Məhkəmə qərarları › İş №e-2-1(112)-111/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-111/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-111/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının torpaqlarının keşiyində duran əsgər balası X6 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olması, şəhid ailəsi vəsiqəsinin mərhum ərinin vəfatından sonra onun adına keçirilməsinə dair arayışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətkeçmə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi və icrası barədə məlumatın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qəraradadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi ilə əvəz edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 01 avqust 1955-ci ildə Lerik rayonunda anadan olmuşdur. X9 ilə 01 aprel 1976-cı ildə rəsmi nikaha daxil olaraq evlənmişdirlər. Birgə nikahdan onun 3 uşağı var. 24 may 2007-ci il tarixdə mərhum əri X4 ürək damar çatışmazlığı diaqnozu ilə rəhmətə getmişdir. 28 mart 1980-ci təvəllüdlü oğlu X10 1998-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin xidmətə çağrılmışdır. Oğlu xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Mərhum oğlunun ölüm haqqında şəhadətnaməsində “ölümünin səbəbi qrafasında” Bədənin küt travması, daxili qanaxma, dalağın çanaq hissəsinin partlaması, sol böyrəyin subxansuyar və sağ xayalığın ximatomaları, nazik bağırsağın və mədə divarlarında qansızma göstərilmiş, o cümlədən ölüm haqqında şəhadətnamədə oğlunun xidməti vəzifəsinin yerinə yetirərkən rəhmətə getməsi qeyd edilmişdir. Hətta mərhum oğlu şəhid kimi Bakı şəhəri, Keşlə şəhidlər xiyabanında dəfn edilmiş, o zaman oğlunun şəhid olması barədə Kriminal qəzetinin 15-22 may N-cu il tarixli buraxılışında “Ana laylası, ana fəryadı” adlı məqalədə, Vəli Həbib oğlunun “Keşlə şəhidləri” adlı kitabının 156-157-ci səhifəsində şəhid olması barədə məqalə nəşr olunmuş və şəhid bası anılmışdır. Oğlu hərbi xidmət zamanı rəhmətə getdiyindən o zaman mərhum ərinə 10 iyun N-cu il tarixdə şəhid adı vəsiqəsi verilmişdir. Lakin mərhum ərinə şəhid adı vəsiqəsi verilsə də, şəhid ailəsi kimi ailəsinə düşən güzəştlər onlara şamil olunmamışdır. Bu illər ərzində şəhid ailəsi kimi qanunvericiliyin tələbinə uyğun aylıq təqaüdün verilməsindən şifahi formada imtina edilmişdir. Onun şəhid ailəsi kimi qanunvericiliyin tələblərinə əsasən şəhid ailələri üçün olan güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Məhrum əri rəhmətə getdikdən sonra o aidiyyatı orqana müraciət edərək ərinə verilmiş şəhid adını onun adına keçirilməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 18 fevral 2022-ci il tarixli, **********0 saylı məktubuna əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunması və şəhid və şəhid ailəsi statusunun verilməsi ilə bağlı aidiyyatı orqanlara müraciət olunmağı bildirilmişdir. Bundan sonra o, Səfərbərlik və Hərbi Xidmətkeçmə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək oğlunun xidməti vəzifəsinin yerinə yetirərkən həlak olması ilə bağlı oğlunun şəhid hesab edilməsi barədə arayışın verilməsi barədə xahiş etmişdir. O, özü də İİ qrup əlil, daim həkim nəzarətində olan insan kimi o zaman şikayət etməyə imkanı olmadı. Hətta onun xəstə olmağı şikayət etmək hüququnun həyata keçirməyə belə mane olmuşdur. AO № ******* saylı hərbi biletində oğlunun N oktyabr 1998-ci il tarixində N saylı hərbi hissədə hərbi xidmətdə olması və N may N-cu il tarixində “yıxılma nəticəsində aldığı xəsarətdən” həlak olması öz təsdiqni tapmışdır. N saylı Hərbi Hissənin komandiri polkovnik-leytenantı R.H.Hüseynovun N may N-cu il tarixli, 10 saylı bildirişində oğlu X10 1998-ci ildə Bakı şəhəri, Nizami RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, N saylı hərbi hissədə xidmətdə olarkən N may N-cu il tarixində xidməti vəzifələrinin yerinə yetirərkən yıxılma nəticəsində aldığı xəsarətdən həlak olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğun 11 aprel 2022-ci il tarixli, HP12/128 saylı məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən X10 N oktyabr 1998-ci il tarixində şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlara daxil edilməklə əsgər rütbəsi verilmiş, hərbi hissə komandirinin N may N-cu il tarixli 134 nömrəli əmrinə əsasən xidməti vəzifələrini yerinə yetirərkən N may N-cu il tarixdə yıxılma nəticəsində aldığı xəsarətlərdən həlak olmuş və Müdafiə Nazirliyinin Məhkəmə X5-Qazax Rejional ekspertiza bölməsinin 07 may N-cu il tarixli 20 saylı ölüm haqqında həkim şəhadətnaməsinə əsasən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Həmçinin bildirililmişdir ki, X6 N may N-cu il tarixdə posta gedən zaman almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir araşdırma aparılmamış, faktla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Qeyd etdiyi kimi məhrum oğlu N saylı hərbi xidmətdə olarkən, ən əsası isə posta gedərkən onun yüksək dağ başında yıxılması nəticəsində həlak olması əsasən onun xidməti vəzifələrinin yerinə yetirərkən həlak olması ölüm haqqında şəhadətnamə göstərilmiş, hətta hərbi hissə komandanlığının bildirişi, Müdafiə Nazirliyinin arayışı əsasında mərhum ərinə Nizami rayon DSMF tərəfindən şəhidlik vəsiqəsi verilmişdir. Oğlu N saylı hərbi hissədə xidmət etməsi həmin hərbi hissənin ön cəbhə sayılması, eləcə də döyüş şəraitində olan hərbi hissə hesab olunması, hərbi hissənin Ermənistan Respublikası ilə həmsərhəd olması hamıya məlumdur. Həmin hərbi hissənin postları uca sıldırım dağ başında yerləşməsi, həmin zaman oğlumun posta qalxması və enməsi döyüş tapşırığını yerinə yetirilməsi hesab olunur. Göründüyü kimi, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı oğlumun həlak olması onun şəhid hesab olunması üçün əsasdır.

4. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələblərinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. X6 hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Nizami rayon idarəsi olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Sözügedən Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir II. İddianın növü

7. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar

10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-3438 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami RHK-dan çağırılmış, 1980-ci il təvəllüdlü X10 N №-li hərbi hissə komandirinin N oktyabr 1998-ci il tarixli 283 №-li əmrilə (əsas: § 1, sıra 23, səh 195, əmrdə vəzifəsi göstərilməyib) “əsgər” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.N-cu il tarixdə “yıxılma nəticəsində aldığı xəsarətdən” həlak olmuş 4-cü MAT-un əsgəri X10 N №-li hərbi hissə komandirinin N may N-cu il tarixli 132 №-li əmrilə (əsas: § 13, səh 95) bütün növ təminatlardan çıxarılmışdır. Xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.N-cu il tarixdə “yıxılma nəticəsində aldığı xəsarətdən” həlak olmuş və ölümün səbəbini aydınlaşdırmaq üçün sənədləri hazırlanıb Qazax Qarnizonu Hərbi Prokurorluğuna göndərilmiş 4-cü MAT-un əsgəri X10 MN MMTE-nin Gəncə-Qazax Regional MTE-si Gəncə şəhər şöbəsinin xx.xx.N-cu il tarixli 20 №-li “Ölüm haqqında həkim şəhadətnaməsinə” əsasən N №-li hərbi hissə komandirinin N may N-cu il tarixli 134 №-li əmrilə (əsas: § 2, səh 98) şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Bakı şəhəri Nizami RHK-na göndərilmişdir.

11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-14/2-1525/24 nömrəli məktubunda qeyd edilmişdir ki, X10 xidməti vəzifəsini yerinə yetirərkən yıxılma nəticəsində aldığı xəsarətdən həlak olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində, X8 və Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində aparılan X11 Məlumat Sistemində İ.K.Rzayevin xidməti vəzifəsinin icrasını həyata keçirərkən döyüş təminatı və ya döyüş tapşırığına dair funksiyaları yerinə yetirib-yetirməməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.N-cu il tarixədək olan dövr ərzində N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissə olmuşdur.

12. Azərbaycan Respublikasının Hərbi prokurorluğunun xx.xx.2022-ci il tarixli HP12/128 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən İ.K.Rzayev xx.xx.1998-ci il tarixdə şəxsi heyətin siyahısına salınmış və bütün növ təminatlara daxil edilməklə əsgər rütbəsi verilmişdir. Hərbi hissə komandirinin xx.xx.N-cu il tarixli 134 nömrəli əmrinə əsasən xidməti vəzifələrini yerinə yetirərkən xx.xx.N-cu il tarixdə yıxılma nəticəsində aldığı xəsarətlərdən həlak olmuş və Müdafiə Nazirliyinin Məhkəmə X5-Qazax Regional ekspertiza bölməsinin xx.xx.N-cu il tarixli 20 saylı ölüm haqqında həkim şəhadətnaməsinə əsasən hərbi hissəsinin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Bakı şəhər Nərimanov RHK-na göndərilmşdir.

13. Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/2-1331 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 05 №-li əmrində 1998-ci ildə və xx.xx.N-cu il tarixli 041 №-li əmrində N-cü ildə 3-cü Ordu korpusunun döyüş əməliyyatlarıda iştirak etmiş hesab olunmuşdur. IV. Məhkəmənin mövqeyi

14. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının oğlu X10 1998-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağrılmış, xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. X6 ölüm haqqında şəhadətnaməsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etməsi qeyd edilmişdir, şəhid kimi Bakı şəhəri, Keşlə şəhidlər xiyabanında dəfn edilmişdir. İddiaçının mərhum əri X7 10 iyun N-cu il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən vəsiqəsi verilmişdir. Baxmayaraq ki, iddiaçının mərhum ərinə həmin vəsiqə verilmişdir, şəhid ailəsi kimi ailəsinə düşən güzəştlər onlara şamil olunmamışdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.2. valideynləri; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir.

16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

17. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar.

19. Məhkəmə qeyd edir ki, N saylı hərbi hissənin ön xətində yerləşən tağımının ərazisindən əsgər X10 düşmənlə təmasda olan posta yüksək dağ başına çıxılmaqla xidmət etməsi və onun uca dağ başından yıxılması işin mübahisəsiz haldır. Müdafiə Nazirliyinin xx.xx.2023cü il tarixli, 1873 saylı sorğuya cavab olaraq məktubunda bildirmişdir ki, N saylı hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunur.

20. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən Müdafiə Nazirliyinə X6 həlak olması (xidməti vəzifələrinin icrasının mənasının açıqlanmasına dair) barədə dəfələrlə sorğu verilmişdir. X2 xidməti vəzifəsinin icrasının nədən ibarət olmasını və N saylı hərbi hissənin Ermənistan Respublikası ilə sərhəd hissəsi olub-olmaması, həmin hərbi hissədə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi N saylı hərbi hissə tərəfindən icra olunub-olmaması barədə (əmrlər göstəilməklə), N saylı hərbi hissə xidmət etdiyi ərazidə Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizə olunması Dövlət Sərhəd Xidmətinə təhvil verilib-verilməməsi barədə (əmrlər göstəilməklə) məhkəmə sorğuları cavablandırılmamışdır.

21. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar mərhumun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması qənaətinə gəlməyə əsas verir.

22. Beləliklə N saylı hərbi hissə Ermənistan Respublikası ilə həmsərhəd olan döyüş əməliyyatlarında iştirak edən hərbi hissədir. Məhkəmə hesab edir ki, X6 N saylı hərbi hissədə xidmət etməsi, hərbi hissənin dövlət sərhəd mühafizəsini icra olunması üçün əsgərin posta uca dağ başına qalxması və enməsi, onun uca dağ başından yıxılmasının və həlak olması, vəfatından sonra atasına “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən vəsiqəsinin verilməsi, eləcə də şəhid kimi Bakı şəhəri Keşlə şəhidlər xiyabanında dəfn edilməsi iddianın təmin edilməsi üçün yetərlidir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. X6 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olması, şəhid ailəsi vəsiqəsinin mərhum ərinin vəfatından sonra İddiaçı adına keçirilməsinə dair arayışın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar