Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11084/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X2) qarşı “torpaq sahəsinə və fərdi yaşayış evinə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi rayonu, Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi bağ evinə İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq ona dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış 130 saylı 30 noyabr 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Binəqədi rayonu Novxanı bağ massivində 1200 kv.m. torpaq sahəsi (faktiki olaraq 1118 kv.m. torpaq sahəsi) fərdi bağ evinin tikintisi üçün iddiaçıya uzun müddətli istifadəyə verilib. İddiaçı “X4” MMC-nin hazırladığı layihə əsasında həmin torpaq sahəsində fərdi bağ evi inşa edib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti həmin lahiyəni təsdiq edib və 10 sentyabr 2023-cü il tarixli cavabla bildirib ki, hüquqların rəsmiləşdirilməsi üçün təsdiq olunmuş layihə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 10-cu maddəsinə əsasən Binəqədi rayonu Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş fərdi bağ evinə hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını üçün 06 may 2024-cü il tarixli müraciət cavabdehə göndərilib. Cavabdehin 03 iyun 2024-cü il tarixli imtina məktubunu 06 iyun 2024-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Cavabdeh heç bir hüquqi əsas olmadan imtina məktubunda torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmamasını bildirmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı olmasına baxmayaraq təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Bundan əlavə qeyd torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə orqanının müvafiq qərarı təqdim edilməmişdir. Qeyd olunanlarla yanaşı elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Ləhiş bağ massivinin ərazisidir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür, bir hissəsinə isə digər fiziki şəxsin (X2) idarəyə müraciəti qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 130 nömrəli müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və icarəçi İddiaçı arasında Binəqədi rayonu Novxanı bağ massivi 1200 kv.metr torpaq sahəsinin 99 il müddətinə fərdi bağ evinin tikintisi üçün icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.
6. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli 03/13-10-7/M-229-151 nömrəli məktubunda qeyd edilmişdir ki, inşa edilmiş mövcud İ (bir) mərtəbəli bağ evinin təqdim olunmuş layihəsi (“X4" MMC-nin işi) (İ mərtəbə: terras - 30,08 kv.m, istirahət otağı - 46,83 kv.m, holl - 44,94 kv.m, mətbəx - 40,68 kv.m, zal - 42,68 kv.m, camaşırxana - 12,24 kv.m, dərs otağı - 24,40 kv.m, yataq otağı - 18,36 kv.m, 22,00 kv.m, 14,18 kv.m, 14,40 kv.m, s/q - 3,06 kv.m, 6,48 kv.m, 7,20 kv.m,) təsdiqlənərək təqdim edilir.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən faktiki sahəsi 1118 kv.m. təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və həyət tikilisi inşa olunmuşdur.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1084h saylı, 0,12 ha bağ sahəsi X7 məxsusdur.
9. X6 notarial qaydada təsdiq edilmiş məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona məxsus Binəqədi rayonu Novxanı bağ massivində torpaq sahəsi mövcuddur. Həmin bağ sahəsi İddiaçı məxsus torpaq sahəsi ilə bitişik ərazidə yerləşir. Torpaq sahəsi paylanarkən sürüşdürmə sürüşmə baş verməsi səbəbindən onun torpaq sahəsinin az bir hissəsi ilə İddiaçı məxsus torpaq sahəsinin az bir hissəsi (0.004 ha) üst-üstə düşüb. Üst-üstə düşmüş torpaq sahəsi İddiaçı faktik sahiblik və istifadəsində olduğu üçün həmin hissədən İddiaçı xeyrinə imtina edir. Bununla bağlı İddiaçı ilə müvafiq sənədləşmə aparacaqdır.
10. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş situasiya planınına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində İddiaçı bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (1200 kv.m) situasiya planı tərtib edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
23. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh orqana müraciəti fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd alınması ilə bağlı olmasına baxmayaraq, cavabdehin imtinası, həmçinin iddiaya yazılı etirazı yalnız torpaq sahəsinə münasibətdə olmuşdur.
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən torpağın faktiki sahəsi 1118 kv.m. təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və həyət tikilisi inşa olunmuşdur.
25. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanan xx.xx.2021-ci il tarixli mətubuna əsasən Binəqədi rayonu, Novxanı bağlar massivində inşa edilmiş 1 (bir) mərtəbəli bağ evinin təqdim olunmuş layihəsi (“X4" MMC-nin işi) (İ mərtəbə: terras - 30,08 kv.m, istirahət otağı - 46,83 kv.m, holl - 44,94 kv.m, mətbəx - 40,68 kv.m, zal - 42,68 kv.m, camaşırxana - 12,24 kv.m, dərs otağı - 24,40 kv.m, yataq otağı - 18,36 kv.m, 22,00 kv.m, 14,18 kv.m, 14,40 kv.m, s/q - 3,06 kv.m, 6,48 kv.m, 7,20 kv.m,) təsdiq edilmişdir.
26. Məhkəmə nəzərə alır ki, Binəqədi Rayonu İcra Hakimiyyətinin inşa edilmiş bağ evinin mövcud vəziyyətdə layihəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin dispozisiya şərtinə əsasən məlumatlandırma icraatının şərtlərinə uyğundur.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra - xx.xx.2021-ci il tarixində tikinti barədə Binəqədi Rayon İcra Hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilmişdir.
28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
29. İddia tələbinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi və məhkəmə sorğusu əsasında əldə edilən sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Belə ki, xx.xx.2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 130 nömrəli müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və icarəçi İddiaçı arasında Binəqədi rayonu Novxanı bağ massivi 1200 kv.metr torpaq sahəsinin 99 il müddətinə fərdi bağ evinin tikintisi üçün icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır.
30. Beləliklə, iddiaçının təqdim etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq, dövlət reyestrindən çıxarış verilməsi üçün əsas deyil.
31. Bütün yuxarıda qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində 1118 kv.m. torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva