Məhkəmə qərarları › İş №e-2-1(112)-11062/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11062/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11062/2023 30.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarın ləğvi və pensiyanın yenidən hesablanması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, 1979cu ildən əmək fəaliyyəti ilə məşğul olaraq Əmək fəaliyyətinin əksər hissəsini 1993-cü ildən- 2015-ci ilədək MN-də müxtəlif vəzifələrdə çalışaraq 2015-ci ildən pensiya çıxmışdır). 02.12 2015-ci ildən X1 şirkətində müxtəlif vəzifələrdə çalışmaqla ümumilikdə 100000 manatdan artıq pensiya sığorta kapitalı toplanmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarını müəyyən edərək göstərmişdir ki, 37.3.İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalarbu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bır həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına edilmiş müraciətə bildiririmişdir ki, sizə Mərkəzi Filial tərəfindən 6 fevral 2015-ci il tarixindən hərbi qulluçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1123,28 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -Əmək pensiyasının sığorta hissəsi - 351,55 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz -771,73 manat. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 11 fevral 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığınız pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası tayin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 75220,16 manat pensiya sığorta kapitalı əsasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 mart 2022-ci il tarixinə əmək pensiyanızın sığorta hissəsi 892,70 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 230,58 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub.Göründüyü kimi hec bir hüquqi məntiqə sığmayan yanaşma aşağıda qeyd edilənlər nəzərə alınmaqla qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündər sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2015-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1123,28 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: Əmək pensiyasının sığorta hissəsi - 351,55 manat; Qulluq stajına görə əmək pensiyasına əlavə - 771,73 manat. K.Ş.X3 əmək pensiyasının yenidən hesablanması ilə bağlı 11 fevral 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 75220,16 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 mart 2022-ci il tarixinə iddiaçıya məxsus əmək pensiyasının sığorta hissəsi 892,70 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 230,58 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız iddiaçının müraciətinə əsasən istifadə olunub. Buna görə də 1 mart 2022-ci il tarixə İddiaçı topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən ona təyin edilmiş əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X4 mövcud olan məlumatlara əsasən İddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinindən ona təyin edilmiş əmək pensiyasının 1 mart 2022ci il tarixdən sonra topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. İddiaçının əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyası topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı 1 mart 2022-ci il tarixdən 6 il keçdikdən sonra baxıla bilər. İddiaçıya təyin edilmiş əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub.Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Göstərilənlərə əsasən İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. Beləliklə, məhkəmədən qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “pensiyanın yenidən hesablanması” tələbinə dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlu xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək **********7 nömrəli, xx.xx.2022-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-152306/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya işinə dair sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HOXRŞİD rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli, 15/532 nömrəli Qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir. -Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxsin) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Müdafiə Nazirliyinin 02513 nömrəli məlumat vərəqəsinə əsasən təqvim xidmət illəri: 21 il, 11 ay, 03 gün, güzəştli xidmət illəri: 08 il, 05 ay, 27 gün, cəmi: 30 il, 05 ay təşkil edir. İddiaçı xx.xx.2015-ci ildə xəstəliyə görə tərxis olunmuşdur. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 468,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 150,50 manat, ərzaq payı əvəzi kompensasiya 64,00 manat olmaqla, 1-ci məharət dərəcəsinə görə 25% olmaqla 117 manat, cəmi 933,50 manat təşkil etmişdir. Təqdim olunmuş inzibati icraat materiallarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********7 nömrəli Qərarından görünür ki, iddiaçnın hazırki pensiya məbləği 1123 manat 28 qəpik təşkil edir. İddiaçının təminat xərcliyi - vəzifə maaşı 710,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə əlavə 25% olmaqla 216,00 manat, ərzaq payı 64,00 manat, məharət dərəcəsinə görə 25 faiz olmaqla 177,50 manat, cəmi 1321 manat, 50 qəpik təşkil etmişdir. SH= 351,55 manat, QƏ= 771,73 manat. Yenidən hesablanmış pensiya məbləği 1123 manat 28 qəpik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-67614/2023 nömrəli pensiya məbləğinin hesablanması haqqında məktubda bildirilmişdir ki, sizə Mərkəzi Filial tərəfindən 6 fevral 2015-ci il tarixindən hərbi qulluçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1123,28 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi - 351,55 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz - 771,73 manat. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 11 fevral 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığınız pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 75220,16 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 1 mart 2022-ci il tarixinə əmək pensiyanızın sığorta hissəsi 892,70 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 230,58 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub. Buna görə də 1 mart 2022-ci il tarixinə topladığınız pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X4 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kimi işləməyə davam etdiyiniz üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyinizdən əmək pensiyanızın 1 mart 2022-ci il tarixindən sonra topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab olunmur. Əmək pensiyanızın yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz halda və ya işləyən əmək pensiyaçısı kimi pensiyanızın topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı 1 mart 2022-ci il tarixindən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 1235,61 manat müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1417,24 manata artırılmaqla ödənilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən hərbi qulluqçu kimi pensiya təyin edilmiş, iddiaçı pensiyaya çıxdıqdan sonra müxəlif vəzifələrdə işləmiş və 6 il və daha çox işlədikdən sonra sığorta hesabında işlədiyi dövr üzrə pensiya kapitalı toplanmışdır. İddiaçı toplanmış kapitalın pensiyasına əlavə edilərək yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə pensiyası yenidən hesablanmışdır. Cavabdehin mövqeyinə görə yenidən hesablama zamanı ƏPQ-nun 29.2-ci maddəsi qüvvdə olmuş və Qanunun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə əsasən əmək pensiyasını pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablama zamanı qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablama aparıla bilməz. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 75220,16 manat pensiya sığorta kapitalı qeydə alınmış, həmin kapital “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanmış, nəticədə 1 mart 2022-ci il tarixinə əmək pensiyasının sığorta hissəsi 892,70 manat, qulluq stajına görə əmək pensiyanıza əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 230,58 manat müəyyən edilmişdir. Hazırkı halda iddiaçının xx.xx.2022-ci il tarixinə topladığı pensiya kapitalı yenidən hesablama zamanı istifadə edilmiş, iddiaçının növbəti dəfə 6 il işlədikdən sonra yığılmış pensiya kapiatlı əsasında yenidən hesablama aparıla bilər. Hazırkı iddiasında iddiaçı cavabdehin pensiyanın qeyd edilən qaydada hesablanması ilə razılaşmır, peniyanın yenidən hesablanması barədə qərarının ləğvini və təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamaqla yenidən hesablanmasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin pensiya təyin edildiyi gündən 6 il işlədikdən sonra toplanmış pensiya kapitalının yenidən hesablanması düzgün aparılmadığından cavabdehin pensiya kapitalının istifadə olunması əsası ilə pensiyanın yenidən hesablanması barədə müraciətin təminindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). ƏPQ-nun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvədə olan redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən həmin qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Beləliklə, xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Qeyd edilməlidir ki, Qanunun 37.3.1-ci maddəsinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Xüsusi rütbəli şəxslərdə isə bu zaman əmək pensiyasının qulluq illərinə görə əlavənin deyil, pensiyanın sığorta hissəsinin yenidən hesablanması nəzərdə tutulur. Belə ki, qulluq illərinə əlavənin hesablanması qaydası iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Göründüyü kimi xüsusi rütbəli şəxslərə, o cümlədən hərbi qulluçulara ödənilən qulluq stajına görə əlavənin məbləği iki halda yenidən hesablana bilər: 1.əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə - bu zaman qulluq illərinə görə əlavənin məbləği artım qədər azaldılır; 2.həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda – bu zaman qulluq illərinə görə əlavənin məbləği artıma uyğun olaraq artırılır. Birinci hal, yəni əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən həyata keçirilir. ƏPQ-nun iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilir. İndeksləşdirmə Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan 6.2.-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Beləliklə, qulluq illərinə əlavə də indeksləşdirmə kimi bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. Belə ki, Qanunun 29.2-ci maddəsinə, eləcə də Qaydanın 2.1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirildikdə və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmaqla yenidən hesablanması nəzərdə tutulmuşdu. Bu zaman iki dövlət təminatının eyni anda tətbiq edilməməsi, təminatın eyni səviyyədə saxlanmasının həyata keçirilməsi üçün qanunverici birbaşa olaraq əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi və ya belə bir indeksləşdirmə nəticəsində yaranacaq yenidən hesablanma nəticəsində artırılmış məbləğin qulluq stajına görə əlavədən çıxılmasını təsbit etmişdir. Hazırkı iş üzrə cavabdeh iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini yenidən hesablayarkən sığorta hissəsinin indeksləşdirilməsi halı mövcud olmamışdır. Hərbi qulluqçunun qulluq stajına görə əlavəsinin məbləğinin yenidən hesablanmasının ikinci halı şəxsin işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqının artırılması ilə bağlıdır. İddiaçının işləmiş olduğu vəzifə üzrə aylıq əmək haqqının artırılması halı isə baş verməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğinin hesablanması üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir hal mövcud olmadığı müəyyən olunur. İş üzrə iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləğinin deyil, sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasını, daha doğrusu, pensiyanın sığorta hissəsini Qanunun 37-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və nəticədə iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Beləliklə, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən iddiaçıya Qanunun 29.2ci maddəsinin tətbiqi qanuni hesab edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq (...). Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları (...). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları (...). Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. İddiaçı pensiya təyin edildikdən sonra işləmiş və pensiya kapitalının formalaşdırılması üçün onun aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya təyin edilmiş əmək pensiyasını xx.xx.2022-ci il tarixli qərarda göstərilən qaydada hesablayarkən istinad etdiyi Qanunun 29.2-ci maddəsi (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VİQD nömrəli Qanunu ilə ləğv edilmişdir. Həmin Qanun xx.xx.2023-cü il tarixdən qüvvəyə minsə də, qeyd edilməlidir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. İddiaçı əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar