Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11175/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cu məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün əsas olmuş Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının qismən ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumi sahəsi 78 kv.m olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçı onun mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən texniki pasport verilmişdir. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 12 mart 2009-cu il tarixdə təsərrüfat obyekti - kafe olaraq qeydiyyatdan keçmişdir. O, mübahisə predmeti olan qeyri-yaşayış sahəsində uzun illərdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov küçəsi və Nəsimi küçəsi kəsişməsində yerləşən 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamı ilə Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı Sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2014-cü il tarixli, 154 nömrəli Sərəncamı qismən ləğv edilməlidir. Belə ki, onunla Bakı şəhəri Nizami Rayon Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən Nizami Rayon Bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 197 kv.m olan sahəni 49 il müddətinə cavabdehin istifadəsinə verməlidir. Torpaq sahəsinin Nizami Rayon Bələdiyyəsinə məxsus olub-olmaması yoxlanılmadan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarında dəfələrlə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin yenidən tikintisinin həyata keçirilməsi qeyd olunmuşdur. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi istismara yararlı vəziyyətdədir və cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və bu barədə tərəflərə sərəncam və bildiriş ünvanlanmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini (Məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddiaçıya hüquqi yardım göstərmiş və mübahisələndirilən sərəncamın təqdim (elan) edilmə tarixini göstərməklə buraxılmış prosessual müddətin bərpasına dair əsaslandırılmış ərizəni məhkəməyə təqdim etməyi təklif edərək ağlabatan müddət təyin etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünküyünü yoxlamaq zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-11175/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11175/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver