Məhkəmə qərarları › İş №e-2-1(112)-11176/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11176/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11176/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə onun 1975-1980-ci illərdə əyani təhsil aldığı dövr, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. İlkin olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Naxçıvan şəhər idarəsi tərəfindən xx.xx.2005-ci il tarixindən ona pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən isə sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla Aərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdadiə Fondu tərəfindən ona əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilərkən onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, 1975-1980-ci illərdə Politexnik Universitetində təhsil almışdlr. xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan kombinatında texnoloq vəzifəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Naxçıvan istehsalat və texniki şöbəsində mühəndis kimi işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək X2 işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Texniki Kollecinin Naxçıvan şöbəsində işləmişdir. xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra, xx.xx.2006-cı il tarixdən “Aztelekom” məhdud məsuliyyətli cəmiyyətində müəllim-təlimatçı vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin, cavabdeh onun 1975-1980-ci illərdə əyani təhsil aldığı dövr, xx.xx.1992ci il tarixindən xx.xx.2001-ci il tarixnədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək, həmin müddətlərin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. Lakin, 02 iyun 2023-cü il tarixdə cavabdeh onun ərizəsilə əlaqədar 3-17-1/2-F-124081/23 saylı məktubla inzibati aktın qəbulundan imtina etmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş X2 işlədiyi müddətdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək, 1993-cü ilin iyun və oktyabr aylarında, 1996-cı ilin senyabr ayında, 1 sentyabr 1997-ci il tarixindən 1 mart 1998-ci il tarixinədək, 1 may 1998-ci il tarixindən 1 yanvar 1999-cu il tarxinədək ona əmək haqqı hesablanmadığından, həmçinin 1999-2000-ci illərə dair sənədlərdə onun adına rast gəlinmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdeh təşkilatın ona ünvanlanmış məktubu qanunvericiliyin tələblərinə ziddir və onun sosial təminat hüquqularını pozur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində məlumatların olmaması həmin illərin sığorta stajına daxil edilməməsi üçün əsas deyildir. Belə ki, əmək kitabçasında orada qeyd edilən dövrlərdə işləməyi müəssisənin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14640.48 manat pensiya kapitalı əsasında ona xx.xx.2019-cu il tarixdən 227,11 manat məbləğdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomunun surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 24 il 11 ay 10 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasan 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajma görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbteği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqammn qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsəsən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 264,81 manata, xx.xx.2021-ci il tarixdən 295 manata, 01 01.2022-ci il tarixdən 305,03 manata çatdırılmışdır. Sözügedən Qanuna 01.01 2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım: 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 321,89 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 368,98 manata çatdırılmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2004-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş onun X2 işlədiyi müddətdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, 1993-cü ilin iyun və oktyabr aylarında, 1996-cı ilin sentyabr ayında, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək ona əmək haqqı hesablanmadığından, həmçinin 1999-2000-ci illərə dair sənədlərdə onun adına rast gəlinmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaşların pensiya təminatı haqqında'’ Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilirdi. İddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən xidmət illəri əsasında iddiaçının hüququ olmadığı halda ona yaşa görə əmək pensiyası teyin edilərək ödənilmişdir. Belə ki, təqdim etdiyi əmək kitabçasına əsasən xidmət illəri 16 il 4 ay olmaqla qanunvericilikdə tələb olunan sığorta stajından (20 ildən) az olduğu halda, əmək pensiyasının ilkin təyinatı zamanı 23 il 5 ay sığorta stajı nəzərə alınmışdır. Nəticədə ona yaşşa görə əmək pensiyası üzrə xx.xx.2005-ci il tarxdən xx.xx.2022-ci il tarixədək ödənilmiş məbləğ əsassız hesab edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları: İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 02 iyul 1980-ci il tarixdə verilmiş 2458 qeydiyyat nömrəli EB seriyalı 270710 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1980-ci ildə “Təbii və kimyəvi liflərin əyirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1980-ci il 20 iyun tarixli qərarı ilə ona Mühəndis texnoloq ixtisası verilmişdir. İddiaçıya məxsus 05 oktyabr 1981-ci il tarixdə doldurulmuş İT seriyalı ******* №li əmək kitabçasında olan məlumatlara əsasən İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan kombinatında texnoloq vəzifəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Naxçıvan istehsalat və texniki şöbəsində mühəndis kimi işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək X2 işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Texniki Kollecinin Naxçıvan şöbəsində işləmişdir. xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı il tarixdən “Aztelekom” məhdud məsuliyyətli cəmiyyətində müəllim-təlimatçı vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DSMF Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının 24 iyul 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid 954514 №li pensiya ödənişinə dair sənədlərin surətlərindən müəyyən olunur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: - “Əmək pensiyasının təyin edilməsi haqqında” **********87 №li xx.xx.2022-ci il tarixli qərarı ilə pensiya hüququnun yarandığı tarix xx.xx.2019-cu il kimi götürülməklə, həmin dövrdə əmək pensiyasının məbləği 508.14 manat olması nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən ona ömürlük 305,03 manat pensiya təyin olunmuşdur. Qərarın “Qeyd” hissəsində göstəriımişdir ki, vətəndaşın pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2005-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən xidmət illərinə əsasən pensiya təyin olunarkən 16 il 4 ay sığorta stajı olduğu təqdirdə olduğu təqdirdə 23 il 5 ay hesablama aparılmışdır (Tələb olunan 20 il iş stajı yoxdur). Nəticədə xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 30373,51 manat artıqödəmə müəyyən olunmuşdur. - “Əmək pensiyasının təyin edilməsi haqqında” **********8 №li xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2022-ci il tarixdən ona ömürlük 305,03 manat pensiya hesablanmışdır. - “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17- 1/1-F-125335/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əasən İddiaçı təyin olunmuş pensiya yenidən hesablaanaraq xx.xx.2023-cü il tarixdən müddətsiz 368,98 manat pensiya təyin olunmuşdur. İddiaçı hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-12408/2023 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilmişdir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14640,48 manat pensiya kapitalına əsasında ona xx.xx.2019-cu il tarixindən 227,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş əmək kitabçasının və diplomun surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 24 il 11 ay 10 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 264,81 manata, xx.xx.2021-ci il tarixindən 295 manata, xx.xx.2022-ci il tarixindən 305,03 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 321,69 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 368,98 manata çatdırılmışdır. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş X2 işlədiyi müddətdə xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, 1993-cü ilin iyun və oktyabr aylarında, 1996-cı ilin sentyabr ayında, xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək ona əmək haqqı hesablanmadığından, həmçinin 1999-2000-ci illərə dair sənədlərdə onun adına rast gəlinmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilirdi. Ona xx.xx.2005-ci il tarixində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixinədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən xidmət illəri əsasında hüququ olmadığı halda yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Belə ki, təqdim edilmiş əmək kitabçasına əsasən xidmət illəri 16 il 4 ay olmaqla qanunvericilikdə tələb olunan sığorta stajından (20 ildən) az olduğu halda, əmək pensiyasının ilkin təyinatı zamanı 23 il 5 ay sığorta stajı nəzərə alınmışdır. Nəticədə ona yaşa görə əmək pensiyası üzrə xx.xx.2005-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının hüququ olmadığı halda ona xx.xx.2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyi üçün Qanunun 39.1-ci maddəsinin ona şamil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin; 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir

Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş müəyyən edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı pensiya hüququ 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixində sonuncuya 25 il sığorta stajının olmaması əsas gətirilərək, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla əmək pensiyası təyin edilmişdir. İddiaçının iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İşin hallarına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilsə də, bu zaman iddiaçının 1975-ci ildən 1980-ci ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1975-ci ildən 1980-ci illərdə əyani təhsil aldığı müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə hazırkı iş üzrə digər mübahisəli məsələ cavabdeh orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunan zaman xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək iddiaçının X1 əmək fəaliyyətinin onun sosial sığorta stajı kimi nəzərə alınmamasıdır. İşin faktiki hallarının araşdırılması zamanı məhkəmənin müvafiq sorğusuna əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 02/574 saylı məktubu ilə iddiaçının xx.xx.1983-cü il tarixdə X3 müəllim təyin olunması barədə əmr və 1992-ci il, 1993-cü il, 1994-cü il, 1995-ci il, 1996-ci il, 1997-ci il və 1998-ci il üzrə əməkhaqqı cədvəlləri təqdim edilmişdir. Bununla yanaşı iddiaçı barəsində tərtib olunan arxiv arayışında qeyd olunmuşdur ki, 1999-cu il və 2000-ci il dövrləri üzrə X3 adi sənədlər arasında iddiaçının adına rast gəlinməmiş və 2001-2003-cü illərə dair X3 dair sənədləri isə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının yəni hesablanması zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək X2 işləməsi əmək kitabçasında qeyd edilsə də, həmin Texnikumun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir ki, arxiv sənədlərinin saxlanılması və ya onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq sənədlərin idarədə arxivində saxlanılması və ya arxivə təhvil verilməsi vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və bu da iddiaçının məsuliyyət sferasına adi edilə, onun mənafeyi ziddinə təfsir edilə bilməz. Bununla yanaşı, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövründə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənəyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materialları ilə əmək kitabçasının tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından hər-hansı ciddi şübhə mövcud olmamışdır. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasındakı qeydlər mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, bununla bağlı nəinki Ali Məhkəmənin hüquqi mövqeyi, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı) Məhkəmə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən əslinə baxış keçirilmiş və iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur. Hazırkı mübahisə üzrə istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Konkret mübahisəyə münasibətdə, məhkəmə qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş və mötəbərliyi şübhə doğurmayan əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilməsi təsdiq olunur. Yəni iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası sonuncunun 1975-1980-ci illərdə əyani təhsil aldığı, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövlər iş stajına daxil edilməklə yenidən hesablanmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 1975-1980-ci illərdə əyani təhsil aldığı, xx.xx.1992ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrlər ümumi iş stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar