Məhkəmə qərarları › İş №e-2-1(112)-11180/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11180/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11180/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, tərcüməçi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 33A, mənzil 13 üzərində hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 33A, mənzil 13 üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30 kv. metr olan 2 otaqlı mənzil xx.xx.1988-ci ildə anası X3 adına verilmişdir. xx.xx.2010cu ildə anası ölmüşdür. Mənzildə 1979-cu ildən qeydiyyatda olmaqla orada yaşadığından Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 83 №li Sərənəcamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 33A, mənzil 13-ə dair kirayə müqaviləsi onun adına dəyişdirilmiş və o, mənzilin kirayəçisi hesab edilmişdir. Bu sərəncam əsasında mənzilin balans saxlayanı Bakı şəhəri 147 saylı MKİS 3 saylı XTMKTB ilə xx.xx.2022-ci il tarixdə mənzil kirayə müqaviləsi bağlamışlar və mənzilin kirayəçisi hesab edilmişdir. Həmin sənədlər əsasında mənzil sahəsini özəlləşdirilməsi və hüqualarının qeydiyyatı üçün cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə sərəncam, order və ya mənzil kirayə müqaviləsinin təqdim edilməməsini səbəb göstərərək, hüquqlarının dövlət qeydiyyatına almaqdan imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair xx.xx.2022-ci il tarixli, **********44 saylı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “Yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu (keçmiş Lenin) rayon Ramana qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı anası kimi X10 qeyd olunmuşdur. İddiaçıya məxsus AZE seriyalı 14324898 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. “Leninneft” Neft və Qaz çıxarma İdarəsinin xx.xx.1988-ci il tarixli 883 №li məktubunun surətindən müəyyən olunur ki, əsas mənzil icarəçisi X4 mənzildən 1988-ci ilin avqust ayında çıxmışdır. Bununla əlaqədar olaraq 2 otaqlı, ümumi sahəsi 30 kv. metr olan mənzilin kirayə müqaviləsi həmin mənzildə (Razin qəs., Lenin küç., ev 33A, mənzil 13 ünvanında) yaşamaq hüququ ilə 1962-ci ildən yaşayan X5 adına dəyişdirilmişdir (xx.xx.1988-ci il, Protokol № 13) Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cı il tarixdə tərtib edilmiş AZ-İ № 422761 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X10 xx.xx.2010-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin 07-ci ayının 20-ci günündə qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismarı sahəsinin xx.xx.2021-ci il tarixli, 1341 №-li arayışından müəyyən olunur ki, X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 33A saylı evin, 13 saylı mənzilində xx.xx.1964-cü il tarixdən qeydiyyatda olub və ölümü ilə əlaqədar olaraq xx.xx.2010-cu il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismarı sahəsinin xx.xx.2021-ci il tarixli, 1340 №-li arayışından müəyyən olunur ki, İddiaçı 1979-cu ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, 33A saylı evin, 13 saylı mənzilində pasport qeydiyyatındadır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismarı sahəsinin xx.xx.2021-ci il tarixli, 1342 №-li arayışından müəyyən olunur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən X15 küçəsinin keçmiş adı Razin qəs., Lenin küçəsi olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, 83 №-li “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsində yerləşən 33A saylı evin, 13 saylı mənzilinin kirayə müqaviləsnin dəyişdirilməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsində yerləşən 33A saylı evin, yaşayış sahəsi 30,0 kv.metr olan 2 otaqlı 13 saylı mənzilinin kirayəçisi X10 ölümü ilə əlaqədar olaraq xx.xx.2010-cu il tarixdən qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda göstərilən mənzildə 1979-cu ildən qeydiyyatda olan kirayəçinin oğlu İddiaçı yaşayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsaslanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsində yerləşən 33A saylı evin, yaşayış sahəsi 30.0 kv. metr olan 2 otaqlı 13 saylı mənzilinin kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi və həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Qeyd edilən sərəncam əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismarı sahəsi arasında mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsində yerləşən 33A saylı evin, 13 saylı mənzilinə dair kirayə müqaviəsi bağlanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 378 №-li məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s saylı sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və həmin Birliyin 147 saylı Mənzil-Kommunal Mənzil İstismar Sahəsinin xidmət dairəsinə qəbul edilmişdir. Qeyd edilən 13 saylı mənzilə dair 147 saylı Mənzil-Kommunal İstismar Sahəsində saxlanılan arxiv sənədləri arasında aşkar edilmiş keçmiş “Leninneft” neft qaz çıxarma İdarəsinin xx.xx.1988-ci il tarixli 883 saylı məktubu ilə iddiaçının anası İddiaçıya verilmiş və mübahisəli mənzilə dair digər sənədlər (order, sərəncam, kirayə müqaviləsi) təhvil verilməmişdir. “Asan 4” tərəfindən xx.xx.2022-ci il tarixdə X6 (xx.xx.2022-ci il tarixdən qeydyyatda olan) adına verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* №-li “Yaşayış yeri haqqında” arayışdan müəyyən olunur ki, onunla birlikdə İddiaçı ünvan 4 ünvanında pasport qeydiyyatındadır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********53 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ili oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydiyyata alınması əsaslarından biri kimi çıxış edir. Lakin həmin maddənin tələbindən də aydın olur ki, qeyd olunan sərəncamın 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2021-ci il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak xx.xx.2021-ci il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzil keçmiş “Leninneft” neft qaz çıxarma İdarəsinin xx.xx.1988-ci il tarixli, 13 №li protokolla iddiaçının anası İddiaçıya verilmiş və iddiaçı da anası ilə həmin mənzildə birgə yaşayıb-təsərrüfat aparmışdır. Qeyd edilənlər bir daha onu sübut edir ki, iddiaçının mübahisəli mənzil üzrə gözlənilən mülkiyyət hüquqları 2009-cu il oktyabrın 1-dək yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, onun barəsində 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmalıdır. Qeyd olunan Məcəllənin: - 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s saylı sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçının yaşadığı mənzil də mənzil fonduna daxil edildiyindən, iddiaçının müraciəti təmin edilmiş, mənzilə dair kirayə müqaviləsinin bağlanılması və iddiaçının kirayəçi hesab olunması qərara alınmışdır. Göründüyü kimi balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçı və ailə üzvlərinin 2009-cu il oktyabr ayının 1dən əvvəl qeydiyyatda olmaqla (1979-cu ildən) yaşadığı mənzilə hüquqları tanınmış, şəxsin mənzilin kirayəçisi hesab olunması məqbul hesab edilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Qeyd olunan qanunvericiliklə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 33A ünvanında yerləşən 13 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanarkən, mübahisəli mənzildə yalnız onun qeydiyyatda olmaqla yaşadığı və kirayə müqaviləsində yalnız onun adının qeyd olunduğu halı nəzərə alınmaqla, məhkəmə tərəfindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi tələb olunmamışdır. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hüquqmüəyyənedici sənədin təqdim edilməməsi barədə faktiki şərt sübut edilə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-944/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Beləliklə, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının həmin yaşayış sahəsinə, onun həmin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olubolmadığının müəyyən edilməsindən ibarətdir.” Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqeyi ondan ibarət olmuşdur ki, şəxsin mənzilə köçdüyü 1990-cı ildə qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyindən, həmçini mənzil hüquq münasibətlərinin iştirakçısının olub-olmamasının müəyyən edilməsi iddianın həllində əhəmiyyətli rol oynayır. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mübahisə üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı 1979-cu il tarixdən yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə münasibətdə müəssisə tərəfindən onun adına müvafiq order verilmiş, bununla da o, mənzilə dair hüquq münasibətinin subyekti olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 13 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar