Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11100/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX-yə) qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırkı iş üzrə ona münasibətdə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə AR Xalq Təhsili Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuş və 1993-cü ildə həmin texnikumu bitirərək diplom almışdır. 1990ci ildən Bakı şəhərində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1994-cü ildə Bakı Səadət Sarayı tərəfindən verilmiş və 2013 nömrə ilə qeydə alınmış nikahla İran İslam Respublikası vətəndaşı olan X12 ilə ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra İran İslam Respublikasına getmiş və xx.xx.1997-ci il tarixdə ona İran İslam Respublikasının vətəndaşlığı verilmişdir. İddiaçı doğulduğu tarixdən həmin müddətədək Bakı şəhərində yaşamış və Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Hətta iddiaçının Azərbaycan Respublikasında Fərdi İdentifikasiya Nömrəsi (FİN) də vardır (9TFJU7K). İddiaçının valideynləri də Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. X2 xx.xx.1944-cü il tarixdə Bakı şəhərində anadan olmuş və xx.xx.1975-ci ildə vəfat etmişdir. Anası xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçının qardaş və bacıları da Azərbaycan Respublikasının vətəndaşlarıdır. Beləliklə, iddiaçı Azərbaycan Respublikasında doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Heç vaxt Azərbaycan vətəndaşlığından imtina etməmişdir. Həmçinin iddiaçının vətəndaşlığının itirilməsi ilə bağlı heç bir məhkəmə qərarı olmamışdır. Mütəmadi olaraq olaraq vətənə gəlib-gedir. Vətəninə maddi və mənəvi bağlılığı vardır. Valideynləri vəfat etdikdən sonra anasına məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı vərəsəlik haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir və sentyabr ayında ona həmin şəhadətnamə təqdim ediləcəkdir. Lakin 2025-ci ilin aprel ayında şəxsiyyət vəsiqəsi əldə etmək üçün müvafiq orqana müraciət etdikdə ona bildirilmişdir ki, AR Dövlət Miqrasiya Xidmətindən “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması” haqqında Qərarı alaraq onlara təqdim etməlidir. İddiaçı həmin vaxt bildirmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşlığını itirmədiyi üçün bu Qərara ehtiyacı yoxdur. Lakin ondan bu sənəd israrla tələb edildiyi üçün məcbur olaraq xx.xx.2025-ci il tarixdə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən xx.xx.2025-ci il tarixdə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması” haqqında ******* saylı Qərar qəbul edilmişdir. İddiaçı qeyd edilən qərarı qanunsuz və əsassız hesab edir, belə ki, iddiaçı Azərbaycanda doğulmuş, burada yaşamış, təhsil almış, əmək fəaliyyətinə başlamış, nikaha daxil olmuşdur. Valideynləri və digər qohumları Azərbaycan Respublikasının vətəndaşlarıdır. İddiaçı vətənini sevir və vətəninə bağlılığı vardır. Məhz bu səbəbdən də özünü xarici vətəndaş hesab etmir. Vətəninə gəldikdə əcnəbi vətəndaş kimi qarşılanması artıq ona mənəvi əziyyət verir. Belə ki, əvvəllər gənc olduğu zaman bu kimi hallar bir o qədər təsir etməsə də, artıq yaşlandıqca mənfi təsirləri hiss edir. O, vətəninə gəldikdə 1 aylıq müddətinə olduğu yer üzrə qeydiyyata alınır ki, həmin müddətin tamamınadək vətənini tərk etməlidir. Eyni zamanda doğma vətəninə viza ilə gəlməsi də növbəti çətinlik törədən haldır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-cü yarımbəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2025-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs İran İslam Respublikasının vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla xx.xx.2025ci il tarixdə ölkə ərazisinə giriş etmiş, xx.xx.2025-ci il tarixdə isə ölkə ərazisindən çıxış etmişdir. Göründüyü kimi, iddiaçı Xidmətin araşdırmasına qədər İran İslam Respublikasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Belə ki, Konvensiyanın 4.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə-həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa-verir. Şəxs doğularkən onun valideynlərinin vətəndaşlığı eyni olmayıbsa, maraqlı şəxsin vətəndaşlığının atasının, yaxud anasının vətəndaşlığı üzrə getməsi məsələsi Razılığa gələn həmin Dövlətin qanunvericiliyi əsasında müəyyən edilir. Yəni şəxs vətəndaşlıq iddia etdiyi dövlətin ərazisində doğulmamışdırsa və vətəndaşlığı yoxdursa, həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa, o zaman Dövlət ona öz vətəndaşlığını verir. Əlavə olaraq qeyd edilir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Bununla da, sözügedən Qaydanın əsas məqsədinin vətəndaşsızlıq hallarının aradan qaldırılması olduğu görülməkdədir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı. Göründüyü kimi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vətəndaşlığı itirilməsi üçün əsas olduğundan mahiyyət etibarilə “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəalarına və o cümlədən, qanunvericiliyin yuxarıda göstərilən müddəalarına ziddir. Eyni zamanda qeyd olunmalıdır ki, şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi yazılı mülahizədə bildirmişdir ki, ilkin məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirdi ki, iş üzrə iddiaçı heç vaxt Azərbaycan Respublkasının vətəndaşı olmamışdır. Həmçinin o, əlavə etdi ki, iddiaçı Azərbaycan Respublikası müstəqillik əldə etdikdən, yəni xx.xx.1991-ci ildən “Azerbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun qəbul edilənədək olan müddət ərzində Azərbaycan SSRİ-nin vətəndaşı olmuşdur. Bildirdiyinə görə, ümumiyyətlə Qanun qəbul edilənədək olan dövr ərzində bütün ölkə əhalisi Azərbaycan SSRi-nin vətəndaşları olmuşdur. Hətta prossesdə “SSRİ həmin vaxt mövcud olmayıb” sualına cavabda bildirdi ki, SSRİ mövcud olmasa da, Azərbaycan Respublikasının əhalisi Azərbaycan SSRİ vətəndaşları idi. Lakin iddiaçı tərəf qeyd edir ki, “Azərbaycan SSR vətəndaşlığı” adında anlayış heç vaxt olmamışdır. Həmin dövrdə bütün ittifaq ölkələrinin əhalisi vahid SSRİ vətəndaşları ididlər. (SSRİ vətəndaşlarının passportlarında da məhz bu qeyd edilmişdir) Beləliklə, tərəfindən qaldırılan iddia üzrə cavabdeh iddiaçının heç vaxt Azərbaycan Respublikası vətəndaşı olmamasını əsas gətirərək onun barəsində məhz bu səbəbdən “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması” haqqında qərarın qəbul edildiyini bildirmişdir. Lakin aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin iddia tələbi üzrə yanaşması yanlışdır. Belə ki, iddiaçı xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə AR Xalq Təhsili Nazirliyi Bakı Yeyinti Sənayesi Texnikumuna daxil olmuş və 1993-cü ildə həmin texnikumu bitirərək diplom almışdır, iddiaçı doğulduğu tarixdən həmin müddətədək Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. (AR DİN Baş Passport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu) 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin 2-ci bəndinə əsasən Azerbaycan xalqı Azərbaycan Respublikası erazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir. Konstitusiyanın müvafiq normasından görünür ki, 1995-ci ildə artıq Azərbaycan Respublikası vətəndaşlığı var idi və həmin normanın tələbinə əsasən iddiaçı da Zərbaycan Respublikası vətəndaşı idi. b) Konstitusiyanın 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azerbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azerbaycan Respublikasının vətəndaşıdır. Hazırkı halda iddiaçı Azərbaycan Respublikası vətəndaşından və Azərbaycan Respublikasının ərazisində doğulmuşdur. c) Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası 1918-ci il mayın 28-den 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Həmin aktın 3-cü maddəsinə əsasən SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır. Aktın 29-cu maddəsinə əsasən Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Normalardan göründüyü kimi ölkəmiz 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir və SSRİ ilə əlaqədar imzlanmış müqavilə etibarsız hesab edilmişdir. Belə olan halda aydın olur ki, Müstəqillik Aktı qəbul edildikdən sonra Azərbaycanda yaşayan şəxslər ya Azərbaycan Respublikası vətəndaşı ya əcnəbi vətəndaş ya da vətəndaşlığı olmayan şəxslər qrupuna bölünmüşdür. Burda cavabdehin əsaslandırmağa çalışdığı Azərbaycan SSRİ vətəndaşlığından söhbət gedə bilməz. d) “Azərbaycan Respublikası Vətəndaşlığı Haqqında” Qanunun 5-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olduğu halda Azərbaycan Respublikasının vətəndaşı sayılırlar. Hazırkı halda iddiaçı 1989-cu ildə bu günədək ünvan 3 ünvanında qeydiyyatda olmaqla Qanunun tələbinə əsasən Azərbaycan Respublikası vətəndaşı sayılır. Yəni Qanunun məntiqinə əsasən SSRi-nin süqutundan sonra Azərbaycan Respublikasında yaşayan şəxslər SSRİ vətəndaşı ola bilməzdi. Bu tamamilə absurd yanaşma olmaqla bir çox suallar yaradır. Beləliklə, müəyyən olunur ki, iddiaçı Qanun qəbul edilən dövrədək Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Konstitusiyanın 53-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. b) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinə əsasən şəxsin vətəndaşlığına xitam verilmədikdə, şəxs vətəndaşlıqdan çıxmadıqda onun vətəndaşlığına xitam verilə bilməz. c) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17 və 18-ci maddələrinə əsasən şəxs diğər dövlətin vətəndaşlığını könüllü olaraq eldə etdikdən sonra həmin şəxsin vətəndaşlığının itirilməsi barədə məhkəmə qərarı olduqda şəxsin vətəndaşlığı itirilmiş hesab edilir. Hazırda iddiaçının vəziyyətində isə Konstitusiyanın 53-cü maddəsinə əsasən onu heç kim vətəndaşlıqdan məhrum edə bilməz. Eyni zamanda vətəndaşlığının itirilməsi və ya xitam verilməsi barədə heç bır məhkəmə qərarı yoxdur. İddiaçı özü də vətəndaşlıqdan imtina etməmişdir. Deməli onun hələ də Azərbaycan Respublikası vətəndaşlığı qalmaqda davam edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır. Normanın məzmunundan da göründüyü ki, ikili vətəndaşlığın tanınmaması dedikdə qanunvericilik Azərbaycan Respublikası vətəndaşının əcnəbi vətəndaşlığını tanımır. Yənin onun Azərbaycan Respublikası vətəndaşlığını və mənsubiyyətini tanıyır, əvəzində əcnəbi vətəndaşlıq və mənsubiyyətini isə tanımır. Hazırkı halda isə Qanunun tələbindən də görsəndiyi kimi Azərbaycan Respublikası iddiaçının İran İslam Respublikası vətəndaşlığını və mənsubiyyətini tanımaya bilər. Amma onun Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmaması haqqında Qərar qanunazidd qəbul edildiyi üçün ləğv edilməlidir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı Qərarının 2.2.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa bu hal şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas hesab edilir. Həmin Qərann 4-cü bəndinə əsasən bu Qaydanın 4.1.4.1.-ci bəndinə əsasən doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Beləliklə, Qanunvericilik normalarına istinad edərək müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmuşdur, hazırda Azərbaycan Respublikasının vətəndaşıdır və onun vətəndaşlığı itirməsi barədə heç bir məhkəmə qərarı yoxdur. Eyni zamanda cavabdehin “Azərbaycan Respublikası Vətəndaşlığı Haqqında” Qanun qəbul edilənədək ölkə əhalisinin Azərbaycan SSRİ vətəndaşı olması barədə iddiasına gəldikdə isə qeyd etmək edilir ki, bu istər Konstitusiya Aktı, istər Konstitusiya ilə ziddiyət təşkil edir. Eyni zamanda cavabdeh bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmiş və sadəcə olaraq öz subyektiv fikrini məhkəməyə bildirmişdir. Son olaraq göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı hazırkı tələbi ilə bağlı əvvəlcə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyindən hazırkı iddianı irəli sürmüşdür. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia müddətini ötürməmişdir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 306594 saylı, xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, X2 (azərbaycanlı), anası X1r (azərbaycanlı). -Bakı şəhəri Şaumyan rayonu İcraiyyə Komitəsinin daxili işlər şöbəsinin ümumi bölməsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş, XXİİİ-ЖГ 629316 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1972-ci ildə, Bakı şəhərində doğulmuş İddiaçı Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı olmuşdur. -Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X13 xx.xx.1994-cü ildə nikaha daxil olmuşdur. -İran İslam Respublikasının vətəndaşının R71918258 nömrəli pasportunun surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (X6) İran İslam Respublikasının vətəndaşıdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının müraciəti üzrə qəbul edilmiş inzibati aktdan məlum olur ki, iddiaçının məqsədi və hüquqi marağı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərarı belə əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın: -1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. -1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. -4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Məhkəmə hesab edir ki, cavabdeh inziabti orqan iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçı cavabdeh DMX-nin araşdırmasına qədər İran İslam Respublikasının vətəndaşı olmuş (vətəndaşıdır) və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Habelə, iş materiallarında olan, cavabdeh AR Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş iddiaçıya dair sərhədkeçmə məlumatlarından görünür ki, o, İran İslam Respublikasının vətəndaşı kimi, müxtəlif tarixlərdə Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış etmişdir. Belə olan halda, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Çünki sadalanan qanunvericilik normalarının tələbi baxımından, iddiaçının İran İslam Respublikasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında analoji hüquqi mövqe ifadə edilmişdir. İşə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991-ci ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri, o cümlədən kassasiya instansiya məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddiaçıların Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsas olmuşdur. Həmçinin AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1147/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1235/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102) 2558/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında da eyni hüquqi mövqe sərgilənmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi onu “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul) göstərilən əsaslarla Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-11100/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11100/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver