə sxemi (planı) mövcud olmaqla, Cavabdeh Başçısı Aparatının Təsəttüfat Şöbəsinin müdiri X.Mustafayev tərəfindən imzalanmışdır və Cavabdehnə aid Baçısının möhürü ilə də təsdiqlənmişdir. Beləliklə, Bakı Şəhəri Cavabdeh tərəfindən tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi mövcuddur. Belə olan halda aydın olur ki, torpaq sahəsinə əlavə olaraq yenidən yerləşmə cizgisinin tərtibinə qanuni əsas və hüquqi zərurət yoxdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının müraciətindən imtinası, hərəkət və ya hərəkətsizliyi ilə hüquq və qanunla qorunan mənafeləri pozduğunu əsaslandırmamışdır. Odur ki, cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün əsas gətirdiyi dəlillər cavabdeh yerli icra hakimiyyəti orqanına qarşı cizginin tərtibi ilə bağlı iddianın qaldırılmasına əsas verən faktiki əsaslar deyil, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın apardığı inzibati icraat zamanı hüququn qeydiyyatından imtina üçün sübut etməsi tələb olunan faktiki şərtlərdir. Belə ki, hazırkı halda iddiaçının çatmaq istədiyi hüquqi nəticə faktiki istifadə etdiyi torpaq sahəsinə yerləşmə cizgisinin tərtibi deyil, məhz İddiaçı ayrılmış torpaq sahəsinə olan cizginin tərtibidirsə, o zaman hazırkı halda sərəncamla ayrılmış torpaq sahəsinə yerləşmə cizgisi mövcud olduğu müəyyən olunduğundan, onun hüquqi marağı İddiaçı ayrılmış torpaq sahəsinə yenidən, yeni bir yerləşmə cizgisini tərtib etməsi ilə deyil, sərəncamla ayrılmış və faktiki istifadədə olan torpaq sahəsinə hüququnun qeydiyyata alınması ilə bağlı reyestr orqanına qarşı qaldıracağı iddia icraatında öz qanuni həllini tapa bilər. Odur ki, hazırkı iddianın qaldırılmasına iddiaçının qanunla qorunan hüquqi marağı da müəyyən olunmur. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11061/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11061/2025
25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver