Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1113/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3 “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 oğlunun, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri X10 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 №-li qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarına uyğun olaraq İddiaçı Mərdəkan massivində 55 №-li BTK nəzdində bağ sahəsi ayrılması qərara alınmışdır. Bağ sahəsinin ayrılması barədə Azərbaycan SSR Bakı Şəhər İcraiyyə Komitəsinin X5 və İstismarı Birliyi tərəfindən 4 oktyabr 1990-cı il tarixli 15 №-li order verilmişdir. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinin plan ölçüsünün tərtib edilməsi və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 5.04.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim olunmuş X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi, həmçinin X2 yerləşmə sxemi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər nömrəli torpaq sahəsinin bir hissəsinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı “2168a” saylı və göstərilən torpaq sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 5 aprel 2023-cü il tarixli 3-21-3-30-/2-10853/**********610853 nömrəli imtinasının əsassız sayılması, Bakı şəhəri, Mərdəkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 2168a saylı bağ sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. İddiaçı ərizə ilə birgə Bakı şəhər icraiyyə komitəsinin X5 və İstismarı Birliyi tərəfindən verilmiş 4 oktyabr 1990-cı il tarixli 15 nömrəli orderi və keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 6/290 nömrəli Qərarını cavabdehə təqdim etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Əlavə olaraq qeyd edilmişdir ki, “2168a” saylı və göstərilən torpaq sahəsinə dair digər şəxsin (X3) adına müqavilə mövcuddur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, üçüncü şəxsin iddiaçının bağ sahəsinə hər hansı bir iddiası yoxdur. Təmsil etdiyi şəxsin istifadəsində olan bağ sahəsi başqa yerdə yerləşir. İddiaçıya aid torpaq sahəsinə aidiyyəti yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 saylı qərarına əsasən əsasən iddiaçıya Mərdəkan bağ massivində 55 saylı BTK-nın nəzdində bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: Bənd 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhəri X10 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarını və adına olan X7 və İstismarı Birliyinin orderini təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim olunmuş X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi, həmçinin X2 yerləşmə sxemi İdarənin arxivində aşkar edilməmişdir; 2) göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər nömrəli (2168) torpaq sahəsinin bir hissəsinə uyğun gəlir; 3) “2168a” saylı və göstərilən torpaq sahəsinə dair digər şəxsin (X3) adına müqavilə mövcuddur; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi həm Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarını, həm də, Bağlar Təsərrüfatının orderini təqdim etmişdir. İddiaçı orderi təqdim etməsə belə, iddiaçının təqdim etdiyi və məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Bakı filialından məhkəməyə təqdim edilmiş Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il tarixli 6/290 №-li qərarı torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. Digər tərəfdən iddiaçı həmin orderin əslini məhkəməyə təqdim etmişdir. Orderin surətinin idarənin arxivində olmaması iddiaçının təqsiri deyil. X2 yerləşmə sxemi İdarənin arxivində aşkar edilməməsi də iddiaçının təqsirindən baş verən hal deyildir. Həmçinin qeyd edilən hal iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə verdiyi izahatında bildirmişdir ki, bağ sahəsi əvvəllər 2168 saylı bütov bir bağ sahəsi olmuş, sonradan iki hissəyə bölünmüş və onun istifadəsində olan bağ sahəsi 2168A-dır. Bu hal cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubla da təsdiqini tapır. Belə ki, həmin məktubda cavabdeh bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə qonşu özəl bağ nömrələri ardıcıllığıan əsasən 2168 saylı bağ və bölünənlərinin ərazisinin bir hissəsinə uyğun gəlir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, İdarənin arxiv qovluğunda eyni bağ sahəsinə dair X1 adına xx.xx.2007-ci il tarixli müqavilə mövcuddur. Həmin şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxsin vəkili məhkəmə iclasında iddiaçının istifadəsində olan bağ sahəsinə hər hansı bir iddiasının olmamasını, təmsil etdiyi şəxsin bağ sahəsinin yerinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə bu halı araşdırmaq məqsədi ilə üçünücü şəxsin bağ sahəsinə baxış keçirilməsi və müayinə aktının məhkəməyə təqdim edilməsi üçün cavabdehə məktub göndərmişdir. Cavabdeh 4.12.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsi ilə telefon əlaqəsi zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerini dəqiq tanımırlar. Hazırkı işin mübahisələndirilməyən halıdır ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada ailə üzvləri ilə birlikdə yaşayır. Üçüncü şəxs isə ümumiyyətlə bağ sahəsinin yerini bilmir və istifadəsində olmamışdır. Ona görə də, eyni bağ sahəsinə dair üçüncü şəxsin də adına müqavilənin olması, iddiaçının həmin bağ sahəsinə mülkiyyət hüququnun reallaşdırması üçün mane olmamalıdır. Məhkəmə qeyd edir ki, fərz edək ki, eyni situasiyada bağın yerini bilməyən şəxs iddiaçı kimi təkcə orderlə məhkəmədə iddia qaldıraraq bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürür. Belə olan halda iddia tələbinin təmin edilməsi üçün əsas olmayacaqdır. Çünki torpaq sahəsinin ayrılması təkcə hüquqmüəyyənedici sənədlərə malik olmaqla deyil, həmçinin torpaq sahəsinin yerinin müəyyən edilməsi və naturada ayrılması ilə həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 5 aprel 2023-cü il tarixli 3-21-3-30-/2-10853/**********610853 nömrəli imtinası əsassız hesab edilsin. Bakı şəhəri, Mərdəkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 2168a saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1113/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1113/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver