Məhkəmə qərarları › İş №e-2-1(112)-11181/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-11181/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-11181/2022 23.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı “sənədlərin dövlət arxivinə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 200 kvadrat metr torpaq sahəsinin alqı-satqı qaydasında satılması haqqında Bakı şəhəri Biləcəri bələdiyyəsinin 396a nömrəli, 06 aprel 2007-ci il tarixli qərarının və həmin qərara əlavə edilmiş sənədlərin Milli arxiv fonduna təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin 396a nömrəli, 06 aprel 2007-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı qaydasında 200 kvadrat metr torpaq sahəsi satılmışdır. O, cavabdehə müraciət edərək ona torpaq ayrılması haqqında 396a nömrəli, 06 aprel 2007-ci il tarixli qərarın və qərara əlavə edilmiş sənədlərin Dövlət arxivinin Bakı filalına təhvil verilməsini xahiş etmişdir. Cavabdeh faktiki olaraq hərəkətsizlik göstərərək həmin xahişi təmin etməkdən imtina etmişdir. Hərəkətsizliyin səbəbi kimi “maliyyə vəziyyəti yol verdiyi təqdirdə qanunvericiliyə uyğun olaraq sənədlərin Milli Arxiv Fonduna tam təhvil verilməsinin həyat keçiriləcəyi” qeyd edilmişdir. Bələdiyyə tərəfindən açıq şəkildə qanunvericiliyin tələbləri pozulmuş, heç bir hüquqi əsası olmayan hərəkətsizik göstərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdən görünür ki, Bakı şəhəri Binəqədi Rayonu Biləcəri bələdiyyəsinin 396a nömrəli, 06 aprel 2007-ci il tarixli qərarı ilə Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 200,0 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanında qeydiyyatda olan X1 ayrılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ona torpaq ayrılması haqqında Biləcəri bələdiyyəsinin 396a nömrəli, 06 aprel 2007-ci il tarixli qərarının və qərara əlavə edilmiş sənədlərin Dövlət arxivinin Bakı filalına təhvil verilməsini xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Biləcəri bələdiyyəsinin fəaliyyətini əks etdirən sənədlər Milli Arxiv fonduna tam təhvil verilmədiyindən Biləcəri bələdiyyəsinin arxivində saxlanılır. Bələdiyyənin maliyyə vəziyyəti yol verdiyi təqdirdə qanunvericiliyə uyğun olaraq sənədlərin Milli arxiv fonduna tam təhvil verilməsi həyata keçiriləcəkdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Dolayısı ilə inzibati orqanın inzibati aktından, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən şikayət hüququ maddi hüquq normasında təsbit olunur, özünün sonrakı inkişafını isə inzibati icraatda tapır. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il; yerli özünüidarəetmə orqanlarının sənədləri üçün - 5 il; elmi-texniki sənədlər üçün - 15 ildən artıq olmamaq şərtilə, praktiki əhəmiyyətini saxladığı müddətə; kino, foto, fono sənədlər və videoyazılar üçün - 3 il; vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət, məhkəmə işləri üçün - 75 il; 2006-cı il yanvarın 1-dək kargüzarlıqda icrası başa çatmış işçi heyət üzrə sənədlər üçün - 75 il; 2006-cı il yanvarın 1-dən sonra kargüzarlıqda yaranan dövlət orqanlarının, iri dövlət şirkətlərinin rəhbərlərinin, dövlət, elm və mədəniyyət xadimlərinin, dövlət təltifləri və elmi dərəcələrə malik şəxslərin işçi heyət üzrə sənədləri üçün - 75 il; digər işçi heyət üzrə sənədlər üçün - 35 il. Göstərilən müddətlər sənədlərin yarandığı vaxtdan hesablanır və həmin müddətlər başa çatdıqdan sonra arxiv fondu sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun daimi dövlət mühafizəsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”a əsasən: - 7.1. İdarə arxivi müvafiq idarənin struktur bölmələrinin və onun komplektləşdirmə mənbəyi siyahısına daxil edilmiş təşkilatların kargüzarlığında icrası başa çatmış sənədlərin sistematik olaraq arxivə qəbul edilməsi ilə komplektləşdirilir. - 7.2. Milli arxiv fondunun tərkibinə daxil edilən sənədlər, o cümlədən uzun müddət saxlanılan (10 ildən artıq) və şəxsi heyətə aid sənədlər idarənin kargüzarlığında icrası başa çatdıqdan sonra bir ildən tez və üç ildən gec olmayaraq idarə arxivinə təhvil verilir. - 7.3. Müvəqqəti saxlanma müddətli (10 ildən az) sənədlər idarə arxivinə təhvil verilmir, müəyyən olunmuş saxlanma müddətləri başa çatanadək struktur bölmələrdə saxlanılır. Struktur bölmələrdə bu növ sənədlərin saxlanması üçün yer məhdud olduqda istisna hal kimi, idarə rəhbərinin qərarı ilə işlərin siyahıları və ya işlərin nomenklatur siyahısı əsasında idarə arxivinə təhvil verilir. - 7.5. Sənədlərin Milli arxiv fondunun tərkibinə daxil edilməsi barədə qərarı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və yaxud müəyyən olunmuş səlahiyyətlər daxilində dövlət arxiv xidməti təşkilatlarında yaradılan EYK-a verir. - 7.6. Sənədlər dəyərinin ekspertizası keçirildikdən sonra idarənin arxivinə qəbul edilir. Yazılma formasından, daşıyıcının növündən asılı olmayaraq idarənin fəaliyyətində yaranan bütün növ sənədlərin kompleks halda dəyərinin ekspertizası keçirilir. - 7.7. Sənədlərin dəyərinin ekspertizası onların müəyyən olunmuş prinsip və meyarlar əsasında elmi-tarixi, hüquqi və əməli əhəmiyyəti öyrənilməklə saxlanma müddətlərinin müəyyən edilməsi və Milli arxiv fondunun tərkibinə daxil edilməsi, yaxud bu tərkibdən çıxardılması məqsədilə həyata keçirilir. 8.2. Sənədlərin dəyərinin ekspertizasını keçirmək üçün idarədə daimi fəaliyyət göstərən Ekspert Komissiyası (bundan sonra- EK), tərkibində geniş idarələr şəbəkəsi olan dövlət orqanlarında, baş idarələrdə, səhmdar cəmiyyətlərdə, şirkət və birliklərdə isə Mərkəzi Ekspert Komissiyası (bundan sonra-MEK) yaradılır. - 13.1. Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlərdə idarələrdə yaradılan arxivlərdə müvəqqəti saxlanıldıqdan sonra daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilir. Sənədlər dövlət arxivlərinə elmi-texniki cəhətdən qaydaya salınmış şəkildə və elmi-məlumat aparatı ilə birlikdə qəbul olunur. - 13.2. Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olmayan qeyri dövlət təşkilatlarının sənədlərinin dövlət arxivlərinə təhvil verilməsi həmin sənədlərin sahibi ilə dövlət arxiv təşkilatı arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. - 13.3. İdarə arxivlərində sənədlərin müvəqqəti saxlanma müddətləri aşağıdakı kimi müəyyən olunur: 13.3.1. respublika dövlət hakimiyyəti orqanlarının sənədləri üçün -15 il; 13.3.2. rayon və şəhər hakimiyyəti orqanlarının sənədləri üçün -5 il; 13.3.3. yerli özünüidarəetmə orqanlarının sənədləri üçün –5 il; 13.3.4. elmi-texniki sənədlər üçün—15 il (bu müddət sənədin praktik əhəmiyyət saxladığı müddətə artırıla bilər); 13.3.4. vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət və məhkəmə işləri, şəxsi heyət barədə sənədlər üçün–75 il; 13.3.5. kino, foto, fono, videoyazılar üçün –3 il; - 13.4. Göstərilən müddətlər zəruri hallarda Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin razılığı ilə dəyişdirilə bilər. Sənədlərin vaxtından əvvəl daimi dövlət mühafizəsinə verilməsi onların itirilməsi təhlükəsi olduqda və yaxud idarənin müraciəti ilə müqavilə əsasında həyata keçirilir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçının cavabdehdən qəbul etdiyi qərarların dövlət arxivinə təhvil verilməsini tələb etmək hüququ hər hansı maddi hüquq normasında ifadə olunmadığından publik hüquq kimi qiymətləndirilə bilməz. Arxiv işinin təşkili cavabdeh inzibati orqanın daxili fəaliyyəti ilə bağlı olmaqla xaricə (kənara) münasibətdə hər hansı bir hüquq və ya vəzifə, yəni nəticələr yaratmamaqla “nizamasalma (həll etmə)” ünsüründən məhrumdur. Halbuki inzibati akt inzibati orqanın publik hüquq sahəsində konkret halın tənzimlənməsi üçün qəbul etdiyi, xaricə (üçüncü şəxslərə) münasibətdə qüvvəsi olan hakimiyyət tədbiridir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın daxili təşkilatı tədbiri olan məsələ ilə bağlı qaldırılmış iddia da mümkün sayıla bilməz. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra hakimiyyəti orqanının daxili təşkilati məsələləri məhkəmənin nəzarət səlahiyyətinə aid olmamaqla yanaşı, hakimiyyətlər bölgüsünün məğzini təşkil edən hakimiyyət qollarının bir-birilərinin səlahiyyətlərinə müdaxilə etməmək, çəkindirmə və tarazlaşdırma prinsiplərinə də ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar